Auditorlar Palatasında Azərbaycanın Dövlət Suverenliyi Günü qeyd edilib

20 sentyabr 2024-cü il tarixində Auditorlar Palatasında “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq tədbirin əhəmiyyətindən bəhs edib və Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edib. V.Novruzov qeyd edib ki, hər bir xalqın tarixində onun taleyinin həll edildiyi və əsrlər boyu anılacaq günlər olur ki, məhz həmin günlər dövlətçilik məfkurəsində yeni bir dövrün başlanğıcı kimi qəbul olunur. Azərbaycan xalqı dünyada nadir xalqlardandır ki, ilin bir günü onun həyatında iki tarixi gün kimi dəyərləndirilə bilər. Onlar sırasında, 15 iyun günü 2021-ci ilə qədər Milli Qurtuluş günü kimi xalqımız tərəfindən bayram günü olaraq qeyd edilirdisə, həmin ildən etibarən 15 iyun günü həm də dövlətçiliyimiz üçün müstəsna əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması günü kimi tarixi status əldə etmişdir. 20 sentyabr tarixi də məhz belə xüsusi günlərdəndir.  Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması və  Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin və şərəfli tarixin simvolu - Dövlət Suverenliyi Günü məhz bu günə təsadüf edir. Ötən il həyata keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycan tam suverenliyini bərpa etdi. Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin olundu. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı sərəncamı bu tarixi zəfərin hüquqi-siyasi qiymətidir. Cəmi 23 saat ərzində həyata keçirilən antierror əməliyyatları tarixi qələbə ilə nəticələndi.

Sonra V.Novruzov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ötən dövr ərzində ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb.

Tədbirin davamında “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının təsdiq edilməsinə dair videoçarx nümayiş etdirilib.

Daha sonra Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, “EKOL Audit” MMC-nin auditoru, şəhid atası Vəli Rəhimov, “Azel-Audit” MMC-nin direktoru Elzadə Süleymanova, Auditorlar Palatasının Veteranlar Şurasının sədri, sərbəst auditor Çingiz Abbasov, “SR SOLUTİONS” MMC-nin direktoru Səftər Vəlizadə, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova və İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini Nigar Əlisoy çıxış edərək Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı iclas iştirakçılarını təbrik edib, Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra başlanan milli barış və inkişaf dövründən, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu siyasətdən və Müzəffər Ordumuzun şücaətindən bəhs ediblər. Onlar bir daha Azərbaycan xalqının öz müstəqil dövlətinə sahib olduğunu, Şanlı Ordumuzun, şəhidlərimizin qanı hesabına əldə edilmiş suverenliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanılmasında möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi sıx birləşdiklərini bəyan ediblər.