Auditorlar Palatası və “Reanda International Network Limited” əməkdaşlıq məsələlərini müzakirə edib - AZƏRTAC

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində qabaqcıl dünya təcrübəsini öyrənmək və ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə iyulun 26-da Azərbaycan Respublikasının Auditorlar Palatası ilə “Reanda International Network Limited” arasında işgüzar görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Auditorlar Palatasından məlumat verilib.

“Reanda International” 2009-cu ildə Çin Xalq Respublikasının paytaxtı Pekində təsis edilmiş və qısa müddət ərzində beynəlxalq nüfuz əldə edərək dünyanın 60 ölkəsində 140 ofisə və 6 mindən çox peşəkar işçi heyətinə malik qlobal biznes mühitində mühasibat uçotu, audit, vergi və məsləhət xidmətləri göstərən beynəlxalq mühasibatlıq şəbəkəsidir.

Görüşdə Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Palata Aparatının rəhbəri Qəşəm Bayramov, Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və “Reanda International Network Limited”in sədri Huang Jinhuinun başçılıq etdiyi nümayəndə heyəti – qurumun baş direktoru Franklin Lau, sədrin köməkçisi Zhang Xiaoyue, Əməliyyatlar üzrə direktor müavini Qiu Yaqi və “Reanda Azərbaycan” MMC-nin direktoru-auditor Rahim Manafov iştirak ediblər.

İşgüzar görüşün əsas məqsədi “Reanda International Network Limited”in rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına ünvanlanmış müraciətə əsasən əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda bu şəbəkənin adı altında auditor təşkilatının fəaliyyətə başlaması, həmçinin peşənin inkişafı naminə iqtisadi islahatların indiki mərhələsində audit və mühasibat uçotu sahəsində innovasiyaların tətbiqi, rəqəmsallaşma, habelə yaşıl iqtisadiyyat şəraitində auditor xidmətlərinin keyfiyyətinin artırılması, auditorların ƏL/TMM sahəsində rolunun gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlığın edilməsindən ibarət olub.

“Reanda International Network Limited”in sədri Huang Jinhui Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzova iki görüşün baş tutmasında göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

S.Gülməmmədov əməkdaşlığın yaradılmasının və davam etdirilməsinin hər iki qurumun üzvləri üçün faydalı olacağından bəhs edib.

Çindən gələn nümayəndə heyəti, həmçinin cari il sentyabrın 16-17-də Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən keçiriləcək “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılacaqlarını bildiriblər.