Azərbaycan Respublikasının Auditorlar Palatasında “Virtual aktivlərin istifadəsi ilə bağlı ƏL/TMM təhlükələri də daxil olmaqla, yeni ödəniş üsulları və texnologiyalarından sui-istifadə hallarının araşdırılması və təqibi” və “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası” mövzularında seminar keçirilmişdir

2024-cü ilin 15 mart  tarixində “Virtual aktivlərin istifadəsi ilə bağlı ƏL/TMM təhlükələri də daxil olmaqla, yeni ödəniş üsulları və texnologiyalarından sui-istifadə hallarının araşdırılması və təqibi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) və “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov)  mövzularında seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Virtual aktivlərin istifadəsi ilə bağlı ƏL/TMM təhlükələri də daxil olmaqla, yeni ödəniş üsulları və texnologiyalarından sui-istifadə hallarının araşdırılması və təqibi” haqqında məlumat verərək bildirdi ki, virtual aktiv – ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir.

Virtual aktiv xidməti təminatçıları – virtual aktivlərin valyuta sərvətləri, milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, virtual aktivin saxlanılması üçün istifadə edilən virtual aktiv hesabından və ya cüzdanından virtual aktivin digər virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi və ya köçürmənin təşkil edilməsi, virtual aktivlərlə və ya virtual aktivlərə nəzarət etmək imkanı verən alətlərlə əməliyyatların aparılmasının (əqdlərin bağlanmasının) və ya onların saxlanılmasının təşkil edilməsi, virtual aktivlərin alışı, satışı, mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanılması ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən şəxslər.

Öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar.

Öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.

Maliyyə institutları müvafiq riskləri yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyaların istifadəsindən əvvəl qiymətləndirməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən etməlidirlər.

Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə imkan vermirsə və ya müştərinin və benefisiar mülkiyyətçinin müəyyən edilməsində, eləcə də təqdim olunmuş məlumat və sənədlərin həqiqiliyinin yoxlanılmasında aradan qaldırılması mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar varsa, yeni texnologiyaların tətbiqindən imtina edilməlidir.

Sonra Q. Bayramov daha sonra sözü məruzəçi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi. N.Talıbov bildirdi ki, keçən əsrin 90-cı illərinin ortalarında rəqəmsal aktiv dedikdə, paylanan reyestrdə unikal identifikator formasında dövriyyədə olan, istifadəsi mümkün, “ikili say sistemi” üzərindən qurulan və dəyər üzərində mülkiyyət hüququndan irəli gələn istənilən informasiya resursu və ya qeyri-maddi aktiv başa düşülürdü. Həmin dövrdə rəqəmsal aktivlər video, şəkil, səs və sənəd kimi informasiya resursları ilə ifadə olunurdu. Lakin daha sonralar texnoloji inkişaf səviyyəsi yüksəldikcə, bu terminin əhatə dairəsinə daha geniş və daha mürəkkəb alətlər də daxil edilmişdir. Rəqəmsallaşmanın ilk nümunəsi kimi elektron sənəd dövriyyəsinə keçidi göstərmək olar. Rəqəmsallaşma sisteminin əsasında “İkili say sistemi” durur. Kompüterlər istənilən bir məlumatı (hər hansı bir mətn, rəqəm, səs, qrafik və s.) yalnız iki simvoldan ibarət uzun bir kod şəklində saxlayaraq emal edirlər. Müvafiq prosesi rahatlaşdırmaq üçün bütün məlumatlar ikili (binar) hesablama sistemi formasına salınmışdır. Kompüterlərin yaddaşında olan binar kodların sonradan insanlara anlaşılan formada təqdim edilməsi isə dekodlaşdırma adlanır. Müvafiq rəqəmsal texnologiyaların yaratdığı üstünlüklər sayəsində banklar və digər maliyyə institutları öz müştərilərinə ənənəvi xidmətləri distant formada təklif etməyə başladılar. Rəqəmsallaşmanın şirkətlərə verdiyi digər üstünlüklərdən biri də əməliyyat xərclərinin aşağı salınmasıdır. Bunun nəticəsində İT şirkətlərinin maliyyə bazarına (“techfin”), maliyyə şirkətlərinin isə İT sektoruna (“fintech”) daxil olmasına imkanlar yaranmışdır. Rəqəmsal aktiv bütün digər aktivlər (qeyri-rəqəmsal) kimi mütləq olaraq tələb və təklif ilə müəyyən olunan maliyyə dəyərinə malik olmalıdır. Rəqəmsal mülkiyyət anlayışını informasiya texnologiyasından istifadə edərək elektron formada yaradılmış rəqəmsal obyektlər olan kompüter animasiyası, elektron musiqi, rəqəmsal rəsm daha yaxşı təsvir edir. Elektron formada mövcud olan bu obyektlər də əqli mülkiyyət sahəsinə aid edilir. Rəqəmsal aktivləri iki hissəyə bölünür: maddi formada təcəssüm oluna bilən aktivlər (məsələn, elektron pullar) və iqtisadi dəyəri olan qeyri-maddi formaya malik aktivlər (məsələn, kriptovalyuta). Rəqəmsal aktivlərin sonuncu forması daha çox “virtual aktiv” və ya “virtual mülkiyyət” kimi adlandırılır.

Daha sonra Q.Bayramov “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”  mövzusunda seminara keçid edərək bildirdi ki, elektron köçürmələr – maliyyə vəsaitlərinin fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyə institutlarının təqdim etdiyi elektron üsullarla (bank və digər ödəniş hesabı vasitəsilə, hesab açmadan və ya yeni ödəniş metodları ilə) vəsaiti alana (elektron köçürmə zamanı ödəyici və vəsaiti alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə aparılan transsərhəd və ya ölkədaxili əməliyyatlar. Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilmir.

Maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər.

Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər:

Işgüzar münasibətlərin yaradılmasından əvvəl;

Iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);

Maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl;

Əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;

Əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.

Müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, hesab açılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.

Sonra Q. Bayramov daha sonra sözü məruzəçi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi. N.Talıbov bildirdi ki, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı  müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasının müddəaları fiziki şəxslərin və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qurumların (hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar, dövlət və ya qeyri-dövlət orqanları (qurumları)) yerli banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir.

Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilmir.

Elektron köçürmələr zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.17-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəllər həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə güvənilə bilər və bu tədbirlərin təkrar həyata keçirilməsi tələb edilmir.

Bu Qaydanın digər müddəalarından asılı olmayaraq emitent, vasitəçi və benefisiar maliyyə institutları elektron köçürmələr zamanı bu Qayda ilə müəyyən edilmiş tədbirlərlə yanaşı, ödəyici və vəsait alanın hədəfli maliyyə sanksiyalarının tətbiq edilməli şəxslərin siyahısında olmasını müəyyən etdikdə bu Qaydanın 1.1-ci bəndində göstərilən qanunlara müvafiq tədbirlər görməlidirlər.

Elektron köçürmələr zamanı bu Qayda ilə tənzimlənməyən məsələlər nağdsız hesablaşmalar və pul köçürmələri, habelə xarici valyutada əməliyyatların aparılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları ilə tənzimlənir.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 75 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası