Auditorlar Palatasında dövlət satınalmalarında auditor xidmətinin göstərilməsinə dair  “Dəyirmi masa” keçirilib

Auditorlar Palatasında 2025-ci ilin 24 yanvar tarixində dövlət satınalmalarında auditor xidmətinin göstərilməsinə dair  “Dəyirmi masa”da tender və kotirovkalar zamanı baş verən problemlər və problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göndərilməsi üçün təkliflərin həlli istiqamətində müzakirə təşkil edilib.

Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Dəyirmi masa”nın gündəliyinə çıxarılan məsələnin əhəmiyyətindən bəhs edərək son illərdə auditor xidməti bazarında və dövlət satınalmaları zamanı xidmət haqqı məbləğlərini yolverilməz dərəcədə aşağı salmaqla Auditorlar Palatasının digər üzvlərinə qarşı haqsız rəqabətin və dempinq hallarının artmasına və keyfiyyətsiz auditor xidməti göstərilməsinə dair müvafiq dövlət qurumlarından və iş adamlarından daxil olan müraciətlərin artmasını, eyni zamanda auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), IFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə, Palatanın üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə Partnyorluq Sazişinin müddəalarına, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl edilməməsi hallarının müşahidə olunmasından danışıb.

Q.Bayramov “Dəyirmi masa” üzvlərinə bir daha xatırladıb ki, auditorlar audit peşəsinin nüfuzuna xələl gətirən, auditə ictimai etimadı azaldan, auditorların peşə etikası ilə bir araya sığmayan, peşəkar davranış normalarını pozan, auditorlar arasında mövcud olan qarşılıqlı hörmət ənənəsinə uyğun olmayan hərəkətlərə yol verməməlidirlər. 

Yalnız belə olan halda, biz ölkəmizdə auditor peşəsinin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə, auditin daha da təkmilləşdirilməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyin göstərilməsinə nail ola bilərik. 

Sonda Q.Bayramov bütün auditorları ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında və hesabatlılıqda dürüstlüyün təmin olunmasında fəal iştirak etməyə və şərəfli peşə olan auditor adını uca tutmağa çağıraraq, qeyd edib ki, möhtərəm Prezidentimizin ölkə auditorlarına göstərdiyi böyük diqqət və qayğıya layiqli cavab olaraq öz fəaliyyətinizdə Auditorların Peşə Etikasına uyğun olmayan hərəkətlərə, habelə auditə ictimai etimadı gücləndirməklə dempinq, haqsız rəqabət və keyfiyyətsiz auditor xidməti göstərmək hallarına yol verməyək, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə öz layiqli töhfəmizi verək. 

Sonra Auditorlar Palatasının üzvü Həmid Qədirov,  Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov, “Abacus Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Zeynalov, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Sərbəst auditor İlham Süleyman, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, Sərbəst auditor Nazim Axundov, “BKR Consulting” MMC-nin direktor-auditoru Elçin Əliyev, Zamin Hüseynov –“ABAK-Az Crovve LTD”-nin direktor-auditoru “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər irəli sürüblər.

 “Dəyirmi masa”nın sonunda iştirakçılar tərəfindən verilmiş təkliflər əsasında müvafiq Tədbirlər Planının hazırlanmasına dair qərar qəbul edilib.