Auditorlar Palatasında “Korporativ saxtakarlığı və dələduzluğu aşkar etmək bacarığının gücləndirilməsi” və  “Müştəri  uyğunluğu  və yeni texnologiyaların   tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” mövzularında seminar keçirilmişdir

2024-cü ilin 25 aprel  tarixində “Korporativ saxtakarlığı və dələduzluğu aşkar etmək bacarığının gücləndirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Sərbəst auditor Altay Cəfərov) və “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) mövzularında seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Korporativ saxtakarlığı və dələduzluğu aşkar etmək bacarığının gücləndirilməsi” mövzusunda seminarı başladaraq 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” BAS, onun əhatə dairəsi, dələduzluğun xüsusiyyətləri, dələduzluğun aşkarlanması və qarşısının alınması, eyni zamanda, korpotariv idarəetmə, saxtakarlıq, korrupsiya və dələduzluq hallarının uyğunluğu, saxtakarlıq, Korrupsiya və dələduzluq hallarına görə məsuliyyət, bu halların auditorların hesabatlarına, rəylərinə təsiri haqqında məlumat verərək sözü məruzəçi Sərbəst auditor Altay Cəfərova verdi.

A.Cəfərov bildirdi ki, korporativ idarəetmə müəssisələrin idarəetmə və yoxlama sistemidir. Korporativ idarəetmənin mükəmməl olması önəmlidir, çünki əsasən böyük şirkətlərdə və müəssisələrdə sahibkarlarla menecerlər eyni olmurlar, səhmdarların və digər tərəflərin maraqlarının nəzərə alınması və tarazlaşdırılması isə mühüm məsələdir. 

Saxtalaşdırma və ya Falsifikasiyaya məsələn, əskinasların saxtalaşdırılması, təsviri və dekorativ sənət əsərlərinin istehsalı, tarixi nadirlik kimi keçmiş zərgərlik məmulatları və məşhur ustaların saxta əsərləri daxildir. Müxtəlif sənədlər də saxtalaşdırıla bilər: pasportlar, qeydiyyat şəhadətnamələri, əmək qabiliyyətini itirmə şəhadətnaməsi (işdən qeyri-qanuni yayınma üçün).

Korrupsiya dedikdə - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Dələduzluq dedikdə isə  ümumi halda - Maliyyə hesabatlarında təsərrüfat subyekti tərəfindən qəsdən təhriflərin nəticəsində aktivləri mənimsənilməsi, həmçinin aldatma yolu ilə haqsız və qeyri-qanuni yolla mənfəət  əldə etmək üçün müəssisənin rəhbərliyi, idarəetməyə məsul şəxsləri və işçiləri  arasından bir və ya bir neçə şəxsin və ya üçüncü  tərəfin qabaqcadan düşünülmüş hərəkəti  başa düşülür.

İdarə, müəssisə və təşkilatlarda saxtakarlıq, korrupsiya və dələduzluq hallarına görə bir çox hallarda birbaşa təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Bir çox xüsusi hallar vardır ki, saxtakarlıq, korrupsiya və dələduzluq  yol verildikdə digər vəzifəli şəxslər (müəssisə rəhbərliyi istisna olmaqla) cavabdehlik daşıyır.

Ona görə ki, maliyyə hesabatlarını rəhbərlik imzalayır və bunun baş verməməsi üçün müəssisə rəhbərliyi ən azı güclü daxili nəzarət sistemini qurmalıdır.

Auditorların audit zamanı bu halların qarşısının alınamasında tədbiq etdiyi metodlar və üsullar:

  • İlkin olaraq təsərrüfat subyekti haqqında ümumi biliklər əldə etmək;
  • Növbəti addım kimi qeyri-maliyyə məlumatlarına nəzər yetirmək;
  • İlkin saxtakarlıq, korrupsiya və dələduzluq halını müəyyəndirilsə, artıq lazımı audit prosedurlarını həyata keçirmək .

Daha sonra Q.Bayramov “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” mövzusunda seminara keçid edərək bildirdi ki, “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.12-ci, 4.18-ci və 8.5-ci maddələrinə uyğun olaraq hazırlanmışdır.

“Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti 2023-cü il 21 fevral tarixli 3-21-28/3-6-4/2023 nömrəli  Qərarı  ilə təsdiq edilmişdir.

Qaydalar aşağıdakı 8 bölmədən ibarətdir:

  1. Ümumi müddəalar
  2. Müştəri uyğunluğu tədbirləri çərçivəsində eyniləşdirmə tədbirləri
  3. Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları və müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası
  4. Sadələşdirilmiş müştəri uyğunluğu tədbirləri
  5. Gücləndirilmiş müştəri uyğunluğu tədbirləri
  6. Müştəri uyğunluğu tədbirləri çərçivəsində verifikasiya tədbirləri
  7. Yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirləri
  8. Müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi

Qaydalarda nəzərdə tutulmuş müştəri uyğunluğu tədbirləri Qanunun 4.4.5-ci maddəsində nəzərdə tutulmuş müştəri profilinin yaradılması, müştərinin profil məlumatları əsasında əməliyyatlarının təhlili və müştərinin apardığı əməliyyatların profilinə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır.

Daha sonra  məruzəçi Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”, müştəri uyğunluğu tədbirləri çərçivəsində eyniləşdirmə tədbirləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları və müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası, sadələşdirilmiş müştəri uyğunluğu tədbirləri, gücləndirilmiş müştəri uyğunluğu tədbirləri, müştəri uyğunluğu tədbirləri çərçivəsində verifikasiya tədbirləri, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirləri və müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi haqqında geniş məlumat verdi.

E.İbrahimov bildirdi ki, aşağı risk dərəcələri üçün sadələşdirilmiş müştəri uyğunluğu tədbirləri yalnız Qanunun 4.18-ci maddəsinə uyğun olaraq aşağıdakı hallarda tətbiq edilə bilər:

4.1.1.işgüzar münasibətlərin yaradılmasından əvvəl;

4.1.2.iyirmi min manat məbləğində və ya bu məbləğdən artıq həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği iyirmi min manatdan artıq olan bir neçə əməliyyat aiddir);

4.1.3.maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl.

Öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında və risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq etməlidirlər.

Öhdəlik daşıyan şəxslər FATF-ın çağırış etdiyi dövlətlərdən (ərazilərdən) olan fiziki və hüquqi şəxslər, maliyyə institutları və xarici hüquqi təsisatlar, habelə siyasi nüfuzlu şəxslər, onların yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslər ilə işgüzar münasibətlərə və əməliyyatlara (əqdlərə) gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq etməlidirlər. Gücləndirilmiş müştəri uyğunluğu tədbirləri effektiv və risklərə mütənasib olmalıdır.

Yeni texnologiyalar vasitəsilə müştəri ilə birbaşa ünsiyyət qurmadan yaradılan işgüzar münasibətlər və aparılan əməliyyatlar zamanı təqdim olunmuş sənədlərin verifikasiyası və müştərinin kimliyinin yoxlanılması üçün əməliyyatın növündən və xarakterindən asılı olaraq öhdəlik daşıyan şəxs tərəfindən aşağıdakı tədbirlərdən biri və ya bir neçəsini görülməlidir:

  • .müştərinin müraciətinin onun gücləndirilmiş elektron imzası ilə təsdiqləməsini tələb etmək;
  • .müştərinin təqdim etdiyi məlumatları elektron məlumat bazalarından və/və ya müstəqil kənar mənbələrdən yoxlamaq;
  • .müştərinin təqdim etdiyi sənədləri onun razılığı ilə sorğu əsasında etibarlı üçüncü şəxsdən və ya dövlət qurumundan əldə etmək;
  • .yazışmanı və sənəd mübadiləsini müştərinin rəsmi qeydiyyat ünvanı üzərindən aparmaq;
  • .real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyasını aparmaq;
  • .öhdəlik daşıyan şəxsin daxili prosedurları ilə müəyyən edilmiş digər yoxlama və nəzarət tədbirlərini görmək və s.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 74 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası