Oktyabrın 23-24-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Rusiya Federasiyasının “Sodrujestvo” özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Moskva şəhərində Moskva Dövlət Universitetinin əməkdar professoru, mühasibat uçotu və audit sahəsində kadrların hazırlanmasında əvəzedilməz rolu olan, dünya şöhrətli alim Anatoliy Daniloviç Şeremetin 95 illik yubileyinə həsr olunmuş “Rəqəmsal iqtisadiyyat şəraitində mühasibat uçotunun, auditinin və mühasibat təhsilinin reformasiyası” mövzüsunda 52-ci Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.
Bir sıra xarici ölkələrin nümayəndələrinin də iştirak etdikləri beynəlxalq konfransda “Mühasibat uçotu və hesabatlılıq yeni şəraitdə”, “Dayanıqlı ekosistemdə uçot və təhlil aspektləri”, “Auditor fəaliyyətinin inkişafı problemləri” və digər vacib problemlər müzakirə edilib.
Beynəlxalq konfransın plenar iclasında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, i.e.d., professor Vahid Novruzov çıxış edib. Palata sədri görkəmli alim və Azərbaycan auditorlarının və mühasiblərinin yaxın dostu olan A.D.Şeremetin mühasibat uçotu və audit üzrə kadrların hazırlanmasında əvəzedilməz rolundan bəhs edərək onun müəllifi olduğu kitabların bütün MDB-də, o cümlədən Azərbaycanda geniş oxuyucu kütləsinə malik olduğunu qeyd edib. Daha sonra V.Novruzov dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində mühasibat uçotu, audit və hesabatlığın transformasiya məsələlərinə münasibət sərgiləyib, ölkəmizdə keçiriləcək COP-29 tədbirinə görülən hazırlıq işləri barədə məlumat verib. Palata sədrinin böyük maraqla qarşılanan çıxışından sonra, bu ilijn sentyabrında “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın iştirakçıları ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, reallaşdırılan islahatlardan və onlara göstərilən qonaqpərvərlikdən minnətdarlıq hissi ilə çıxış ediblər.
Moskvada keçirilən beynəlxalq konfransın işində Sədrin müşaviri Fəqan Qarayev “Müasir dövrdə Rusiyada sahibkarlığın dəstəklənməsində analitik vasitələr” mövzusunda, Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi Vasif Cavadov “Müasir mərhələdə mühasibat uçotu və hesabatlılığın inkişafı” mövzusunda, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “ESG ekosistemində mühasibat və analitik aspektlər” mövzusunda, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov “Auditor fəaliyyətinin inkişafı problemləri” mövzusunda, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin Baş mütəxəssisi Maral Osmanova “Transformasiya şəraitində mühasibat uçotunun problemləri və inkişaf perspektivləri” mövzusunda keçirilən bölmə iclaslarında iştirak ediblər.

Qalareya