Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişafında Prezident İlham Əliyevin bu yaxınlarda qardaş Pakistana səfəri bu istiqamətdə yeni səhifələr açır.
Bu baxımdan, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti cənab Farrux Rahmanın dəvətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasının Karaçi şəhərində ICAP tərəfindən “Rəqəmsallaşma sahəsində mükafatların təqdim edilməsi” üzrə 2024-cü il 02-04 avqust tarixlərində keçirilən beynəlxalq tədbirdə iştirakı qardaş ölkə auditorları ilə əlaqələrin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Tədbirdə auditorların və peşəkar mühasiblərin iştirakı ilə auditin aparılmasına dair qabaqcıl innovasiyaları və texnologiyaları tətbiq edən şirkətlərin və imtiyazlı mühasiblərin, habelə belə texnologiyaları tətbiq edən bir sıra qurumların rəhbərləri iştirak edib və təltifetmə mərasimi keçirilib.
Qeyd edək ki, 1961-ci ildə yaradılmış və 1977-ci ildən Beynəlxalq Mühasiblər Federasiyasının üzvü olan Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu peşəkar mühasiblərdən və auditorlardan ibarət 10.000-dək üzvə malik olmaqla Pakistanda mühasibatlıq və audit peşələrinin tənzimlənməsi və inkişafında mühüm rol oynayan peşəkar milli qurumdur.
Tədbirdə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Farrux Rahman, Azərbaycanın Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, ICAP-ın vitse-prezidenti Xurşid Kotval, Şura üzvləri, Ali Latif, Asad Feroze, Aşfaq Yousuf, Saif Ullah, Pakistanın Sind vilayətinin Qubernatoru Muhamad Kamran Xan məruzələrlə çıxış ediblər. Daha sonra rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda, vergi inzibatçılığında şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsallaşmanın və texnologiyaların artan rolu, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, rəqəmsal iqtisadiyyatda konsolidə edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, habelə rəqəmsallaşmanın auditə, mühasibat uçotuna və davamlı inkişafa təsirindən bəhs ediblər.
Vahid Novruzov “Təkmilləşən auditə ümumi baxış və rəqəmsal transformasiyaya uyğunlaşmağın əhəmiyyəti” mövzusunda çıxış edərək bildirib ki, yaşıl iqtisadiyyata və dayanıqlı inkişafa keçid maliyyə və dayanıqlılıq göstəricilərinin və ətraf mühitlə bağlı məlumatların açıqlanmasını, qarşılıqlı əlaqədə və bütövlükdə baxılmasını zəruri və təşviq edir. Bu yeni mühitdə düzgünlüyün etik mədəniyyət öhdəliyi də xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyət və sifarişçilər qarşısında düzgünlüyə və şəffaflığa təminat verilməsi bizim fəaliyyətimizin ön cəbhəsində qalmaqda davam edir. İqlimlə bağlı tədbirlərin aktuallığına dair dünyada güclənməkdə olan siyasət şirkətləri ekoloji cəhətdən məsuliyyətli gəlirlilik haqqında hesabat verməyə təşviq edir. Bu baxımdan, bu ilin noyabr ayında BMT-nin COP 29 tədbiri Şərqi Avropa və Postsovet məkanında ilk olaraq Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir. Bunu nəzərə alaraq biz “Auditor xidməti haqqında” Qanununun ulu öndər Heydər Əliyev tərəfindən imzalanmasının 30 illiyi ilə əlaqədar bu ilin 16-18 sentyabr tarixlərində keçirəcəyimiz beynəlxalq elmi-praktiki Konfransı “Yaşıl iqtisadiyyat zəminində şəffaflıq və hesabatlılıq” mövzusuna həsr etmişik. Bizim üçün çox xoşdur ki, həmin konfransda ICAP prezidenti cənab Fərrux Rəhmanın rəhbərlik etdiyi Pakistanlı həmkarlarımız da iştirak edəcəklər.
Tədbirin növbəti günü 03 avqust tarixində isə Palatanın sədri Vahid Novruzovun və Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayevin iştirakı ilə hər iki ölkədə İctimai Əhəmiyyətli Qurumlarda və digər iqtisadi subyektlərdə risklərin idarəedilməsinin auditi, ƏL/TMM üzrə şəffaflıq və metodoloji proqram təminatı, kibertəhlükəsizlik, biznesin davamlılığının təmin edilməsi, şəffaf hesabatlılığın aparılması, risklərin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, kadr hazırlığı və digər mövzular üzrə təcrübə mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan Respublikasının Auditorlar Palatası və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında iqlim dəyişikliyi şəraitində birgə tədqiqat və maarifləndirmə işlərinin aparılması üzrə real işlər görülməsi qarşıya məqsəd qoyulub.
Qalareya