Auditorlar Palatasında 2025-ci ilin 03 sentyabr tarixində “Haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflərin işlənib hazırlanması” mövzusunda “Dəyirmi masa” təşkil edilib.
Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəisi R.Cəfərli “Dəyirmi masa”nın gündəliyinə çıxarılan məsələnin əhəmiyyətindən bəhs edərək məcburi etik təlimlərdə iştirak və təkrar attestasiya, fəaliyyət dairəsinin məhdudlaşdırılması, müəyyən müddətə yeni müqavilə bağlama qadağası, ictimai audit iclaslarında izahat vermə öhdəliyi, peşəkar kurator təyin olunması və əlavə sənədləşmə tələbi ilə fəaliyyətlə bağlı yeni intizam və tənbeh tədbirləri haqqında məlumat verdi.
Daha sonra R.Cəfərli sözü çıxış etmək üçün Palata sədrinin müşaviri N.Talıbova verdi. N.Talıbov çıxış edərək məcburi etik təlimlərdə iştirak və təkrar attestasiya tələbi əlaqədar bildirdi ki, pozuntuya yol verən auditor Palatanın təsdiqlədiyi 20 saatlıq etik davranış təlimlərini keçmədən fəaliyyətə davam edə bilməz. Auditor peşə fəaliyyətini davam etdirmək üçün etika və audit sahəsində əlavə test imtahanından keçməlidir. Pozuntuya yol verən auditor üçün etik davranış təlimlərinin müddəti, pozuntunun xarakterindən asılı olaraq fərdi müəyyən edilə bilər (Məs: 6, 10, 15 saat və s.). Həmin təlimlərin ödənişli olması məqsədə müvafiqdir.
Fəaliyyət dairəsinin məhdudlaşdırılması ilə əlaqədar olaraq auditor müəyyən sahələrdə (məsələn, dövlət təşkilatları və ya iri müəssisələr) fəaliyyət göstərmək hüququndan 1 il müddətinə məhrum edilir.
Müəyyən müddətə yeni müqavilə bağlama qadağası ilə əlaqədar olaraq pozuntuya yol verən auditor 3 ay müddətində yeni müştəri ilə audit müqaviləsi bağlaya bilməz. Bu iki bənddə müəyyən qədər təkrarlama var. Etik davranış pozuntusuna görə auditorun dövlət təşkilatlarında və ya iri sahibkarlıq subyektlərində audit aparmasına qadağa qoyulması məntiqli görünmür. Eyni zamanda, 3-cü bənddə "yeni müştəri ilə audit müqaviləsinin bağlanmasına qadağa" tədbiri, mahiyyətcə hazırda tətbiq olunan müəyyən müddətə fəaliyyətin dayandırılması praktikası ilə eyniyyət təşkil edir. Ona görə də 2-ci və 3-cü bəndlərin birləşdirilməsini və “Etik davranış pozuntusuna görə Palata Şurasının qərarına əsasən müəyyən müddətə auditor fəaliyyətinin dayandırılması” formasında redaktə olunmalıdır.
İctimai audit iclaslarında izahat vermə öhdəliyi ilə əlaqədar olaraq Auditorlar Palatasının təşkil etdiyi tədbirlərdə pozuntu ilə bağlı izahat verməyə məcbur edilir. Bu öhdəlikdir. Öhdəlik isə tənbeh tədbiri sayılmır.
Peşəkar kurator təyin olunması ilə əlaqədar olaraq pozuntuya yol verən auditorun fəaliyyətinə 6 ay müddətinə Palata tərəfindən təyin edilmiş kurator nəzarət edir. Bu praktika artıq Palatada yeni fəaliyyətə başlayan auditorlara münasibətdə tətbiq olunur. Tənbeh tədbiri olmasa da, tətbiqi məqsədəmüvafiqdir.
Əlavə sənədləşmə tələbi ilə fəaliyyətlə əlaqədar olaraq pozuntuya yol verən auditor audit tapşırıqları üzrə iş sənədlərini və müqavilələri Palataya təqdim etməklə fəaliyyət göstərə bilər. Əlavə sənədləşmə tələbi peşəkarlıq baxımından diqqətəlayiqdir. Etik davranış pozuntusuna görə bu tələbin qoyulması məntiqsizdir.
Daha sonra haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflərlə bağlı olaraq Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Zaur Almazov, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Sərbəst auditorlar Nazim Axundov və İlham Süleyman “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər veriblər.
“Dəyirmi masa”da 14 nəfər “Dəyirmi masa”nın üzvləri və 3 nəfər Palatanın struktur bölmələrinin əməkdaşları iştirak edib.
“Dəyirmi masa”nın nəticəsi 2025-ci il 04 sentyabr tarixli 05 nömrəli iclasın protokolu ilə rəsmiləşdirilmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası