Auditorlar Palatasında Palatanın üzvləri və əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 31 yanvar tarixində “02 Fevral - Gənclər Günü”nə həsr edilmiş onlayn tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən S.Gülməmmədov 1997-ci il 02 fevral tarixində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Gənclər Günü”nün təsis edilməsindən bəhs edərək bu günün MDB ölkələrinə və Şərqi Avropa dövlətlərinə nümunə olduğunu diqqətə çatdırıb.
Sonra S.Gülməmmədov bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
S.Gülməmmədov eyni zamanda Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun da möhtərəm Prezidentimizin gənclər siyasətinə göstərdiyi hərtərəfli dəstəyə sadiq qaldığını və Palatada fəaliyyət göstərən gənc əməkdaşlara və gənc auditorlara göstərdiyi diqqət və qayğıdan danışaraq Palatada fəaliyyət göstərən bir çox gəncin rəhbər vəzifələrə və müvafiq strukturlara təyin olunmasından və günü-gündən gənc Palata üzvlərinin və əməkdaşlarının artmasından bəhs edib.
Sonra tədbirdə Palata sədrinin müşaviri Fəqan Qarayev, daxili auditor Şəfiqə Əsgərova, “SR Audit Solutions” MMC-nin direktor – auditoru Səftər Vəlizadə, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini Nigar Əlisoy, “Modern Audit Servis” MMC-nin direktor-auditoru Ramal Mehdizadə, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəis müavini Maral Osmanova, Sərbəst auditor Şamxal Kərimov, Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəis müavini Afiqə Bayramova, Dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin müdir müavini Heydər Yusifzadə, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, habelə daim Prezidentimizin siyasətini rəhbər tutan Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun gənclərə dəstəyindən bəhs ediblər.
Qalareya