Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Azərbaycan auditorları adından ABŞ-na səfəriniz çərçivəsində əldə olunan tarixi nailiyyətlərə və ölkəmizi zəfərdən zəfərə, uğurdan uğura aparan siyasətin memarı olan Zati-alilərinizi bu möhtəşəm qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zati-alilərinizin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, bütün sahələrdə əldə olunan böyük uğurlarla öz nüfuzunu artırır.
ABŞ-ın dövlət başçısı Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfəriniz, Vaşinqtonda keçirdiyiniz görüşlər, o cümlədən imzalanan sənədlər, əldə olunan bütün nəticələr həyata keçirdiyiniz siyasətin növbəti təntənəsi, Azərbaycanın böyük siyasi-diplomatik uğuru və qələbəsidir.
Azərbaycan-Ermənistan sülh gündəliyindən irəli gələrək, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk qrupunun hüquqi ləğvi barədə ATƏT-ə birgə müraciətin ABŞ-ın Prezidenti Donald Trampın şahidliyi ilə Ağ Evdə imzalanması çöx böyük tarixi hadisədir.
Zati-alilərinizin diplomatik xarici siyasəti nəticəsində Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra Azərbaycanla bu dövlət arasında münasibətlərin sağlamlaşdırılması üçün də yeni imkanlar açılmış və Sizin ABŞ-na məhz Donald Trampın dəvəti ilə səfər etməyiniz göstərir ki, Ağ Ev Azərbaycanla əlaqələrdə dönüşün yaranmasında maraqlıdır. Bu baxımdan Vaşinqtonda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla yanaşı, iki dövlətin münasibətlərinin strateji tərəfdaşlığa doğru irəliləməsindən xəbər verir.
Zati-alilərinizin səfəri zamanı Donald Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na bədnam 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması da Ağ Evin Azərbaycanla əlaqələrə verdiyi dəyərin ifadəsidir. Bu gün Azərbaycan-ABŞ münasibətlərində yaranan canlanma isə 907-ci düzəliş kimi qərarları istisna edir. ABŞ-ın dövlət başçısı Donald Tramp tərəfindən düzəlişin icrasını dayandıran sənədin imzalanması həm də Azərbaycan xarici siyasətinin nailiyyətidir.
Vaşinqtonda əldə olunan əsas razılaşmalardan biri də Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin edilməsi ilə bağlıdır. Vətən müharibəsindən sonra Zati-alilərinizin dəfələrlə bəyan etdiyi “Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir” tələbi də Ermənistan tərəfindən qəbul edildi və bu da Sizin diplomatiyanızın mühüm nailiyyətidir.
Zati-aliləri,
Sizi bir daha təbrik edir, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə məsul fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.
Dərin hörmət və ehtiramla,
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
11.08.2025-ci il