Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə müvafiq dəvət məktublarına əsasən, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi altında nümayəndə heyəti, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri  Nəcəf Talıbov Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə cari ilin  28-29 may tarixlərində “Mühasibat uçotu, audit və dayanıqlı hesabatlılığın təkmilləşdirilməsi” (EAASURE) və “Kiçik və orta müəssisələr üçün mühasibat uçotu üzrə islahatların və institutların gücləndirilməsi istiqamətində Avropaya Yol” (REPARIS for SMEs) Proqramları çərçivəsində Avstriya Respublikasının Vyana şəhərində keçirilən “Korporativ maliyyə və dayanıqlı hesabatlılıqda yeni tələblərə və çağırışlara cavab” mövzusunda beynəlxalq tədbirdə iştirak ediblər.  

Tədbirin əsas məqsədi korporativ maliyyə hesabatlarında, həmçinin davamlı inkişafa dair hesabatlarda yeni dövrün tələblərinə və çağırışlarına ən yaxşı şəkildə necə cavab veriləcəyini müzakirə etmək, regional miqyasda, eləcə də milli səviyyədə atılacaq növbəti addımları razılaşdırmaq üçün 11 benefisiar ölkədən – Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, Kosova, Moldova, Monteneqro, Serbiya, Şimali Makedoniya və Ukraynadan olan nümayəndələri bir araya gətirməkdən ibarət olub. 

Tədbirdə dayanıqlı inkişaf şəraitində hesabatlılıqla yanaşı, qeyri – maliyyə hesabatlığı, sosial – ekoloji hesabatlıq; risklərin idarə edilməsi və tənzimlənməsinin təkmilləşdirilməsi; resursların idarə edilməsi; korporativ idarəetmə, dövlət və qeyri – dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi, dayanıqlı inkişaf şəraitində mühasibatlığın və auditin təşkili, kiçik və orta müəssisələrdə auditin aparılmasına yeni yanaşmalar və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb.  

Tədbir müddətində göstərilən problemlər üzrə çoxsaylı materiallar əldə edilib və onların ölkəmizdə tətbiqi istiqamətində müvafiq işlərin həyata keçirilməsi Auditorlar Palatası tərəfindən nəzərdə tutulmuşdur.

Tədbirdə ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında keçiriləcək COP29-a hazırlıq və eyni zamanda Auditorlar Palatası tərəfindən cari ilin 16-17 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti barədə məlumat verilib.

 

Qalareya