Müasir iqtisadi sistemlərin səmərəli fəaliyyəti üçün şəffaflıq, hesabatlılıq və ədalətli oyun qaydalarının təmin olunması əsas şərtlərdən biridir. Bu baxımdan, audit sistemi yalnız maliyyə yoxlamalarının aparılması vasitəsi deyil, eyni zamanda iqtisadi münasibətlərdə rəqabətin formalaşmasına və qorunmasına əhəmiyyətli təsir edir.
Rəqabət, iqtisadiyyatın dinamik və dayanıqlı inkişafında əsas amillərdən biridir. Audit isə bu rəqabətin sağlam şəkildə inkişaf etməsi üçün zəmin yaradan vasitələrdən biridir. Xüsusilə müstəqil audit şirkətləri müəssisələrin maliyyə hesabatlarını dəqiqlik və dürüstlük prinsipləri əsasında qiymətləndirərək onların fəaliyyətini obyektiv şəkildə əks etdirir. Beləliklə, bazar iştirakçıları arasında ədalətli müqayisə və qiymətləndirmə imkanı yaranır. Şirkətlər auditor təsdiqli hesabatlarla həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı imic formalaşdırır, bu da onların investisiya cəlbediciliyini artırır.
Rəqabət yalnız xidmətlərin keyfiyyəti və qiyməti ilə ölçülmür. Rəqabətin bir digər mühüm tərəfi də şəffaf və hesabatlı idarəetmə prinsiplərinə əsaslanan fəaliyyət modelidir. Bu baxımdan audit, müəssisələrin səmərəli fəaliyyətinə və strateji qərarların qəbuluna dəstək olmaqla, onların bazar mübarizəsində üstün mövqe qazanmasına kömək edir.
Audit sistemində rəqabət dedikdə, auditor təşkilatları və sərbəst auditorlar arasında müştəri cəlb etmək, xidmətin səviyyəsini yüksəltmək və etibar qazanmaq uğrunda aparılan qanuni və etik mübarizə başa düşülür. Rəqabət bu sahədə aşağıdakı üstünlükləri yaradır:
Sağlam rəqabət etik prinsiplərə və hüquqi çərçivələrə uyğun şəkildə aparıldıqda, audit sektorunda güclü peşəkar mühit formalaşır. Bu zaman auditorlar daha məsuliyyətli davranır, müstəqillik prinsiplərinə sadiq qalır və hesabatların obyektivliyini qoruyur.
Lakin təəssüf ki, bəzi hallarda audit sistemində haqsız rəqabət və dempinq kimi mənfi təzahürlər müşahidə olunmaqdadır. Belə hallar:
- Audit xidmətinin keyfiyyətini zəiflədir;
- Auditorların müstəqilliyini təhlükəyə atır;
- Bazarın etibarlılığını azaldır;
- Auditor peşəsinin nüfuzunu sarsıdır.
Haqsız rəqabət, audit bazarında iştirak edən subyektlərin etik və hüquqi normaları pozaraq üstünlük qazanmağa çalışması ilə xarakterizə olunur. Bu cür davranış audit peşəsinin əsas prinsipləri olan dürüstlük, obyektivlik və məsuliyyətliliklə ziddiyyət təşkil edir.
Audit sahəsində haqsız rəqabətin bəzi nümunələri aşağıdakılardır:
Qiymət dempinqi: Audit xidmətlərinin bazar dəyərindən kəskin aşağı qiymətə təklif edilməsi.
Yalançı reklam: Öz xidmətlərinin real olmayan formada təqdim edilməsi və digər şirkətlərin nüfuzuna xələl gətirilməsi.
Məlumatların qeyri-qanuni istifadəsi: Rəqib şirkətlərin müştəri bazası və ya kommersiya sirrlərinin qeyri-qanuni yollarla əldə olunaraq istifadə edilməsi.
Peşə etikası pozuntuları: İcazəsiz fəaliyyət, sertifikatsız əməkdaşların işə cəlb olunması, müstəqillik prinsipinə zidd davranışlar.
Audit sahəsində haqsız rəqabət təkcə auditorların fəaliyyətinə deyil, daha geniş mənada iqtisadi sabitliyə də təhlükə yaradır:
Etimadın azalması - Audit hesabatlarına olan inam zəifləyir, maliyyə nəticələrinin obyektivliyinə şübhə yaranır.
Keyfiyyətin aşağı düşməsi - Qiymət əsasında rəqabət keyfiyyətin arxa plana keçməsinə səbəb olur.
Peşə nüfuzunun zədələnməsi - Audit peşəsinə ümumi ictimai baxış mənfi istiqamətə yönəlir.
İctimai və hüquqi nəticələr - Audit hesabatlarına əsaslanaraq qərar verən investorlar və dövlət orqanları yanlış istiqamətə yönəlir, nəticədə iqtisadi itkilər baş verir.
Rəqabətli və sağlam audit mühiti üçün normativ tənzimləmə zəruridir. Auditorlar Palatası bu istiqamətdə:
- Minimum xidmət tariflərini müəyyən edir;
- Etik qaydalara nəzarət edir;
- Haqsız rəqabətlə bağlı şikayətləri qəbul edir və araşdırır;
- Təlim və maarifləndirmə tədbirləri təşkil edir.
Rəqabət yalnız qiymət deyil, xidmətin keyfiyyəti, peşə etikası və müştəri məmnuniyyəti əsasında formalaşmalıdır. Auditorların öz reputasiyasına və peşəkarlığına dəyər verməsi, uzunmüddətli etimada əsaslanan münasibətlərin qurulmasına töhfə verir.
Nəhayət, sağlam rəqabət təkcə iqtisadiyyatın effektivliyinə deyil, həm də dövlətin fiskal siyasətinin icrası, korrupsiya ilə mübarizə və vətəndaş cəmiyyətinin inkişafı baxımından vacib rol oynayır. Buna görə də audit sistemində rəqabətin tənzimlənməsi, onun ədalətli və şəffaf mexanizmlərlə dəstəklənməsi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təminatçısı ola bilər. Nəticə etibarilə, hər bir peşəkar auditor bu məsuliyyətin fərqində olaraq, həm peşəsinə, həm də ölkəsinə xidmət etdiyinin fərqində olmalıdır.
Azərbaycan Respublikası Auditorlar Palatasının
Haqsız rəqabətə qarşı mübarizə idarəsinin
rəisi Rövşən Cəfərli