Auditorlar Palatasında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib - AZƏRTAC

Bakı, 13 iyun, AZƏRTAC

Auditorlar Palatasında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra “15 iyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov Milli Qurtuluş Günü münasibətilə Auditorlar Palatasının rəhbərliyi adından qurumun əməkdaşlarını və üzvlərini ürəkdən təbrik edib.

S.Gülməmmədov qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış əlamətdar gün “15 İyun – Milli Qurtuluş Günü 32 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə prezidenti seçildi və bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” olan neft kontraktının imzalanması ilə atıldı. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ilin sentyabrın 16-da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı və ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirmək üçün 1996-cı il aprelin 5-də Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başladı.

Tarix möhtərəm Prezidentimiz İlham Əliyevin simasında Ulu Öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir”.