Auditorlar Palatasında “Auditorların audit zamanı aşkar etdiyi nöqsanların əsaslandırılması və auditor xidmətinin istifadəçilərinin auditdən gözləntilərinin artırılması” mövzusunda seminar keçirilib

2024-cü ilin 17 oktyabr tarixində “Auditorların audit zamanı aşkar etdiyi nöqsanların əsaslandırılması və auditor xidmətinin istifadəçilərinin auditdən gözləntilərinin artırılması” (Moderator - Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzusunda seminar keçirilib.

Moderator Elnur İbrahimov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayıb və “Auditorların audit zamanı aşkar etdiyi nöqsanların əsaslandırılması və auditor xidmətinin istifadəçilərinin auditdən gözləntilərinin artırılması” mövzusunda seminar haqqında qısa məlumat verərək sözü Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verib.

N.Talıbov mövzu ətrafında geniş məlumat verərək bildirib ki, 240 saylı beynəlxalq audit standartı (BAS) maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan dələduzluq faktları ilə bağlı auditorun məsuliyyətindən bəhs edir. Xüsusilə, 315 saylı (düzəliş edilmiş) BAS  və 330 saylı BAS-ın  dələduzluq üzündən baş vermiş əhəmiyyətli təhriflər riski ilə bağlı necə tətbiq olunmasını ətraflı şəkildə açıqlayır.

Maliyyə hesabatlarındakı təhriflər ya dələduzluq, ya da səhv üzündən baş verə bilər. Dələduzluq və səhvi bir-birindən ayıran amil maliyyə hesabatlarında təhrifin baş verməsi ilə nəticələnən əsas hərəkətə qəsdən və ya bilməyərəkdən yol verilməsidir.

Dələduzluq geniş hüquqi konsepsiya olmasına baxmayaraq, BAS- ların məqsədlərindən irəli gələrək, auditor maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə səbəb olan dələduzluqla bağlı narahatlığını bildirir. Qəsdən təhriflərin iki növü auditora aiddir – yanlış maliyyə hesabatlılığından irəli gələn təhriflər və aktivlərin qeyri-qanuni mənimsənilməsi üzündən baş verən təhriflər. Auditor dələduzluğun baş verməsindən şübhələnə və ya nadir hallarda bunu aşkar edə bilməsinə baxmayaraq, dələduzluğa yol verilməsi barədə hüquqi cəhətdən rəy bildirmir.

Dələduzluğun qarşısının alınması və aşkar edilməsinə görə birbaşa məsuliyyət həm müəssisənin idarəetməyə məsul şəxslərinin,  həm də rəhbərliyin üzərinə düşür. İdarəetməyə məsul şəxslərin  nəzarəti altında rəhbərliyin dələduzluğun qarşısının alınmasına xüsusi diqqət yetirməsi vacibdir, çünki bu, dələduzluğun baş verməsi imkanlarını azalda bilər; həmçinin, rəhbərlik tərəfindən dələduzluğun müəyyən edilməsinə xüsusi diqqət yetirilməsi aşkar etmə və cəzalandırma ehtimalı olduğu üçün fərdləri dələduzluq etmək fikrindən daşındıra bilər. Bu, dürüstlük və etik davranış mədəniyyətinin formalaşdırılması öhdəliyini ehtiva edir ki, bu da idarəetməyə məsul şəxslərin fəal nəzarəti altında möhkəmləndirilə bilər. İdarəetməyə məsul şəxslərin fəal nəzarəti nəzarət vasitələrinin ləğv edilməsi potensialının, yaxud maliyyə hesabatlılğı prosesinə digər yersiz  təsirin, məsələn, rəhbərlik tərəfindən müəssisənin fəaliyyət göstəriciləri və gəlirliliyi ilə bağlı analitiklərin düşüncələrinə təsir etmək məqsədilə gəlirlərin idarə edilməsi cəhdlərinin nəzərə alınmasından ibarətdir.

BAS-lara uyğun audit aparan auditor maliyyə hesabatlarının tam dəstinin  istər dələduzluq, istərsə də səhv nəticəsində baş vermiş əhəmiyyətli təhriflərdən azad olması barədə ağlabatan əminlik əldə etməyə görə məsuliyyət daşıyır. Auditin tərkib məhdudiyyətləri üzündən, maliyyə hesabatlarındakı bəzi əhəmiyyətli təhriflərin, hətta audit BAS-lara uyğun şəkildə düzgün planlaşdırılıb yerinə yetirilsə də, aşkar etməməm ilə bağlı qaçılmaz risk mövcuddur.

200 saylı BAS-da  təsvir olunduğu kimi, dələduzluq nəticəsində baş vermiş təhriflər halında tərkib məhdudiyyətlərinin potensial təsirləri xüsusi əhəmiyyət kəsb edir. Dələduzluq nəticəsində yaranmış əhəmiyyətli təhrifləri aşkar etməmə riski səhv nəticəsində baş vermiş təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Bunun səbəbi dələduzluğun, onu gizlətmək üçün hazırlanmış xüsusi incəlik və diqqətlə təşkil olunmuş planlardan, məsələn, saxtalaşdırma, əməliyyatların bilərəkdən qeydə alınmaması və ya auditorun qəsdən aldadılmasından ibarət olmasıdır. Bu cür gizlətmə cəhdləri gizli sövdələşmə ilə baş verdiyi zaman hətta daha çətin aşkar edilə bilər. Gizli sövdələşmə audit sübutunun əslində saxta olduğu halda,  bu sübutlarınəsaslı olduğuna auditorun inanmasına səbəb ola bilər. Auditorun dələduzluğu aşkar etmək bacarığı, məsələn, saxtakarın məharəti, qanunsuz hərəkətlərin tezliyi və ölçüsü, gizli sövdələşmənin səviyyəsi, qanunsuz hərəkətlərə yol verilmiş ayrı-ayrı məbləğlərin həcmi, habelə belə hərəkətlərə yol vermiş şəxslərin vəzifəsinin böyüklüyü kimi amillərdən asılıdır. Auditor dələduzluğun baş verməsi üçün potensial imkanları müəyyən edə bildiyi halda, təhriflərin mühakimə sahələrində (məsələn, mühasibat uçotunda) dələduzluq, yoxsa səhv nəticəsində baş verməsini müəyyən etmək auditor üçün çətindir.

Bundan əlavə, rəhbərliyin dələduzluğu üzündən baş vermiş əhəmiyyətli təhrifləri auditorun aşkar etməməsi riski əməkdaşın törətdiyi əhəmiyyətli təhriflər riskini aşkar etməməsi riskinə nisbətən böyükdür, çünki rəhbərlik çox vaxt mühasibat sənədlərinə birbaşa və ya dolayı yolla təsir etmək, saxta maliyyə informasiyası təqdim etmək və ya digər əməkdaşların dələduzluq əməllərinin qarşısını almaqdan ötrü hazırlanmış nəzarət prosedurlarına məhəl qoymamaq üçün imkanlara malik olur.

Tədbir zamanı mövzu ətrafında geniş müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilib.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırıb.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 100 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak edib.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası