Bu günlərdə İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin akademiki, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Asiya Elmlər Akademiyasının TK İdarə Heyətinin üzvü (ÇXR), Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin fəxri üzvü, Şöhrət ordenli Vahid Tapdıq oğlu Novruzovun biblioqrafiyası nəşr olunmuşdur.
Biblioqrafiya Vahid Novruzovun anadan olmasının 75 illik yubileyi münasibətilə tərtib edilmişdir. Milli və mənəvi dəyərlərimizi hər zaman uca tutan görkəmli ziyalı, tanınmış alim, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərən Vahid Novruzov 180-dən artıq elmi əsərin və 5 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə ölkəmizdə audit sisteminin təşəkkülünə, inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanmışdır. 60-dan çox ölkənin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi Vahid müəllimin bu istiqamətdə ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir. Oxuculara təqdim edilən bu biblioqrafiyada materiallar 1975-ci ildən 2025-ci ilədək olan dövrü əhatə edir. Burada “Vahid Novruzovun həyat və fəaliyyətinin əsas tarixləri”, “Vahid Novruzovun Biblioqrafiya 11 audit haqqında fikirlərindən”, “Vahid Novruzovun müsahibələrindən sətirlər”, “Görkəmli şəxsiyyətlər və mədəniyyət xadimləri Vahid Novruzov haqqında” bölmələri və Vahid Novruzovun kitabları, məcmuələrdə, dövri mətbuatda çap olunmuş elmi və publisistik məqalələri, müsahibələri, həyat və yaradıcılığı haqqında materiallar toplanmışdır. Azərbaycan və rus dillərində tərtib edilmiş biblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilmiş, daxildə isə əlifba sırası üzrə qruplaşdırılmışdır. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Vahid Novruzovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilmişdir.
Biblioqrafiya iqtisadçı alimlər, auditorlar, tədqiqatçılar, kitabxanaçı biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nəşrin ön sözünün müəllifi akademik Ziyad Səmədzadə, redaktorlar filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, tərtibçiləri isə Səbuhi Gülməmmədov və Afiqə Bayramovadır.
Nəşr “APASTROF-A” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın ərsəyə gəlməsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliyinin və Elmi redaktə və nəşriyyat işləri şöbəsinin əməkdaşlarının göstərdiyi dəstək mühüm rol oynamışdır.
|
|
|