2025-ci ilin 14 may tarixində Auditorlar Palatasının 2025-ci il üzrə İş Planı”nın 10.2.14-cü “Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinə dair nümunəvi Qaydalar” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) və 10.2.15-ci “ƏL/TMM qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov və idarə rəisinin müavini Həbibə Məmmədova) bəndlərində nəzərdə tutulmuş mövzular üzrə seminar keçirilmişdir.
Moderator Q.Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını və üzvlərini salamlayıb Auditor təşkilatlarında daxili nəzarətin təşklili və həyata keçirilməsinə dair nümunəvi Qaydalar barədə məlumat verərək bildirdi ki, Auditorlar Palatasının 2024-cü il üzrə iş planının 8.3-cü "Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinin monitorinqi və təhlili" bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi ilə Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov və Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Z.Almazov tərəfindən hazırlanmış “Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinə dair nümunəvi Qaydalar” Auditorlar Palatası Şurasının 2024-ci il 30 iyul tarixli 367/3 nömrəli qərarı ilə bəyənilmiş və tətbiqi məqsədəmüvafiq hesab edilmişdir.
Auditor təşkilatlarında daxili nəzarətin təşklili və həyata keçirilməsinə dair nümunəvi Qaydalar 7 bölmədən ibarətdir:
1. Giriş;
2. Qaydanın məqsədi;
3. Beynəlxalq təcrübə;
4. Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinin normativ hüquqi və metodoloji əsasları;
5. Prosedurlar;
6. Təhlil;
7. Gözlənilən nəticələr.
Beynəlxalq təcrübə göstərir ki, auditin keyfiyyətinə kənar nəzarətin gücləndirilməsi ilə bərabər auditor təşkilatlarında daxili nəzarət işinin düzgün təşkili və həyata keçirilməsi səriştəli xidmət göstərilməsində və bu sahəyə nəzarət edilməsində böyük rol oynayır.
Bu qaydanın məqsədi auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə metodoloji bazanın hazırlanması və onun tətbiqi vasitəsilə auditor təşkilatlarında daxili nəzarət sisteminin ölkə qanunvericiliyinə, Auditorlar Palatasının üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının tələblərinə və Palatanın direktiv göstərişlərinə müvafiq olaraq müasir daxili nəzarət sisteminin yaranmasına nail olmaqdır.
Beynəlxalq aləmdə və xarici dövlətlərin təcrübəsində daxili nəzarət sistemlərinin fəaliyyətinə böyük diqqət yetirilir. Bu sahədə COSO modeli (The Committee of Sponsoring Organizations of the Treadway Commission) daha geniş yayılmışdır.
Auditor təşkilatları COSO modelindən istifadə etməklə öz daxili nəzarət sistemlərini yarada, onun fəaliyyətini günün tələbləri səviyyəsində təşkil edə bilərlər.
COSO modeli təşkilatın daxili nəzarətini aşağıdakı kateqoriyalar üzrə məqsədlərə nail olunması ilə bağlı “ağlabatan təminat” təmin etmək üçün təşkilatın direktorlar şurası, yüksək rəhbərliyi və digər işçiləri tərəfindən həyata keçirilən proses kimi müəyyən edir:
• Əməliyyatların səmərəliliyi və məhsuldarlığı;
• Maliyyə hesabatının etibarlılığı;
• Qanunlara və qaydalara uyğunluq.
Sonra Q.Bayramov sözü Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov verdi, Nəcəf Talıbov bildirdi ki, Daxili nəzarətin COSO modeli bir neçə əsas anlayışı ehtiva edir:
1. Daxili nəzarət bir prosesdir. O, məqsədə çatmaq üçün bir vasitədir, özlüyündə məqsəd deyil;
2. Daxili nəzarət insanlardan asılıdır. O, təkcə idarəetmə siyasətini və formalarını deyil, həm də şirkətin bütün səviyyələrində olan insanları təmsil edir;
3. Daxili nəzarət şirkətin rəhbərliyinə və direktorlar şurasına yalnız kifayət qədər etimad verə bilər, lakin mütləq təminat deyil;
4. Daxili nəzarət bir və ya bir neçə ayrı, lakin üst-üstə düşən kateqoriyalar üzrə məqsədlərə nail olmağa yönəldilmişdir.
Model səkkiz komponentdən ibarətdir:
Daxili mühit (internal environment). Təşkilat daxilindəki atmosferi təmsil edir və riskin təşkilatın işçiləri tərəfindən necə qəbul edildiyini və ona necə reaksiya verdiyini müəyyən edir. Daxili mühitə risklərin idarə edilməsi fəlsəfəsi və risk iştahı, dürüstlük və etik dəyərlər, habelə onların mövcud olduğu mühit daxildir;
Məqsədin müəyyən edilməsi (objective setting). Rəhbərlik onların nailiyyətlərinə təsir edə biləcək hadisələri müəyyən etməyə başlamazdan əvvəl məqsədlər müəyyən edilməlidir;
Hadisənin identifikasiyası (event identification). Təşkilatın məqsədlərinə nail olunmasına təsir göstərən daxili və xarici hadisələr risklər və ya imkanlar baxımından müəyyən edilməlidir;
Riskin qiymətləndirilməsi (risk assessment). Risklər onların aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu müəyyən etmək üçün onların ehtimalı və təsirinə əsasən təhlil edilir. Risklər səciyyəvi və qalıq risk baxımından qiymətləndirilir;
Riskin cavablandırılmas. (risk response). Rəhbərlik müəyyən edilmiş riskin məqbul risk səviyyəsinə və təşkilatın risk iştahına uyğunlaşdırılmasına imkan verən bir sıra fəaliyyətlər hazırlamaqla riskə cavab vermə metodunu - riskdən yayınma, riskin qəbul edilməsi, azaldılması və ya yenidən bölüşdürülməsi - seçir;
Nəzarət vasitələri (control activities). Siyasətlər və prosedurlar cəlb olunan riskə effektiv və vaxtında cavab verilməsinə ağlabatan əminliyi təmin etmək üçün hazırlanmış və yaradılmışdır;
İnformasiya və kommunikasiya (information and communication). Zəruri məlumatlar işçilərə öz funksional vəzifələrini yerinə yetirməyə imkan verən formada və vaxt çərçivəsində müəyyən edilir, qeydə alınır və ötürülür. Həmçinin təşkilat daxilində həm şaquli olaraq yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya, həm də üfüqi istiqamətdə effektiv məlumat mübadiləsi aparılır;
Monitorinq (monitoring). Təşkilatın bütün risklərin idarə edilməsi prosesi izlənilir və lazım gəldikdə düzəlişlər edilir;
Auditor təşkilatı onun işçi heyətinin öz fəaliyyətlərində qanunvericiliyə və peşə standartlarına əməl edilməsinə görə məsuliyyət daşıyır. Bütün auditor təşkilatlarında səmərəli fəaliyyətin əsası kimi daxili nəzarət sistemi mövcud olmalıdır. Bu məqsədlə, hər bir auditor təşkilatında səriştəli xidmət göstərilməsi və bu işə nəzarət edilməsi məqsədi ilə nəzarət prosedurları işlənib hazırlanmalı və tətbiq edilməlidir. Daxili nəzarətin prinsipləri və onların reallaşdırılması prosedurları auditor təşkilatının şirkətdaxili standartlarına əsaslanmalıdır.
Daxili nəzarət sistemi qarşılıqlı əlaqədə olan aşağıdakı elementləri özündə ehtiva edir:
1) Müstəqillik, tamlıq, obyektivlik, peşəkar səriştə və müvafiq yanaşma, məxfilik, peşəkar davranış;
2) İşçi heyətinin idarə edilməsi;
3) Sifarişçidən tapşırığın qəbulu və davam etdirilməsi;
4) Qarşılıqlı əlaqələrin səmərəli təşkili;
5) Monitorinq.
Təhlil aşağıdakı ardıcıllıqla aparılmalıdır:
• İl ərzində aparılmış monitorinq nəticələrinin ümumiləşdirilməsi;
• Aşkar olunmuş nöqsanlar, onların baş vermə səbəblərinin müəyyən edilməsi; Nöqsanların mənfi nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər;
• Nöqsanların gələcəkdə baş verməməsi üçün qabaqlayıcı tədbirlər.
Aparılan monitorinqin nəticəsi və edilən əməli köməkliklər auditor təşkilatlarında səmərəli daxili nəzarət sisteminin yaradılmasına, günün tələbləri səviyyəsində təşkilinə və uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.
Daha sonra moderator Q.Bayramov ƏL/TMM qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət mövzusuna keçid edərək bildirdi ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü “Bu Qanunun pozulmasına görə məsuliyyət” maddəsinə əsasən, bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci “Nəzarət tədbirləri” maddəsinə əsasən, nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirirlər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598-ci “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyinin pozulması” maddəsinə əsasən, auditor xidməti göstərən şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət edilmədikdə onlar Məcəllə ilə müəyyən edilmiş məbləğlərdə cərimə edilirlər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma”, 194-cü “Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə”, 214-1-ci “Terrorçuluğu maliyyələşdirmə” maddələrinə əsasən, cinayətləri törədən şəxslər Məcəllə ilə müəyyən edilmiş qaydada cərimə edilirlər və ya azadlıqdan məhrum edilməklə və əmlakları müsadirə olunmaqla cəzalandırılır.
Moderator Q.Bayramov ƏL/TMM qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət” barədə geniş çıxış etmək üçün sözü Elnur İbrahimova verdi.
Elnur İbrahimov çıxış edərək bildirdi ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən:
13.2. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri üzərində nəzarət tədbirləri istisna olmaqla bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilir.
13.3. Bu Qanunda nəzərdə tutulmuş tələblərin pozulması qanunla müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə səbəb olur və müvafiq fəaliyyəti həyata keçirmək hüququ verən lisenziyanın, icazənin, qeydiyyatın, şəhadətnamənin və ya üzvlüyün dayandırılması və ya ləğv edilməsinə əsas yaradır.
13.4. Maliyyə monitorinqi orqanı, habelə aidiyyəti nəzarət orqanları öhdəlik daşıyan şəxslərə, habelə auditor xidməti göstərən şəxslərə, dini qurumlara, qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb təqdim edir. Digər fiziki şəxslərə və qurumlara münasibətdə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar maliyyə monitorinqi orqanı tərəfindən hazırlanır və onların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilməsi üçün tədbirlər görülür.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən:
598.9. Auditor xidməti göstərən şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi və ya məlumat və sənədlərin saxlanmasına dair tələblərə riayət olunmamasına, yaxud maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə monitorinqi orqanının verdiyi yazılı göstərişlərin vaxtında və ya tam icra edilməməsinə, həmçinin nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
598.10. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə – vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən:
193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni:
193-1.1.1. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;
193-1.1.2. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi – dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
194.1. Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə – üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə;
194.2.4. külli miqdarda törədildikdə — əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi - əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Pul vəsaitlərinin və ya digər əmlakın terror aktlarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aktı ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan qaldırmır.
Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 100-dən çox auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.