AUDİTORLAR PALATASINDA AZƏRBAYCAN XALQININ ULU ÖNDƏRİ HEYDƏR ƏLİYEVIN ANADAN OLMASININ 102-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

        Auditorlar Palatasında 2025-ci ilin 8 may tarixində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

       Tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

        Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq müstəqil Azərbaycan dövlətinin memarı və quruçusu, Azərbaycanın inkişaf strategiyasının və  konstitusiyamızın banisi Heydər Əliyevin həyat və yaradıcılığından ətraflı bəhs edərək, müstəqilliyimizin ilk illərindəki çətinliklərin, ölkədə yaranan xaos və parçalanma təhlükəsinin milli dövlətçiliyin sarsıldılmasına xidmət edən qüvvələrinin iş başında olması ilə bağlılığından və bu vəziyyətin Heydər Əliyev şəxsiyyətinin yenidən siyasi səhnəyə qayıdığşını zəruri etməsindən, onun rəhbərliyi ilə Azərbaycan vətandaş qarşıdurmasından, iqtisadi fəlakətdən, siyasi təlatümdən xilas olaraq hüquqi dövlət quruculuğuna yönəldilməsindən danışıb.

         Vahid Novruzov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi əsasların möhkəmləndirilməsi, idarəetmənin sabitləşdirilməsi və Konstitusiya əsasında müasir dövlət quruculuğunun əsasları formalaşdırıldı. Bu istiqamətdə ən vacib addımlardan biri də Yeni Azərbaycan Partiyasının yaradılması idi. 1992-ci ildə əsası qoyulan bu partiya dövlət müstəqilliyimizin qorunması, siyasi sabitliyin təmin olunması və xalqın bir araya gəlməsində əvəzsiz rol oynadı. Onun irəli sürdüyü ideyalar, dövlətçilik prinsipləri və ictimai həmrəylik çağırışları cəmiyyətin bütün təbəqələrini əhatə edərək vəhdət yaratdı.

         Azərbaycanın hüquqi sisteminin formalaşması prosesi təkcə Konstitusiyanın qəbul edilməsi ilə məhdudlaşmadı. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən qanunvericilik aktları və hüquqi islahatlar hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması üçün ciddi zəmin yaratdı.

         Heydər Əliyevin müəyyən etdiyi iqtisadi islahatlar proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatı dirçəldi. Neft strategiyasının əsasını təşkil edən və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasına yol açdı. Bu saziş təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın mövqeyini möhkəmləndirdi. Bu prosesdə İlham Əliyevin neft diplomatiyası sahəsindəki fəaliyyəti xüsusi önəm daşıyırdı. Bu diplomatiya Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərini gücləndirdi, regionda yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaratdı.

            V.Novruzov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman vurğulamışdır ki, güclü iqtisadiyyat güclü dövlətin əsas təminatıdır. Bu kontekstdə aparılan iqtisadi islahatlar sosial siyasətlə üzvi şəkildə bağlıdır. Yoxsulluğun azaldılması, işsizliyin minimuma endirilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədə sosial ədalət prinsipi daha da möhkəmləndirilmişdir.

            Qarabağ zəfəri Azərbaycan dövlətçiliyinin və Konstitusiya ilə müəyyənləşdirilmiş ərazi bütövlüyü prinsipinin təntənəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir zirvə oldu. Bu müharibədə qazanılan parlaq qələbə təkcə hərbi gücün nümayişi deyil, eyni zamanda siyasi uzaqgörənlik, diplomatik ustalıq və milli həmrəyliyin qələbəsi kimi tarixə düşdü. Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, həmrəyliyi və iradəsi ilə, rəşadətli ordumuz isə peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı ilə bu tarixi zəfərin müəllifinə çevrildi.

            Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyamızın qəbulundan keçən müddət ərzində əldə olunan uğurlar göstərir ki, bu sənəd və onu yaradan ideyalar daim yaşamalı və inkişaf etməlidir. Azərbaycanın suverenliyi, dövlətçiliyi və xalqının rifahı naminə bu siyasi kursa sadiqlik ölkəmizin davamlı inkişafını təmin edir. Ulu öndərin müdrik siyasəti və İlham Əliyevin bu siyasəti zamanın tələblərinə uyğun şəkildə zənginləşdirməsi ölkəmizin sabitlik və tərəqqi yolunda olduğunu sübut edir.

           Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, Konstitusiyamızın banisi olan Heydər Əliyev həm də suverenliyimizin ideya mayakıdır və bu mayak bizi daim sabaha aparacaqdır. Onun qoyduğu irs – azərbaycançılıq fəlsəfəsi, müstəqillik düşüncəsi, hüquqi dövlət modeli və sosial ədalət prinsipi bu gün də yaşamaqla yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən edir.

          Əldə olunan uğurlar, mövcud sabitlik və perspektiv hədəflər bir daha sübut edir ki, Heydər Əliyev yolu daim yaşayacaq, bu yolda atılan hər bir addım isə xalqımızın rifahına, dövlətimizin qüdrətinə xidmət edəcəkdir. Bu yol müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətimizin təminatıdır.

          Daha sonra tədbirdə Auditorlar Palatasının üzvləri: “LŞ Audit” MMC-nin direktoru-auditor Fərhəddin Hüseynov, Auditorlar Palatası Veteranlar Şurasının sədri, sərbəst auditor Çingiz Abbasov, “Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Roman Hüseynov, “Audit Reportinq” MMC-nin direktoru-auditor Yeganə Məmmədova, “Modern Audit Servis” MMC-nin direktoru-auditor Ramal Mehdizadə, “Nurular Audit Konsaltinq” MMC-nin direktoru-auditor Elşən İbadov, Auditorlar Palatasının “Dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə iş” şöbəsinin müdiri Elxan Qənbərov, Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Zaur Almazov, Maliyyə və texniki təminat idarəsinin mühasibi Birgül Məmmədzadə çıxış edərək  Ulu Öndərimiz Heydər Əliyevin vətəni olan Azərbaycana və xalqına göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.

        Məruzəçilər eyni zamanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin əsrlər keçsə də, qərinələr ötsə də Azərbaycan xalqının qəlbində daimi yaşayacağını onun iqtisadi təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməsini, iqtisadi müstəqilliyin təmin olunmasının milli dövlətçiliyin möhkəmləndirilməsinin əsas şərti kimi hesab etməsini, azərbaycançılıq ideologiyasıının qorunub saxlanılmasını bildiriblər.

          Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik, ruhu şad olsun!

 

 

 

 

 

 

 

 

 

Qalareya