Auditorlar Palatasının kollektivi və üzvləri  Zəfər parkını və İkinci Fəxri Xiyabanı ziyarət ediblər

Auditorlar Palatasının kollektivi 2024-cü il 27 sentyabr tarixində Zəfər parkında olublar. Palata kollektivi parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, Vətən yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri eyni zamanda 2024-cü il 27 sentyabr tarixində İkinci Fəxri Xiyabanda olub və Şəhidlərimizin əziz xatirəsini yad ediblər, o cümlədən Palatanın üzvü Vəli Rəhimovun övladı olan, baş leytenant Kamil Rəhimlinin xatirəsini yad ediblər. İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan baş leytenant Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Rəhimli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 05 noyabr tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Kamil Rəhimli kimi igidlərin – 2907 şəhidin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi erməni faşizmi üzərində bizim tarixi qələbəmizdir. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaqdır.

Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş zabitlərimizin, əsgərlərimizin, mülki vətəndaşlarımızın ruhları qarşısında bir daha baş əyir, Allahdan rəhmət diləyirik. Auditorlar Palatasının kollektivi tərəfindən şəhidlərimizin xatirəsi daim yad ediləcəkdir.

Sonda Auditorlar Palatasının kollektivi xatirə şəkli çəkdiriblər.