Müflisləşmə və sağlamlaşdırma məsələləri ilə bağlı auditorlar üçün maarifləndirmə tədbiri keçirilib

2024-cü ilin 04 oktyabr tarixində “Dünya Bankı qrupunun “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 7.3-cü “Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə müflisləşmə və sağlamlaşdırma məsələləri ilə bağlı auditorlar üçün maarifləndirmə tədbirlərinin keçirilməsi” bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Biznesin müflisləşməsi İşçi qrupu”nun və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə auditorlar üçün nəzərdə tutulmuş mövzu üzrə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının «Biznesin müflisləşməsi» İşçi qrupunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini, İşçi qrupun üzvü Teymur Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Elvira Siraczadə, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin aparıcı məsləhətçisi, işçi qrupun katibi Səmral Kazımlı və Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, Auditorlar Palatası Şurasının üzvü Elnur İbrahimov çıxış ediblər.

İşçi qrupu dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq, Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın yaradılması, fəaliyyəti, məqsəd və vəzifələri, tərkibi və idarəolunması, işçi qruplar və “Business Ready” beynəlxalq hesabatı haqqında məlumat veriblər.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 13 iyul tarixli, 2199 nömrəli Sərəncamı ilə yaradılmışdır. Komissiyanın Əsasnaməsi Prezidentin 2018-ci ilin 27 avqust tarixli, 431 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Komissiya tərəfindən görülmüş işlərə dair hesabatlar Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının iclaslarında dinlənilir.

Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyinin təmin edilməsi və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə nail olunması məqsədləri ilə formalaşdırılmışdır.

Komissiyanın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Komissiyanın sədri - Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini, Komissiya katibliyinin rəhbərliyi isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsidir (İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektoru). Komissiyanın cari fəaliyyətinin təşkili Komissiyanın Katibliyi tərəfindən həyata keçirilir. Tərkibində dövlət və özəl sektorun yüksək ixtisaslı milli və xarici mütəxəssislərdən ibarət 26 işçi qrupu fəaliyyət göstərir. İşçi qrupların idarəolunması dövlət qurumları tərəfindən aparılır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Biznesin müflisləşməsi” İşçi Qrupuna rəhbərlik edilir. İşçi qrupuda Ədliyyə, İqtisadiyyat, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Mərkəzi Bank, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Vəkillər Kollegiyası və digər qurumların nümayəndələri təmsil olunur.

Tədbirdə Auditorlar Palatasının 100-dən çox üzvü iştirak edib.

Tədbirin sonunda İşçu qrupu tərəfindən Auditorlar Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb, eyni zamanda İşçi qrupunun rəhbəri Ramin Qurbanlı Auditorlar Palatasının nümayəndəsinin İşçi qrupuna daxil edilməsi üçün müvafiq quruma müraciət ediləcəyi barədə məlumat verib.

 

  

   

Qalareya