Azərbaycan Respublikasının Auditorlar Palatasında “Auditor xidməti zamanı yol verilən tipik (səciyyəvi) səhvlər və onların fəsadları (neqativ nəticələri)” və “Fasiləsiz (davamlı) audit. Dövrilikdən davamlılığa keçid - beynəlxalq təcrübə” mövzularında seminar keçirilmişdir

2024-cü ilin 15 aprel  tarixində “Auditor xidməti zamanı yol verilən tipik (səciyyəvi) səhvlər və onların fəsadları (neqativ nəticələri)” və “Fasiləsiz (davamlı) audit. Dövrilikdən davamlılığa keçid - beynəlxalq təcrübə” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Auditor xidməti zamanı yol verilən tipik (səciyyəvi) səhvlər və onların fəsadları (neqativ nəticələri)” mövzusunda seminarı başlayaraq auditor xidməti zamanı yol verilən tipik (səciyyəvi) səhvlər və onların fəsadları, planlaşdırma mərhələsi, icra mərhələsi, tamamlama, təhlil və hesabat və məlumatlandırma mərhələsi haqqında ümumi məlumat verərək sözü məruzəçi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.

N.Talıbov bildirdi ki, auditor xidməti zamanı yol verilən tipik (səciyyəvi) səhvlər və onların fəsadları zamanı ilkin mərhələdə müqavilə imzalamaq səlahiyyətinə malik şəxslər, auditin həcmi, müqavilələrə qanun və qaydalara zidd maddələrin daxil edilib-edilməməsi,  müəyyən edilir.

N.Talıbov mərhələlər haqqında ətraflı məlumat verərək vurğuladı ki, icra mərhələsi aşağıdakı ardıcıllıqla aparılır:

  • İlkin qalıqların təsdiqinə əminlik əldə edilməməsi;
  • Auditin ilkin sənədlərə deyil, reyestrlərə əsasən aparılması;
  • Əhəmiyyətliliyin düzgün müəyyən edilməməsi;
  • Hesabatların, bəyannamələrin və s. sənədlərin son versiyalarının olub-olmaması;
  • Auditor seçməsinin qeyri-adekvatlığı;
  • Risklərin düzgün qiymətləndirilməməsi;
  • Diqqətsizlik;
  • Təqdim olunan ilkin sənədlərin saxlanmasında səhlənkarlıq və s.

Tamamlama, təhlil və hesabat və məlumatlandırma mərhələsi aşağıdakı ardıcıllıqla aparılır:

  • Auditor sübutlarının (təsdiqedici sənədlərin) tam əldə edilməməsi;
  • Təhlilin aparılmaması;
  • Rəyin düzgün formalaşdırılmaması.

Məlumatlandırma isə aşağıdakı ardıcıllıqla olur:

  • Qanunvericilikdə nəzərdə tutulan məlumatlandırma öhdəliklərinin yerinə yetirilməməsi.
  • Rəhbərliyin məlumatlandırılmaması.

Daha sonra Q.Bayramov “Fasiləsiz (davamlı) audit. Dövrilikdən davamlılığa keçid - beynəlxalq təcrübə” mövzusunda seminara keçid edərək fasiləsiz (davamlı) audit, beynəlxalq təcrübə, davamlı auditin ənənəvi auditdən fərqi, davamlı auditin faydaları, davamlı auditdən nə zaman istifadə olunması, davamlı auditin biznesə verdiyi fayda haqqında  ümumi məlumat verərək sözü məruzəçi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.

N.Talıbov davamlı audit haqqında ətraflı məlumat verərək bildirdi ki, davamlı audit mühasibat təcrübələrinin, risklərə nəzarətin, uyğunluğun, informasiya texnologiyaları sistemlərinin və biznes prosedurlarının davamlı qiymətləndirilməsini əhatə edən daxili prosesdir. O, texnologiyaya əsaslanıb və real vaxt rejimində səhvlərin və məlumatların yoxlanılmasını avtomatlaşdırmaq üçün nəzərdə tutulub.

Müəyyən edilmiş qrafikə uyğun və müəyyən fasilələrlə həyata keçirilən ənənəvi auditdən fərqli olaraq, davamlı audit qiymətləndirmə və monitorinqin davamlı olaraq həyata keçirilməsinə imkan verir. Ənənəvi auditlər tez-tez tədbir görüldükdən bir neçə ay sonra aparılır, davamlı auditlər isə real vaxt rejimində məlumat verir və anomaliyaları və səhvləri tez müəyyən edir.

Davamlı auditin bir sıra üstünlükləri var, o cümlədən:

- Qeyri-adi və ya uyğun olmayan fəaliyyətin tez aşkar edilməsi;

- Kiber hücumların monitorinqi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

- Audit proseslərinin optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması;

-Yeni tətbiq edilmiş standartların və prosedurların real vaxt rejimində qiymətləndirilməsi..

Biznes mühitində davamlı audit şəffaflığı, hesabatlılığı və uyğunluğu yaxşılaşdıra bilər. Davamlı audit təcrübələrini tətbiq etməklə, təşkilatlar öz əməliyyatlarını fəal şəkildə izləyə, potensial riskləri müəyyən edə və yerli tənzimləmə tələblərinə uyğunluğu təmin edə bilərlər. Bu, maliyyə hesabatları proseslərinin gücləndirilməsinə, risklərin azaldılmasına və maraqlı tərəflər arasında etimadın yaradılmasına kömək edə bilər.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 82 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası