Tədbiri Auditorlar Palatasının sədri, professor Vahid Novruzov giriş sözü ilə açaraq qeyd edib ki, “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Etika Standartları Şurası (İESCA) tərəfindən hazırlanmış və bütün dünyada peşəkar mühasiblər və auditorlar tərəfindən tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Məcəllə 2024-cü ilin 15 dekabr tarixindən qüvvəyə minmiş və tətbiqinə başlanılmışdır.
Auditorlar Palatası 2008-ci ildən Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) tamhüquqlu üzvü olmaqla İFAC-a müraciətinə əsasən və bu beynəlxalq qurumun icazəsi ilə Məcəllə ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanmış və nəşr etdirilmişdir.
“Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” bu peşənin ictimai maraqlar üzrə məsuliyyətini əks etdirərək, peşəkar mühasiblər üçün etikanın təməl prinsiplərini müəyyən edir. Bu prinsiplər peşəkar mühasibdən gözlənilən davranış standartlarını özündə ehtiva edir.
Məcəllə peşəkar mühasibdən təməl prinsiplərinə riayətetməmə ilə əlaqəli təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və onları aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi üçün tətbiq edilməsi tələb olunan konseptual əsasları müəyyən edir. Məcəllə mühasiblərə konseptual əsasları müxtəlif mövzulara tətbiq etməyə kömək etmək üçün həmin mövzular üzrə tələbləri və tətbiqi materialları özündə ehtiva edir.
Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Palatanın Şurası yanında Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov çıxış edərək məcəllə barədə müfəssəl şərh təqdim etmişdir.
Nəşr etdirilmiş kitab xidməti istifadə üçün bir sıra dövlət qurumlarına, ali təhsil müəssisələrinə, peşəkar ictimai birliklərə göndərilmiş və Auditorlar Palatasının üzvlərinə paylanılmışdır.
Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətindən danışaraq onun tətbiqinin zəruri olduğunu vurğulayıblar:
Ziyad Səmədzadə. – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik
Əvəz Ələkbərov – Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri
Elvin Əlimərdanov – Naxçıvan Muxtar Respublikasının Maliyyə nazirinin müavini
İbad Abbasov – Bakı Biznes Universitetinin rektoru
Bəyalı Ataşov – Azərbaycan Kooperasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru
Cəmilə Namazova – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini
Namiq Abbaslı – Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədri, “ANR Audit” MMC-nin direktoru-auditor
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Qalareya