Azərbaycan Respublikası Auditorlar Palatası ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında 28 noyabr 2017-ci il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində auditor peşəsinin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması və peşə səviyyəsinin qiymətləndirilməsi istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
Bu əməkdaşlığa və Palata Şurasının 2025-ci il 2 may tarixli 376/4 saylı Qərarı ilə təsdiq edilmiş “Auditor adı almaq üçün imtahanların keçirilməsi Qaydaları”na əsasən 2025-ci il 6 may tarixində UNEC-in imtahan proqramına uyğun olaraq, Auditor adı almaq üçün imtahan keçirilmişdir. İmtahanda ümumilikdə 22 nəfər namizəd iştirak etmiş, onlardan 11 nəfəri müvəffəq bal toplamış, 11 nəfəri isə tələb olunan balı toplaya bilməmişdir. Qeyri-müvəffəq bal toplamış şəxslərdən 1 nəfər İmtahan Qaydalarına əsasən ACCA və CPA beynəlxalq sertifikatlara malik olduğu üçün güzəşt tətbiq edilmiş və imtahan nəticəsi müvəffəq hesab edilmişdir.
İmtahanın təşkili və keçirilməsi zamanı şəffaflıq, obyektivlik və peşəkarlıq prinsipləri əsas götürülmüşdür. Namizədlərin nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi müvafiq normativ-hüquqi sənədlərə və peşə standartlarına uyğun şəkildə qiymətləndirilmişdir.
İmtahan Komissiyası tərəfindən imtahan prosesinin bütün mərhələləri diqqətlə izlənilmiş, iştirakçıların biliyi obyektiv və ədalətli meyarlarla dəyərləndirilmişdir. İmtahanın təşkili və keçirilməsində UNEC-in akademik heyəti və Auditorlar Palatasının nümayəndələri fəal iştirak etmişdir.
Bu imtahan bir daha təsdiq edir ki, Auditorlar Palatası ilə UNEC arasında qurulmuş elmi-praktik əməkdaşlıq ölkədə audit sahəsində peşəkar və müasir düşüncəyə malik kadr potensialının formalaşmasına xidmət edir. Eyni zamanda, bu kimi imtahanlar auditor peşəsinin nüfuzunun artırılmasına və beynəlxalq standartlara cavab verən mütəxəssislərin hazırlanmasına mühüm töhfə verir.



Qalareya