Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

2024-cü il 29 aprel tarixində Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Auditorlar Palatasının rəhbərliyi, üzvləri, əməkdaşları və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparat rəhbəri Şaiq Əhmədov iştirak edib.

Öncə Auditorlar Palatasının inzibati binasında Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Heydər Əliyevin büstü ziyarət edilib və gül dəstəsi qoyulub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eyni zamanda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi ehtiramla anılıb.

Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin sədri Səbuhi Gülməmmədov geniş hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində mövcud qanunvericilik aktlarını, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizamnaməsini, Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini tənzimləyən digər hüquqi normativ aktları, 2021-ci il 01 may tarixində 3 (üç) il müddətinə imzalanmış Sahə Kollektiv Sazişini, Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi (İşəgötürən) və Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsi (HİK) arasında 2021-2024-cü illər üçün Kollektiv Müqaviləni və Komitə tərəfindən təsdiq olunmuş iş planını rəhbər tutaraq  öz işini qurmuşdur. Hesabat dövründə Komitənin hesabına daxil olan üzvlük haqlarının qanunvericiliyə uyğun olaraq düzgün xərclənməsi və aidiyyəti üzrə köçürülməsi barədə Nəzrət Təftiş Komissiyasının sədri Abbasəli Qurbanovun hesabatı dinlənilib.

Digər çıxış edənlər Komitənin və Təftiş Komissiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Sonda təşkilati məsələlər müzakirə olunub, 11 nəfərdən ibarət yeni heyət Auditorlar Palatasının HİK-nə, 3 nəfər isə Nəzarət Təftiş Komissiyasının tərkibinə seçilib.

Tədbir iştirakçıları yekdilliklə Səbuhi Gülməmmədovu yenidən Komitənin sədri seçiblər.

Eyni zamanda Səbuhi Gülməmmədov Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına nümayəndə seçilib.