Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. - VİSİON TV 08.07.2024

Bu Zirvə görüşünün dünya çapında qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda reallaşdırılması Türk Dövlətlərinin əlaqələrinin, birgə yanaşmaların inkişaf etdirilməsi zəminində keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu fikirləri bildirən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov əlavə etmişdir ki, Qarabağ Bəyannaməsinin əsasını 2021-ci il iyunun 15-i öz əhəmiyyəti, məziyyətləri, milli olduğu qədər də dünyəviliyi nöqteyi-nəzərindən gələcəyə hesablanmış uğurlar potensialını özündə ehtiva edən Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması və dünyaya bəyan edilməsi təşkil edir.

Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi milli olduğu qədər də regional və qlobal hədəflərə ünvanlanmasını, təhlükəsizliyin qorunub saxlanılmasının və yeni münaqişələrin qarşısının alınmasının vacibliyinin regional ruhunun bütün tərəflərə aşılanmasını, Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının bundan sonra müttəfiqlik zəminində daha da zənginləşdirilməsi, gücləndirilməsi və həmahəngliyi, iqtisadi inkişafın konturlarının bəyan edilməsini və bütün qonşu ölkələr üçün əhəmiyyət kəsb etməsi haqda konseptual olduğu qədər də real imkanların ehtiva edilməsini özündə nəzərdə tuturdu.

Bu günlərdə TDT rəhbərləri tərəfindən imzalanmış Qarabağ Bəyannaməsi Şuşa Bəyannaməsinin müddəalarının yeni dövrün çağırışları nəzərə alınmaqla daha geniş arealda yayılması və inkişafı nöqteyi-nəzərindən tarixi əhəmiyyət kəsb edir.

Qısa olaraq Qarabağ Bəyannaməsinin müddəalarına aşağıdakıların daxil olduğunu görərik:

Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi,

Dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyinin vurğulanması;

Müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsi;

Qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensialına çatdırılması üçün konkret tədbirlərin görülməsi;

İqlim dəyişikliyi şəraitində daha sıx əməkdaşlığın zəruriliyi;

Türk dövlətləri çərçivəsində “ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığının inkişafını təşviq edir və bu xüsusda TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının və TDT-nin İqlimə Davamlı Kəndlər Forumunun yaradılması;

Ticarət, enerji, nəqliyyat kimi ümumi maraq doğuran sahələrdə institusional quruculuq mexanizminin (Tvinninq) inkişafını təşviqi;

Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa nail olunması;

Süni intellekt layihələrinin uğurlu inkişafı üçün əməkdaşlığın genişləndirilməsi;

Böyük dil modeli formasında ümumi platformadan istifadənin vacibliyini qeyd edilməsi;

Kosmik layihələrin birgə inkişafı üçün səylərin birləşdirilməsi;

İqlim dəyişikliyi çağırışlarına regional və qlobal reaksiyanın gücləndirilməsi üçün ətraf mühitin mühafizəsi və iqlim gündəliyi sahəsində əməkdaşlıq etmək məqsədilə üzv və müşahidəçi dövlətlərin müvafiq orqanlarının əməkdaşlıq mexanizminin yaradılması.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.”

Fikrimizcə, Qarabağ Bəyannaməsi bu uzaqgörən siyasətin reallaşması istiqamətində mühüm və tarixi rol oynayacaqdır.

TDT-nin Şuşada keçirilməsi zirvə toplantısında qardaş və dost ölkə başçıları və nümayəndələrinin çıxışları da diqqəti cəlb edir.

 Özbəkistan Respublikasının cənab Prezidenti Şavkat Mirziyoyevin sözləri çox qürurvericidir: “Sizinlə Türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır.”

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın fikirləri də maraqlı mesajlarla zəngindir: “Biz lap əvvəldən bu Zəfəri təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması olaraq gördük. Bu çərçivədə müzakirə prosesi böyük səy və həssaslıqla aparılan Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən qısa müddətdə imzalanması ilə Cənubi Qafqazda genişmiqyaslı regional həllin qarşımızdakı ən böyük əngəli ortadan qaldıracağına inanıram. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq.”

Zirvə görüşündə çıxış edən Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada keçirilən tədbirdə Azərbaycan Prezidentinə ünvanlanmış sözləri də çox qürurvericidir: “Hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident Əliyevə dərin ehtiramımızı bildiririk. Arzu edirik ki, bu fürsət ən qısa zamanda Avropada da əldə edilsin.”

Vahid NOVRUZOV,  Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor