Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası bir sıra xarici qurumlarla, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə əməkdaşlıq edir və hər iki qurumun tamhüquqlu üzvüdür.

Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) 1994-cü ildə yaradılaraq Avropa İttifaqında və bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 380 mindən çox mühasib və auditorun təmsil olunduğu 15 üzvü var. Azərbaycan Respublikasının Auditorlar Palatası 2003-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Həmin dövrdən etibarən hər iki qurum arasında auditor xidmətinin təşkili, tənzimlənməsi, inkişafı və onun keyfiyyətinin yüksəldilməsi məqsədilə sıx əməkdaşlıq əlaqələri, dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradılıb. Hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətləri mütəmadi olaraq iştirak edirlər.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi altında nümayəndə heyəti, Palatanın Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədr müavini, “SR Audit Solutions” MMC-nin direktoru-auditor Səftər Vəlizadə Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) tərəfindən cari ilin 15-17 may tarixlərində Belçika Krallığının Brüssel şəhərində qurumun fəaliyyətə başlamasının 30 illiyinə həsr edilmiş yubiley tədbirində, habelə “Kiçik və orta ölçülü auditor təşkilatlarının gələcək illər üçün hazırlanması” mövzusunda beynəlxalq konfransında və 2024-cü il üzrə EFAA-nın İllik Ümumi Yığıncağında iştirak ediblər.

Beynəlxalq konfransda Kiçik və orta mühasibatlıq və auditor şirkətlərinin qarşısında duran problemlər, imkanlar, EFAA-nın son 30 ildə onlara verdiyi töhfələr; Mühasibat uçotu və auditdə süni intellektin tətbiqi məsələləri; Vergi mühasibinin gələcək illərdə rolu; Dayanıqlı inkişaf şəraitində hesabatlılıq; Kiçik və orta müəssisələrdə auditin aparılmasına yeni yanaşmalar; Dayanıqlı inkişaf sahəsində mühasibat uçotu, audit və məsləhət xidmətlərinin göstərilməsi və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb.

Tədbir müddətində göstərilən problemlər üzrə materiallar əldə edilmiş və onların ölkəmizdə tətbiqi istiqamətində müvafiq işlərin həyata keçirilməsi Auditorlar Palatası tərəfindən nəzərdə tutulub.

Yubiley tədbiri iştirakçılarının böyük maraq göstərdiyi, ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında keçiriləcək COP29-a hazırlıq və eyni zamanda Auditorlar Palatası tərəfindən cari ilin 16-17 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti barədə onlara geniş məlumat verilib. Bir sıra ölkələrin nümayəndələri keçiriləcək beynəlxalq konfransda iştiraklarının təmin edilməsini xahiş ediblər.

 

         

Qalareya