Zaur Almazov: Azərbaycanda daxili audit: inkişaf tarixi və mövcud durum - İQTİSADİYYAT QƏZETİ

İQTİSADİYYAT QƏZETİ

Bazar iqtisadiyyatının inkişafının müasir mərhələsində daxili audit təsərrüfat subyektlərinin idarə edilməsi sisteminin mühüm tərkib hissəsidir.

Daxili  audit müəssisə və təşkilatda risklərin idarə olunması, nəzarət və  korporativ idarəetmə proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə sistemli və ardıcıl yanaşmanı təmin edir, maliyyə-təsərrüfat fəaliyyətində pozuntuların aşkara çıxarılması, qeydə alınması və aradan qaldırılmasına  nəzarətin həyata keçirilməsi ilə yanaşı, aşkar edilmiş kənarlaşmaların səbəb-nəticə əlaqələrini müəyyənləşdirməklə, yoxlanılan obyektdə (iş sahəsində) fəaliyyətin mövcud vəziyyətini yaxşılaşdırmağa dair konkret təklif və tövsiyələrin işlənib hazırlanmasına imkan yaradır.

Bazar münasibətlərinə əsaslanan Azərbaycan iqtisadiyyatında aparılan islahatlar çərçivəsində  maliyyə nəzarəti sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər auditin əsas qollarından biri olan daxili auditin ölkəmizdə təbliğinə, yayılmasına və tətbiqinə rəvac vermişdir.

 

Daxili audit sadəcə nəzarət deyil, idarəetmənin əsas dayağıdır. Müasir dövrdə qurumların uğurlu fəaliyyətinin əsas göstəricilərindən biri şəffaflıq və hesabatlılıqdır. Bu prinsiplərin reallaşmasında isə daxili auditin rolu danılmazdır. Daxili audit yalnız səhvləri aşkarlayan yox, həm də risklərin önlənməsinə, qərarların optimallaşdırılmasına və vəsaitlərin səmərəli idarə olunmasına xidmət edən strateji idarəetmə alətidir.

            Azərbaycanda bu sahə uzun illər “maliyyə yoxlaması” anlayışı ilə eyniləşdirilsə də, son onilliklərdə baş verən institusional və qanunvericilik dəyişiklikləri daxili auditin statusunu və əhatə dairəsini əhəmiyyətli dərəcədə dəyişib. Bu məqalədə ölkəmizdə daxili auditin keçdiyi tarixi mərhələlərə, mövcud vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə nəzər salacağıq.

            İnkişaf tarixi: Yoxlamadan auditə doğru yol

 

1. İlkin mərhələ – maliyyə nəzarəti funksiyası (1990–2004)

            Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi idarəetmə sistemində köklü dəyişikliklərə start verildi. Lakin ilk illərdə daxili nəzarət sistemi əsasən klassik yoxlamalara əsaslanırdı. Audit funksiyası hələ tam formalaşmamışdı, sistematiklik və planlaşdırma zəif idi. Daxili yoxlamalar daha çox xərclərin qanuniliyinin yoxlanması ilə məhdudlaşırdı.

 

2. Normativ əsasların formalaşması (2004-2007)

Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanda daxili auditin tətbiqi zərurəti ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)» əksini tapmış, 2007-ci il 28 iyul tarixli  sərəncamla təsdiq edilmiş  “Şəffaflığın  artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da isə daha da inkişaf etdirilmişdir. Ulu öndərimiz  Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasətdə varislik prinsiplərinə  uyğun olaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş və 2007-ci il 22 may tarixdən qüvvəyə minmiş «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə  ərazisində  fəaliyyət göstərən və məcburi auditin  obyekti olan təsərrüfat subyektlərində daxili auditin yaradılması tələb olunur.

 

3. Daxili auditin təşəkkül tapması (2007-2015)

      2007-ci il Azərbaycanda daxili auditin inkişafında dönüş nöqtəsi oldu. Həmin il Nazirlər Kabineti tərəfindən “Dövlət orqanlarında daxili auditin aparılması Qaydaları” təsdiqləndi. Bu qərarla dövlət sektorunda daxili auditin hüquqi və metodoloji çərçivəsi müəyyən olundu. Bu mərhələdə bir sıra dövlət qurumlarında daxili audit strukturları yaradıldı, audit planlaması və hesabatlılıq sistemləri tətbiq olunmağa başlandı.

     Daxili audit sahəsində normativ bazanın daha da möhkəmləndirilməsi məqsədilə 2007-ci ildə “Daxili Audit haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunla daxili auditin hüquqi statusu, prinsipləri, məqsədləri və həyata keçirilmə mexanizmləri ətraflı şəkildə tənzimləndi. Qanun həm dövlət, həm də qeyri-dövlət sektorlarında daxili audit fəaliyyətinin təşkili üçün vahid normativ baza yaratdı və bu sahədə beynəlxalq təcrübəyə uyğun hüquqi çərçivənin formalaşmasına imkan verdi.            

4. Strateji yanaşmaya keçid dövrü (2015–indiyədək)

   Son illərdə Azərbaycan dövləti maliyyə idarəetməsində səmərəliliyin artırılmasını prioritet kimi müəyyən edib. Bu da daxili auditin statusunu yüksəldib. Daxili audit artıq yalnız uyğunsuzluqların aşkarlanması yox, həm də risklərin dəyərləndirilməsi, nəzarət sistemlərinin qiymətləndirilməsi və strateji qərarların dəstəklənməsi funksiyalarını yerinə yetirir.

     Mövcud vəziyyət: nailiyyətlər və problemlər paralel addımlayır.

             Nailiyyətlər:

            • Audit strukturlarının formalaşması: Dövlət qurumlarının əksəriyyətində daxili audit xidmətləri fəaliyyət göstərir.

            • Planlaşdırma və hesabatlılıq: İllik və rüblük planlarla fəaliyyət göstərən audit bölmələri fəaliyyətlərini sistemli şəkildə aparır.

            • Risk əsaslı yanaşmanın tətbiqi: Audit planlamasında risklərin təhlili aparılır.

             Əsas problemlər:

            1. Kadr çatışmazlığı: Daxili auditorların bir çoxu beynəlxalq sertifikatlara (CIA, CISA) malik deyil.

            2. Texnologiyadan geridə qalma: Elektron audit platformaları, data analitikası, rəqəmsal nəzarət alətləri hələdə geniş yayılmayıb.

            3. Özəl sektorda tətbiqin zəifliyi: Daxili audit yalnız iri korporasiyalarda tətbiq olunur. KOB-lar (kiçik və orta biznes) bu sahəni hələ də önəmsəmir.

            Beynəlxalq təcrübə ilə müqayisə

            Beynəlxalq praktikada daxili audit fəaliyyətinin əsasını Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) müəyyən etdiyi standartlar təşkil edir. Qərb ölkələrində auditorlar birbaşa audit komitələrinə hesabat verir və onların müstəqilliyi təmin olunur.

            Daxili audit Azərbaycanda son onilliklərdə nəzərəçarpacaq inkişaf yolu keçmişdir. Lakin hələ də bu sahənin institusional, texnoloji və kadr potensialı tam şəkildə formalaşmayıb. Əgər bu sahəyə strateji yanaşma ilə yanaşılsa, daxili audit təkcə maliyyə nəzarətinin deyil, həm də uğurlu idarəetmənin, şəffaflığın və davamlı inkişafın əsas sütunlarından birinə çevrilə bilər.

            Müasir vəziyyətdə Azərbaycanda iqtisadiyyatın idarə olunmasının bazar iqtisadiyyatı tələbləri çərçivəsində qurulması, həyata keçirilən islahatlar, sahibkarlıq mühitinin yaranması sahəsində görülən işlərlə bağlı olaraq mühasibat (maliyyə) nəzarətinin və daxili auditin önəmi daha da artır. Bu səbəbdən dövlət vəsaitlərinin xərcləri və iqtisadi subyektlərin idarə edilməsi sisteminin indiki dövrün tələblər səviyyəsində qurulması, var olan təsərrüfat və maliyyə ehtiyatlarından istifadənin faydalılığının artırılması, dövlət xərclərinin Səmərəli və şəffaf mexanizminin yaradılması daxili auditin iqtisadiyyatın idarə olunmasında böyük əhəmiyyət kəsb etməsini daha da artırır. Respublikamızın maliyyə təsisatlarının dünya kapital öhdəliklərinə aktiv şəkildə daxil olması, digər ölkələrin investorlarının Azərbaycanın iqtisadiyyatına marağının getdikcə artması, var olan daxili audit sisteminin beynəlxalq standartlara uyğun olaraq yaradılması respublikamızda mühasibat uçotu və daxili audit nəzarəti sisteminin təkmilləşdirmə işlərinin aparılması önəmini daha da artırır. Azərbaycanda maliyyə və iqtisadi idarəetmədə nəzarətin neytral mühitini yaratmaq, korrupsiya və maliyyə pozuntularının qarşısını almaq, hər bir maliyyə təsərrüfat fəaliyyəti haqqında qərəzsiz və obyektiv informasiya əldə etmək və xarici iqtisadi əlaqələrimizi daha da inkişaf elətdirmək üçün real imkanlar yaranır. Müasir dövrdə müəssisə və təşkilatlarda maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı maliyyə-mühasibat və daxili audit nəzarətinin və onların prinsiplərinin daha da inkişaf etdirilməsi çox mühümdür.

 

 

Zaur Almazov

Azərbaycan Respublikası Auditorlar Palatasının

Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri

 

Qalareya