Azərbaycan auditorları Latviyada beynəlxalq tədbirdə iştirak etmişlər

Bu günlərdə - 19 – 20 avqust tarixlərində Latviyanın Sertifikatlı Auditorlar Assosiasiyasının (LACA) idarə heyətinin sədri Lolita Çapkevitsanın dəvətinə uyğun olaraq Latviyanın Yurmala şəhərində həmin qurumun fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Auditorlar Palatasının Beynəlxalq Audit Standartları üzrə Komitəsinin sədr müavini, Hardvard Universitetinin maliyyə üzrə magistrı Səftər Vəlizadə iştirak etmişlər.

Nümayəndə heyətimiz “Sertifikatlı audit peşəsinə gələcək çağırışlar” mövzusunda Konfransda məruzə ilə çıxış etmişdir. Polşa, Latviya, Litva, Estoniya və bir sıra beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yaşıl iqtisadiyyat və dayanıqlı inkişafa keçid şəraitində maliyyə və dayanıqlılıq göstəricilərinin və ətraf mühitlə bağlı məlumatların açıqlanmasına və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin aktuallığına dair dünyada güclənməkdə olan ekoloji cəhətdən məsuliyyətli gəlirlilik haqqında şirkətlərin hesabat verməsi barədə təkliflər maraqla qarşılanmışdır. Eyni zamanda, tədbir iştirakçılarına bu ilin noyabr ayında Şərqi Avropa və Postsovet məkanında ilk olaraq ölkəmizin paytaxtı Bakıda keçiriləcək BMT-nin COP 29 tədbiri haqda geniş məlumat verilmişdir.

Konfrans iştirakçıları belə qənaətə gəlmişlər ki, yeni şəraitdə mühasiblərin və auditorların işlərinin dəyərləndirilməsinin əsasının “görülən işlər”dən “göstərilən təsir”ə və ya “verilən təkliflərə” keçəcəyi labüddür. Bu isə o deməkdir ki, mühasiblərdən və auditorlardan strateji məsləhətçilər, texnologiya yenilikçiləri, davamlılıq və sosial məsuliyyət təminatçıları kimi keyfiyyətlər gözlənilir. Başqa sözlə, peşəkar mühasiblər və auditorlar davamlı biznes və maliyyə mütəxəssisləri kimi tərəfdaşlara davamlı dəyər yaratmaq, qorumaq və şəffaflığın yüksəldilməsində əsas rol oynamalıdırlar.

Tədbirdə yeni mühitdə düzgünlüyün etik mədəniyyət öhdəliyinin xüsusi əhəmiyyəti də müzakirə obyekti olmuşdur. Yalnız həqiqiliyi və şəxsi brendinqi  əhatə etməklə, mühasibalıq və audit peşəsi köhnəlmiş streotipləri aradan qaldıra və həm müştərilərə, həm də peşəkarlara münasibətdə yenilikçi və sosial məsuliyyətli fəaliyyət kimi meydana çıxa bilər.

Tədbir günlərində nümayəndə heyətimiz Azərbaycanın Latviya Respublikasındakı səfiri cənab Elnur Sultanovla görüşmüş və birlikdə Riqa şəhərində təşkil olunmuş Azərbaycan xalçaları sərgisində iştirak etmişdir.

  

 

Qalareya