Auditorlar Palatasında yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair Təlim keçirilib

Auditorlar Palatası sədrinin 2024-cü il 22 fevral tarixli 1/11 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatasında yanğın təhlükəsizliyi üzrə işin təşkili barədə” sərəncamına uyğun olaraq, Palatada yanğın təhlükəsizliyi üzrə işin təşkil edilməsi üçün komissiya yaradılmışdır. Komissiya tərəfindən “Azərbaycan Respublikasının Auditorlar Palatasında yanğın təhlükəsizliyi qaydaları və Azərbaycan Respublikasının Auditorlar Palatasında işləyənlər üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Təlimat” hazırlanmış və Palata sədrinin 2024-cü il 29 fevral tarixli 13 nömrəli əmri ilə təsdiq edilmişdir. Həmin təlimata əlavə olaraq yanğına qarşı rejimin layihəsi,  yanğın təhlükəsizliyi qaydalarının tələblərinə nəzarəti həyata keçirmək üçün məsul şəxs, yanğına dair mühafizə dəstəyinin (könüllülərin) siyahısı da hazırlanaraq təsdiq edilmişdir. Təlimata uyğun olaraq Palatanın bütün əməkdaşları yanğın təhlükəsizliyi qaydaları ilə ətraflı tanış olmuşlar və öz imzaları ilə təsdiq vermişlər.

Auditorlar Palatasında bu məsələlərin ciddiliyini nəzərə alaraq Palatanın rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarının daha dərindən mənimsənilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edilmiş və həmin müraciətə əsasən 2024-cü il 02 aprel tarixində əməkdaşlar üçün Təlim keçirilib.

Təlimi giriş sözü ilə açıq elan edən Auditorlar Palatasının icrası direktoru Səbuhi Gülməmmədov Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin böyük mütəxəssisi Nizami Fərəcovu və FHN-nin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti idarəsinin böyük inspektoru Əhməd Həsənovu salamlayıb və tədbirin əhəmiyyətindən danışıb.

Sonra təlimi aparmaq üçün sözü qonaqlara verib. İlk öncə təlimi Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin böyük mütəxəssisi N.Fərəcov başlayaraq qeyd edib ki, ölkəmizdə yanğın təhlükəsizliyi işinin ciddiliyini nəzərə alan qurumlar arasında Auditorlar Palatası yeganə təşkilatdır ki, bu məqsəd üçün müraciət etmiş və bu müraciət FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib.

N.Fərəcov bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində xalqımızın rifahı günü-gündən yüksəklir, insanların rahatlığı, məişət şəraitinin yaxşılaşması üçün bütün bölgələr keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin olunur, məişətimizə elektrik enerjisi ilə işləyən yeni-yeni cihaz və avadanlıqlar, elektron texnologiyalar daxil olur.

Hal-hazırda elə bir iş yeri, elə bir mənzil tapılmaz ki, orada elektrik enerjisi ilə işləyən cihaz olmasın. İnsanlar demək olar ki, günün əksər hissəsində müxtəlif təyinatlı elektrik cihazlarından istifadə edirlər. Lakin bəzi hallarda elektrik enerjisi ilə işləyən qurğu və cihazlardan istifadə edilərkən yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədikdə yanğınlar baş verir. Yanğınlar isə  maddi ziyanlar vurur, insanların xəsarət alması, hətta onların ölümü ilə nəticələnir. Bütün bunlar isə əhaliyə elektrik enerjisindən istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi işinin daha yüksək səviyyədə təşkil olunmasını tələb edir.

Təlimçilər eyni zamanda Yanğın təhlükəsizliyini təmin etmək üçün nələri bilmək vacibdir? Yanğın təhlükəsizliyini necə təmin etməli? Zəlzələ zamanı təlükəsizlik qaydalarına necə riayət etməli? Yanğına qarşı balonlardan necə istifadə etməli? Yanğın zamanı insanları hansı qaydada evakuasiya etməli? Məişət zəmnində yanğın təhlükəsizliyinə necə riayət etməli? Yanğın baş verən zaman hansı halda 112 xidmətinə və 101 xidmətinə məlumat verməli? Habelə yanğın təhlükəsizliyi ilə bağlı digər məlumatları iştirakçılara bildiriblər.

Sonda təlimçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Palatanın bütün əməkdaşları təlimçilərin təqdimatlarından razı qaldıqlarını bildirərək qeyd olunub ki,  bu tipli tədbirlərin mütəmadi keçirilməsi yanğın hadisələrinin öncədən qarşısının alınmasına öz töhfəsini verəcəkdir. Təlimçilər isə belə vacib bir tədbirin gələcəkdə də keçirilməsi ilə bağlı Auditorlar Palatası ilə əməkdaşlıq edəcəklərini bidiriblər.    

  

  

 

 

Qalareya