Auditorlar Palatasında “18 İyun – İnsan Hüquqları Günü”  münasibətilə tədbir  keçirilib

2024-ci il 11 iyun tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “18 İyun – İnsan Hüquqları Günü” münasibətilə onlayn formatda tədbir keçirilib. Tədbirdə Palatanın rəhbərliyi, əməkdaşları və üzvləri iştirak ediblər. Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, Palatanın Aparat rəhbəri  Qəşəm Bayramov geniş məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 fevral tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumidövlət səviyyəsinə qaldırıldığını vurğulayıb. Həmçinin o bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib.

Bu il İnsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən artıq 26 il ötür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü elan olunması bu sahədə yeni imkanlar açıb. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.

Diqqətə çatdırılıb ki, Auditorlar Palatasında da hər il insan hüquqlarına dair maarifləndirici tədbirlər keçirilir.

Təqdirəlayiq haldır ki, belə bir günün dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə, ümumtanınmış insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir.

Auditorlar Palatasının insan hüquqlarının müdafiəsi sahəsində işinin mühüm bir hissəsi insan hüquqlarının tərkib hissəsi olan sahibkarların, mülkiyyətçilərin hüquqlarının qorunmasına yönəlib və “Auditor xidməti haqqında” Qanundakı mülkiyyətçilərin, o cümlədən auditorların hüquqlarının qorunması insan hüquqlarının qorunmasının ayrılmaz hissəsidir. Mülkiyyətçilərin hüquqlarının qorunmasının təminatçısı dövlətdir. Lakin mülkiyyətçilərə, vergi ödəyicilərinə, mühasibat uçotu subyektlərinə, audit sifarişçilərinə qarşı hər hansı bir qurumun, orqanın və ya istənilən bir təsirin qarşısını alan, peşə baxımından onların hüquqlarının keşiyində duran məhz müstəqil auditorlardır.

Auditorlar Palatasının insan hüquqlarının mühafizəsi sahəsində fəaliyyətinin mühüm tərkib hissəsi olan mülkiyyətçilərin və auditorların hüquqlarının müdafiəsində maarifləndirmə amili mühüm yer tutur.

Palata tərəfindən çoxsahəli maarifləndirici tədbirlər, yəni auditorların ixtisasartırma kursları, assistent və mütəxəssislərin təkmilləşdirmə kursları, mühasibat uçotu və daxili audit kadrlarının hazırlanması üzrə tədbirlər, habelə çoxsaylı seminarlar, vebinarlar və ustad dərsləri nəticə etibarilə maarifləndirmə vasitəsilə auditorların və onun peşə fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi vasitəsilə mülkiyyətçilərin-sahibkarların, auditor xidməti istifadəçilərinin hüquqlarının qorunmasına xidmət edir.

Məhz Ulu Öndərin təkidi ilə ölkədə maliyyə nəzarəti sisteminin köklü  surətdə  yenidən təşkilinə  rəvac verilmiş, bu isə tezliklə öz müsbət nəticələrini  göstərmişdir.

Əlamətdar bir haldır ki, mülkiyyət münasibətlərinin formalaşmasında şəffaflığın daha da artırılması və ictimai nəzarətin genişləndirilməsi  Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin də diqqət mərkəzində duran məsələlərdəndir.

Qeyd olunub ki, Azərbaycanda auditor xidmətinin inkişafı son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında və milli fəaliyyət planlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən dövlət proqramları çərçivəsində  Auditorlar Palatası bir çox mühüm  problemlərin  həllinə nail olmuşdur. Ötən dövr ərzində Auditorlar  Palatası insan hüquqlarının, dövlətin, sahibkarların, mülkiyyətçilərin, auditorların və bütövlükdə  cəmiyyətin hüquq və mənafelərinin  müdafiəsini özündə ehtiva edən 10-a yaxın dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir.

Auditorlar Palatasının səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq əlaqələri dövlət sifarişləri formasında 2023-cü ildə də davam etdirilmişdir. Belə ki, həmin orqanlardan daxil olmuş 43 müraciət əsasında yoxlamaların aparılmasına sərbəst auditorlar və auditor təşkilatlarının nümayəndələri cəlb olunmuş, Bu müraciətlərin 35-i icra edilmiş və 7-in icrası davam etdirilir, 1-i icra edilmədən geri qaytarılmışdır.

2024-cü ilin 6 ayı ərzində 16 müraciət daxil olmuşdur. Bu müraciətlərin 10-u icra edilmiş və 6-ın icrası davam etdirilir.

Beləliklə, yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan iqtisadiyyatının inkişafında, dövlətin, sahibkarların və mülkiyyətçilərin hüquqlarının müdafiəsində müstəqil (kənar) audit çox mühüm rol oynayır.

Tədbirdə eyni zamanda Auditorlar Palatası Veteranlar Şurasının sədri, Sərbəst auditor Çingiz Abbasov, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Rəna Qəfərova, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədr müavini, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizdə, Auditorlar Palatasının Qadınlar Şurasının sədr müavini, Auditorlar Palatasının İnsan resursları üzrə meneceri Nərgiz Abdullayeva və Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəis müavini Bəhruzə Qasımova insan hüquqlarının əhəmiyyətini vurğulayaraq, insan hüquqlarından və azadlıqlarından, qanunun aliliyindən, biznesdə insan haqlarının qorunması – kənar ekspertlərin cəlb edilməsindən, hesabatlılıqdan, sosial auditdə istehsalatda insan hüquqlarının qorunmasının təsdiqindən, tövsiyələrin verilməsindən, xarici tərəfdaşların cəlbindən, şəffaflıq və qeyri – maliyyə hesabatlılığından, sosial hesabatlılıqdan, rəqəmsal iqtisadiyyat şəraitində sahibkarların hüququndan bəhs ediblər.

Qalareya