Auditorlar Palatasında 2024-cü ilin 08 may tarixində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbir Auditorlar Palatasının inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün ziyarət edilməsi və daha sonra Ulu Öndərimizin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edərək, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. F.İsmayılov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Daha sonra F.İsmayılov dövlət və hökumət rəhbərlərinin, tanınmış siyasi xadimlərin, məşhur yazıçıların Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırdığını, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirərək onların Ulu Öndər haqqında söylədikləri sitatlardan misallar gətirib. O, Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir varisin yetişdirməsini və həmin layiqli liderin 20 ildən artıqdır ki, Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğulayıb. Ulu Öndər lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir.
F.İsmayılov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin xalqına, xalqın isə Heydər Əliyevə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı – “Heydər-Xalq, Xalq-Heydər!”. Əslində, bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü möhtəşəm tarixi Qələbə ilə təmin etməsi, bu gün də davam edən və günü-gündən daha da möhkəmlənən bu birliyin növbəti təntənəsidir. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq. Çıxışının sonunda F.İsmayılov qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ulu Öndəri adını qazanmış dünya siyasətinin parlaq siması olan Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Daha sonra tədbirdə geniş məruzə ilə Auditorlar Palatasının üzvləri: “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Auditorlar Palatası Veteranlar Şurasının sədri, Sərbəst auditor Çingiz Abbasov, Sərbəst auditor İlham Süleyman, Sərbəst auditor Aftandil Əliyev, “ACTİVE CONSULTİNG CN” MMC-nin direktor-auditoru Nazim Alıyev, Gəncə bölgəsində fəaliyyət göstərən, Sərbəst auditor Hafiz Əhmədov, “A Plus Audit” MMC-nin direktor-auditoru Azər Əliyev, Naxçıvan bölgəsində fəaliyyət göstərən “Naxçıvan Muxtar Respublikası Auditor təşkilat”nın direktor-auditoru Roman Hüseynov və Kooperasiya Universitetinin doktorantı İlhamə Qasımova çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər.
Məruzəçilər eyni zamanda Ulu Öndər Heydər Əliyevin geniş ictimai-siyasi fəaliyyəti ilə nəinki Azərbaycan xalqının şərəfli tarixində, eləcə də bütün dünyada ad-san qazandığını və Heydər Əliyevin hərtərəfli fəaliyyətinin doğma Vətəni, onun tarixi, mədəniyyəti, adət-ənənələri və milli-mənəvi dəyərləri ilə qırılmaz tellərlə bağlı olduğunu bildiriblər.
Ulu Öndərimizə Allahdan rəhmət diləyirik, ruhu şad olsun!
..



Qalareya