Auditorlar Palatasında 2025-ci ilin 16 iyul tarixində “Auditdə dələduzluq hallarının aşkarlanması və qarşısının alınması” mövzusunda “Dəyirmi masa” təşkil edilib.
Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Dəyirmi masa”nın gündəliyinə çıxarılan məsələnin əhəmiyyətindən bəhs edərək bildirib ki, auditor xidmətinin sifarişçilərinə yüksək səviyyədə auditor xidmətləri göstərmək üçün auditorlar Azərbaycan Respublikasının qanunvericilik aktlarının, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Maliyyə Hesabatlarının, Beynəlxalq Standartlarının və Auditorlar Palatasının normativ sənədlərinin tələblərinə düzgün riayət etməlidirlər. Auditdə dələduzluq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə auditorlar 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” Beynəlxalq Audit Standartının tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirməlidir. Bu beynəlxalq audit standartı (BAS) maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan dələduzluq faktları ilə bağlı auditorun məsuliyyətindən bəhs edir. “Maliyyə hesabatlarındakı təhriflər ya dələduzluq, ya da səhv üzündən baş verə bilər. Dələduzluq və səhvi bir-birindən ayıran amil maliyyə hesabatlarında təhrifin baş verməsi ilə nəticələnən əsas hərəkətə qəsdən və ya bilməyərəkdən yol verilməsidir. Dələduzluq geniş hüquqi konsepsiya olmasına baxmayaraq, BAS-ların məqsədlərindən irəli gələrək, auditor maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə səbəb olan dələduzluqla bağlı narahatlığını bildirir. Qəsdən təhriflərin iki növü auditora aiddir — yanlış maliyyə hesabatından irəli gələn təhriflər və aktivlərin qeyri-qanuni mənimsənilməsi üzündən baş verən təhriflər. Dələduzluğun qarşısının alınması və aşkar edilməsinə görə birbaşa məsuliyyət həm müəssisənin idarəetməyə məsul şəxslərinin, həm də rəhbərliyin üzərinə düşür. BAS-lara uyğun audit aparan auditor tam kimi götürülmüş maliyyə hesabatlarının istər dələduzluq, istərsə də səhv nəticəsində baş vermiş əhəmiyyətli təhriflərdən azad olması barədə ağlabatan əminlik əldə etməyə görə məsuliyyət daşıyır. BAS-lara uyğun audit aparan auditor tam kimi götürülmüş maliyyə hesabatlarının istər dələduzluq, istərsə də səhv nəticəsində baş vermiş əhəmiyyətli təhriflərdən azad 2 olması barədə Ağlabatan əminlik əldə edərkən, auditor rəhbərliyin nəzarət vasitələrinə məhəl qoymamaq potensialını nəzərə alaraq və səhvi aşkar etmək üçün sınanmış audit prosedurlarının dələduzluğu aşkar etmək üçün etibarlı olmaya bilməsi faktını qəbul edərək, audit boyu peşəkar inamsızlıq nümayiş etdirməlidir. Auditorun məqsədləri aşağıdakılardır: (a) Dələduzluq nəticəsində maliyyə hesabatlarında yol verilmiş əhəmiyyətli təhriflər riskini aşkar etmək və qiymətləndirmək; (b) Dələduzluq nəticəsində yol verilmiş qiymətləndirilmə əhəmiyyətli təhriflər riski ilə bağlı yetərli münasib audit sübutu əldə etmək üçün uyğun cavab tədbirləri hazırlamaq və həyata keçirmək, habelə; (c) Audit zamanı müəyyən olunmuş və ya ehtimal olunan dələduzluğa qarşı lazımi şəkildə cavab vermək. Q.Bayramov çıxış etmək üçün sözü Palata sədrinin müşaviri Nəcəf Talıbova verdi. N.Talıbov çıxış edərək bildirib ki, 240 saylı Beynəlxalq Audit Standartı auditorun maliyyə hesabatlarının auditində dələduzluq hallarının mövcud ola biləcəyini qəbul etməsi və buna uyğun hərəkət etməsi öhdəliyini müəyyən edir. Standartın əsas məqsədi auditorun dələduzluq nəticəsində səhv təqdimat risklərini nəzərə alaraq auditin planlaşdırılması və icrası, dələduzluq risklərinin qiymətləndirilməsi, müvafiq audit prosedurlarının tətbiqi və auditorun etik və peşəkar şübhəçilik prinsipinə əsaslanaraq obyektiv və diqqətli davranmasıdır. Standart Dələduzluğu iki əsas kateqoriyaya ayırır:
1. Aktivlərin mənimsənilməsi (misappropriation of assets) – Məsələn: işçilər tərəfindən pul və ya əmlakın oğurlanması. 2. Maliyyə hesabatlarının saxtalaşdırılması (fraudulent financial reporting) – Məsələn gəlirlərin şişirdilməsi, xərclərin gizlədilməsi. Auditor riskləri qiymətləndirərkən aşağıdakı addımları həyata keçirir: 1. Rəhbərliklə sorğu – Dələduzluq riskləri barədə rəhbərlikdən və daxili audit bölməsindən sorğu alınır.
2. Analitik prosedurlar – Maliyyə göstəricilərində anormallıqlar axtarılır.
3. Daxili nəzarət sistemlərinin dəyərləndirilməsi – Dələduzluqların qarşısını almaq üçün mövcud nəzarətlərin effektivliyi qiymətləndirilir. Dələduzluq riskləri müəyyən edildikdə, auditor aşağıdakı tədbirləri görməlidir: Əlavə sübutlar toplamaq üçün genişləndirilmiş testlər aparmaq; Jurnal yazılarına xüsusi diqqət yetirmək (çünki saxtalaşdırmalar tez-tez burada aparılır); 3 Gəlir tanınması prosesini yoxlamaq, çünki gəlirin şişirdilməsi ən çox rast gəlinən dələduzluq növüdür; Müəyyən şübhəli müqavilələri və qeyri-adi əməliyyatları təhlil etmək. Daha sonra Auditdə dələduzluq hallarının aşkarlanması və qarşısının alınması üzrə “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Sərbəst auditor Nazim Axundov və “ABAK-Az Crovve LTD”-nin direktor-auditoru Zamin Hüseynov “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər veriblər. “Dəyirmi masa”da 14 nəfər “Dəyirmi masa”nın üzvləri və 6 nəfər Palatanın struktur bölmələrinin əməkdaşları iştirak edib.
“Dəyirmi masa”nın nəticəsi 2025-ci il 16 iyul tarixli 04 nömrəli iclasın protokolu ilə rəsmiləşdirilmişdir. PROTOKOL