Barat Orucov, Maral Osmanova: Auditin innovativ yanaşmaları və keyfiyyətin idarə edilməsində yeni trendlər - İQTİSADİYYAT QƏZETİ

Müasir dövrün iqtisadi və texnoloji dinamikası audit sahəsində fundamental dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Qloballaşmanın sürətlənməsi, rəqəmsallaşma meyllərinin intensivləşməsi və informasiya texnologiyalarının biznes proseslərinə dərin inteqrasiyası nəticəsində auditin həm nəzəri əsasları, həm də praktiki icra mexanizmləri yenidən baxılmağa başlanmışdır. Ənənəvi audit modelləri və prosedurlarının yeni reallıqlara tam cavab verə bilməməsi, audit sahəsində transformasiyanı zəruri etmişdir. Belə transformasiya prosesində innovativ yanaşmalar və texnoloji yeniliklər yalnız əlavə vasitə kimi deyil, həm də auditin gələcəyini formalaşdıran strateji amillər kimi çıxış edir.

Auditor fəaliyyətinin mahiyyəti iqtisadi subyektlərin maliyyə hesabatlarının dürüstlüyünü və şəffaflığını yoxlamaq, bununla da ictimai və investor maraqlarını qorumaqdan ibarətdir. Müasir mərhələdə bu funksiyalar daha kompleks və çoxşaxəli xarakter almışdır. Artıq auditoru yanlız maliyyə sənədlərini yoxlayan və maliyyə hesabatlarının dürüstlüyünü təsdiq edən passiv iştirakçı kimi deyil, həm də riskləri əvvəlcədən müəyyənləşdirən və qabaqlayıcı tədbirlər təklif edən strateji tərəfdaş kimi təsəvvür etmək mümkündür. Bu isə auditorun yalnız mühasibatlıq və vergi bilikləri ilə kifayətlənməyib, analitik düşüncə tərzinə, çevik qərarvermə qabiliyyətinə və müasir texnoloji trendlərlə ayaqlaşmaq bacarığına malik olmasını tələb edir.

İnnovativ inkişaflar auditin metodoloji çərçivələrini köklü şəkildə yenidən formalaşdırır. Süni intellekt texnologiyaları artıq auditorlara sadəcə məlumat toplamaqda deyil, həm də kompleks verilənlərin emalı və təhlilində yardımçı olmaqla, anomaliyaların, potensial uyğunsuzluqların və riskli əməliyyatların daha erkən mərhələdə aşkarlanmasına imkan verir. Maşın öyrənməsi alqoritmləri isə təkrarlanan proseslərin avtomatlaşdırılmasını və daha dəqiq nəticələrin əldə edilməsini təmin edir. Bu yanaşmalar audit nəzəriyyəsində qərarvermə proseslərinin optimallaşdırılması və obyektivliyin artırılması baxımından mühüm çəkiyə malikdir.

Yeni trendlərdən biri də ESG (Environmental, Social, Governance – Ətraf Mühit, Sosial və İdarəetmə) göstəricilərinin auditi və keyfiyyət idarəçiliyinə inteqrasiyasıdır. Müştərilər və investorlar getdikcə daha çox sosial və ekoloji məsuliyyət daşıyan şirkətlərlə əməkdaşlıq etməyə üstünlük verirlər. Bu isə o deməkdir ki, audit şirkətləri yalnız maliyyə deyil, həm də davamlı inkişaf indikatorlarını qiymətləndirməlidirlər. “KPMG Audit Azərbaycan” MMC tərəfindən həyata keçirilən bir araşdırmada göstərilir ki, iri korporasiyaların 80%-dən çoxu artıq ESG göstəricilərini öz daxili audit planlarına daxil edib və bu sahədə hesabatlılığı artırmaq üçün yeni rəqəmsal həllərə müraciət edir. Bu yanaşma həm şirkətin ictimai nüfuzunu möhkəmləndirir, həm də onun uzunmüddətli investisiya cəlbediciliyini artırır. ESG indikatorları, xüsusilə Avropa və Şimali Amerikada tənzimləyici qurumların hesabatlılıq tələb etdiyi əsas göstəricilər sırasına daxil edilib. Bu kontekstdə ESG auditi həm təşkilatın strateji məqsədləri ilə uyğunluğunu, həm də əməli fəaliyyətlərin real nəticələrini ölçmək üçün əsas vasitəyə çevrilir. Süni intellekt, böyük verilənlər (big data) və avtomatlaşdırılmış göstərici platformaları vasitəsilə bu məlumatlar daha şəffaf və çevik formada təhlil olunur. Eyni zamanda, şirkətlər ESG üzrə risklərin və imkanların təhlilini həyata keçirərək, təkcə uyğunluq deyil, həm də rəqabət üstünlüyü əldə etməyə çalışırlar.

Bütün bu trendlər göstərir ki, innovativ inkişaf və keyfiyyətin idarə edilməsi artıq statik proseslərə deyil, əksinə, dinamik və çevik strategiyalara əsaslanır. Əgər əvvəlki dövrlərdə müəssisələr mühüm qərarları müəyyən dövr ərzində toplanmış məlumatlara əsaslanaraq verməli idilərsə, indi məlumatlar anında toplanır və real vaxtda təhlil edilir. Bu, yalnız analitik yanaşmaların inkişafını deyil, həm də daha çevik və sürətli qərar qəbuletmə proseslərini mümkün edir. Artıq müəssisələr strateji planlaşdırmada gələcəkdə mümkün ola biləcək dəyişiklikləri nəzərə alaraq daha çevik yanaşmalar tətbiq edirlər. İnovasiyaların sürətlə dəyişən xarakteri və bazarların qlobal miqyasda şəbəkələşməsi ilə bu yeni yanaşmaların aktuallığı daha da artır.

Digər tərəfdən, böyük verilənlərin (big data) təhlili imkanları auditorların daha geniş və real vaxtda aparılan təhlillər vasitəsilə sübut bazasını zənginləşdirməsinə şərait yaradır. Bu, həm də daha dərin və əsaslandırılmış nəticələrin əldə olunmasını təmin edir ki, bu da auditin keyfiyyətini və ictimai etibarını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, blockchain texnologiyasının tətbiqi auditin əsas prinsip və dəyərlərindən olan şəffaflıq və dəyişməzlik meyarlarını nəzəri baxımdan daha dayanıqlı hala gətirir. Bu texnologiya vasitəsilə qeydə alınan məlumatların dəyişdirilməsi texniki olaraq mümkün olmadığından, auditorların maliyyə məlumatlarının dürüstlüyünə dair verdikləri rəyin obyektivliyi daha yüksək səviyyəyə çatdırılır.

Keyfiyyətin idarə olunması məsələsi audit nəzəriyyəsinin fundamental tərkib hissələrindən biri kimi çıxış edir. Keyfiyyət yalnız yekun hesabatların dəqiqliyi ilə deyil, həm də auditin bütün mərhələlərində – planlaşdırma, məlumatların toplanması, təhlil və hesabatlandırma proseslərində tətbiq olunan peşəkar və etik meyarlarla birbaşa bağlıdır. Bu baxımdan, auditorun peşəkar səriştəliliyi, beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, müstəqilliyini qoruyaraq obyektiv nəticələr təqdim etməsi və effektiv ünsiyyət bacarıqları nəzəri cəhətdən əsas keyfiyyət göstəriciləri kimi dəyərləndirilir.

Auditin keyfiyyətinin qorunması və yüksəldilməsi yalnız sərbəst auditorların məsuliyyəti ilə məhdudlaşmır. Bu, eyni zamanda auditor təşkilatlarının, həmçinin dövlət və beynəlxalq səviyyəli tənzimləyici qurumların da əsas funksiyalarından biri kimi nəzərdə tutulur. Beynəlxalq Audit və Etika Standartları Şuraları tərəfindən müəyyən edilmiş konsepsiyalar və tövsiyələr audit nəzəriyyəsinin institusional və hüquqi əsaslarını formalaşdıraraq keyfiyyətə nəzarət mexanizmlərinin davamlı təkmilləşdirilməsinə zəmin yaradır.

Strateji yanaşma baxımından, müasir audit artıq yalnız reaktiv yoxlamalarla kifayətlənmir. Əksinə, onun funksiyası proaktiv qərarların verilməsi üçün əsaslı informasiya bazası rolunu oynayır. Bu isə auditin biznes subyektlərinin ümumi idarəetmə sisteminə inteqrasiyası və strateji planlaşdırma prosesində fəal iştirakı zərurətini ön plana çıxarır. Risklərin öncədən təhlili, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və idarəetmə üzrə tövsiyələrin verilməsi auditin dəyərini və funksional imkanlarını artırır.

İnnovasiya yönümlü yanaşmalar auditorların peşəkar inkişafının davamlılığını da zəruri edir. Auditor yalnız maliyyə sənədlərini analiz edən mütəxəssis deyil, həm də rəqəmsal sistemləri anlayan, texnoloji innovasiyaları tətbiq edə bilən və kompleks problemləri sistemli şəkildə qiymətləndirə bilən bir müasir mütəxəssis kimi yetişməlidir.

Nəticə etibarilə qeyd edilməlidir ki, auditi müasir iqtisadi və texnoloji çağırışlara uyğun şəkildə inkişaf etdirmək üçün innovasiya və keyfiyyət anlayışları bir-birindən ayrılmaz, qarşılıqlı şəkildə bir-birini dəstəkləyən və tamamlayan əsas konsepsiyalar kimi çıxış edir. Audit nəzəriyyəsində bu iki anlayışın sintezi yalnız texniki və metodoloji səviyyədə deyil, eyni zamanda strateji, etik və institusional baxış bucağından da qiymətləndirilməlidir. Müasir dövrdə audit yalnız maliyyə sənədlərinin yoxlanması prosesi olmaqdan çıxaraq, informasiya və risklərin idarə olunmasında, qərarların qəbul edilməsində və strateji planlaşdırmada mühüm rol oynayan analitik və konsultativ bir fəaliyyət növünə çevrilmişdir.

İnnovativ texnologiyaların – süni intellekt, böyük verilənlərin təhlili və blockchain kimi vasitələrin audit proseslərinə inteqrasiyası bu sahədə çevikliyin, operativliyin və effektivliyin artmasına səbəb olmuşdur. Eyni zamanda, bu texnologiyaların tətbiqi auditorların peşəkar məsuliyyətini də artırmış, onların texniki biliklərlə yanaşı etik prinsiplərə sadiqliyini və cəmiyyətə verdiyi dəyəri daha da ön plana çıxarmışdır. Belə bir şəraitdə auditin keyfiyyətinin yüksək səviyyədə saxlanması üçün yalnız nəticələrin düzgünlüyü deyil, bütövlükdə prosesin şəffaf, obyektiv, sistemli və beynəlxalq standartlara uyğun şəkildə təşkili həlledici əhəmiyyət kəsb edir.

Keyfiyyətin idarə olunması sadəcə yekun hesabatların dəqiqliyini təmin etməklə məhdudlaşmır. Bu proses auditorların etik davranışı, peşəkar səriştəsi, prosedurların düzgün seçilməsi və risklərin düzgün qiymətləndirilməsi kimi çoxsaylı komponentləri əhatə edir. Beləliklə, innovasiya və keyfiyyət yalnız audit prosesinə funksional dəstək verməklə qalmır, eyni zamanda bu sahənin ictimai etibarını, qanunverici və tənzimləyici institutlarla olan əlaqələrini və auditor xidmətlərinin ümumi dəyərini müəyyən edən əsas elementlər kimi çıxış edir.

Eyni zamanda, auditor fəaliyyətinin davamlı və dayanıqlı şəkildə inkişaf etdirilməsi üçün nəzəri yanaşmalarla yanaşı, praktiki tətbiq mexanizmlərinin də təkmilləşdirilməsi vacibdir. Əldə olunan nəzəri biliklərin real iqtisadi şəraitə uyğunlaşdırılması və texnoloji imkanlarla uzlaşdırılması auditor xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, cəmiyyətin audit institutlarına olan etimadını da gücləndirir. Auditorların yalnız texniki biliklərlə deyil, həm də etik məsuliyyət hissi və geniş dünyagörüşü ilə fəaliyyət göstərməsi, onların dəyişən iqtisadi və texnoloji mühitə uyğunlaşa bilməsini təmin edir.

Beləliklə, audit institutu müasir dövrün sosial-iqtisadi kontekstində sadəcə nəzarət və təsdiq aləti deyil, həm də strateji idarəetmə və dayanıqlı inkişafın təmin olunmasında mühüm rola malik bir institut kimi formalaşır. Bu institutun möhkəm nəzəri bazaya, yüksək keyfiyyət standartlarına və innovasiya yönümlü fəaliyyət strategiyasına malik olması onun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas meyarlar sırasındadır.

Bu baxımdan, həm nəzəri, həm də tətbiqi səviyyədə həyata keçirilən islahatlar və tədqiqatlar audit sahəsinin davamlı inkişafını, şəffaflığını və ictimai faydalılığını təmin etməyə xidmət etməlidir. Yalnız bu şəkildə audit fəaliyyəti həm milli iqtisadi sistemin sabitliyinə töhfə verə, həm də qloballaşan dünyada beynəlxalq səviyyədə rəqabətədavamlı və etibarlı nəzarət mexanizmi kimi öz yerini möhkəmləndirə bilər.

 

 

Auditin innovativ inkişafı, operativ tənzimləmə  və

keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Barat Orucov

 

Auditin innovativ inkişafı, operativ tənzimləmə  və

keyfiyyətin idarə edilməsi idarəsinin rəis müavini  Maral Osmanova