Auditorlar Palatasının kollektivi “Ana harayı”  abidəsini ziyarət ediblər

Auditorlar Palatasının kollektivi 2024-cü il 26  fevral tarixində “Xocalı soyqırımı - insanlığa qarşı cinayət” faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.

Azərbaycan xalqının qan yaddaşına çevrilmiş 26 fevral Xocalı hadisələrindən 32 il  keçməsinə baxmayaraq, həmin gün çoxlu sayda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın yaralanması şübhəsiz, xalqımız üçün böyük dərd, faciə və Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.

Bütün dünyaya məlumdur ki, bu soyqırım zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib,130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdır, Azərbaycanın həyatında yeni dövr başlayır. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır.

Fəxr hissi ilə qeyd etmək istəyirik ki, artıq istər 1-ci və istərsə də 2-ci Qarabağ müharibəsində həlak olan baba və nənələrin, ata və anaların, qardaş və bacıların, körpə uşaqların ruhu şaddır və onların ailə üzvləri bu günü gördülər, lakin çox təəssüf edirik ki, şəhidlərimiz bu günü görmədilər.

Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

  

  

 

Qalareya