Auditorlar Palatasında 2024-cü ilin 17 aprel tarixində Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının nümayəndələrinin, sərbəst auditorların, struktur bölmələrinin rəhbərlərinin, Auditorlar Palatası Şurasının və Palatanın Şurası yanında komitələrin və komissiyanın üzvlərinin iştirakı ilə “Auditorun səsi” mövzusunda onlayn müzakirə keçirilib.
Müzakirəni Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq qeyd edib ki, Auditorlar Palatası auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditə ictimai etimadın artırılması, auditor xidməti bazarında şəffaflığın təmin edilməsi, haqsız rəqabətə və dempingə qarşı mübarizənin gücləndirilməsi, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, auditin təşviqi və maarifləndirilmə üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, kölgə iqtisadiyyatının azaldılmasında və korrupsiyaya qarşı mübarizədə auditorların rolunun gücləndirilməsi sahələrində müvafiq tədbirlər həyata keçirir və normativ sənədlər hazırlayır.
Həmin sahələr üzrə həyata keçirilən işləri qiymətləndirmək və gələcəkdə auditorların peşə fəaliyyətini gücləndirmək və təkmilləşdirmək üçün eləcə də mövcud problemlərin həll edilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Sizlərin fikirlərinizi, təkliflərinizi və tövsiyələrinizi öyrənmək bizim üçün çox önəmli və əhəmiyyətlidir.
Daha sonra o qeyd edib ki, ölkəmizdə auditor fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Auditorlar Palatası tərəfindən konfranslar, ustad dərsləri, seminarlar və s. tədbirlər təşkil edilir və Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi ilə keçirilən konfransların materialları, Beynəlxalq Audit Standartları, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorların Müstəqillik Qaydaları, “Audit.Qanunvericilik və normativ sənədlər” topluları, Haqsız rəqabətə qarşı mübarizə üzrə metodik materiallar toplusu (2022-2023-cü illər), Rəqəmsal iqtisadiyyatda şəffaflıq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair materiallar toplusu, sahəvi audit proqramları və s. kitablar nəşr etdirilmiş və xidməti istifadə üçün auditor təşkilatlarına və sərbəst auditorlara paylanmışdır.
Sonra Palatanın üzvlərini maraqlandıran suallar, aşağıda qeyd edilən sahələr üzrə mövcud problemlər, onların həll edilməsi məqsədilə təklif və tövsiyələr dinlənilib.
Tədbirdə Palatanın üzvləri və əməkdaşlarından ibarət 83 nəfər iştirak edib.
Tədbir iştirakçıları belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq, mütəmadi keçirilməsini xahiş ediblər.

Qalareya