2024-cü ilin 15 fevral tarixində “Vergi məcəlləsinin və Maliyyə Hesabatlarının praktiki tətbiqi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Sərbəst auditor –Şamxal Kərimov), “Beynəlxalq Audit Standartlarında və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında edilmiş son dəyişikliklər” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov), “Auditorlar Palatası tərəfindən aşkar edilmiş (ölkə, sahəvi və institusional) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə zəifliklər və təhdidlər” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) və “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin müqabilində öhdəlik daşıyan şəxslərin, auditor xidməti göstərən şəxslərin, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin geriyə məlumatlandırılmasına dair Qaydalar” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) mövzularında seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını üzvlərini salamlayaraq “Vergi məcəlləsinin və Maliyyə Hesabatlarının praktiki tətbiqi” mövzusunda seminar haqqımda məlumat verərək bildirdi ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033 – VIQD nömrəli qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli Fərmanı olmuş və bu Fərman 2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Milli Məclisə təqdim etdilmiş Azərbaycan Respublikasının Vergi Məclisində dəyişikliklər edilməsinə dair layihə Auditorlar Palatasında 2023-cü ilin 21 noyabr tarixinədə təşkil edilmiş “Dəyirmi masa”da geniş müzakirə olunmuşdur. Həmin layihədə qeyd olunan bəzi dəyişikliklər mikro sahibkarlıq subyektləri olan auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətində ciddi problemlər yaradacağını nəzərə alaraq Vergi Məcəlləsinin 50.4-1, 67.2, 67.3, 67.14, 102.1.11-1, 102.1.30, 106.1.20, 102.1.20 maddələrində dəyişikliklər edilməsinə dair təkliflərimizi və şərhlərimizi Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri cənab Tahir Mirkişiliyə təqdim etdik. Sonra İqtisadiyyat Nazirliyinin Vergi Xidmətindən Auditorlar Palatasına göndərilən məktubda qeyd edilmişdir kii, Sizin təklifləriniz hal-hazırki dövrdə qəbul edilmir, onların bəzilərinə gələcəkdə baxıla bilər.
Q.Bayramov sonra sözü məruzəçilərə - Elnur İbrahimova və Şamxal Kərimova verdi. Məruzəçilər Ümumi müddəalar və vergi inzibatçılığı, Vergi ödəyicisi və vergi orqanlarının hüquq və vəzifələri, Riskli Vergi Ödəyiciləri, Maliyyə sanksiyaları, Vergilərin ödənilməsi üzrə ümumi qaydalar, Vergi Nəzarəti, Vergilərin ödənilməsi üzrə ümumi qaydalar/E-qaimə fakturaları, Vergi orqanında şikayətə baxılma, Gəlir və Mənfəət Vergiləri, Fiziki şəxslərin gəlir vergisi, Hüquqi şəxslərin mənfəət vergisi, Mikro sahibkarlıq subyektləri, Hesabatların verilməsi/Cari vergi ödəmələri, Ödəmə mənbəyində vergi, Kənd Təsərrüfatı, Əlavə Dəyər Vergisi, Maliyyə Lizinqi, Aksiz vergisi, Əmlak və torpaq vergisi, Sadələşdirilmiş vergi, Sahibkarlıq sahəsində yoxlamalar haqqında geniş məlumat verdilər.
Məruzəçilər bildirdi ki, Səyyar vergi yoxlamasının aparıldığı dövrdə mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi bəyannaməsinin təqdim edilməsi müddəti başa çatdıqda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr artırıla bilər.
Operativ vergi nəzarətinin əhatə edəcəyi dövr səyyar vergi yoxlamasında olduğu kimi aşağıdakı müddətlərdə müəyyənləşir:
Hesabat dövrü qurtardıqdan sonra 3 il;
Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il;
Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları ilə bağlı 7 il.
Məruzəçilər eyni zamanda aşağıdakı bir sıra maddələrdəki dəyişikliklər və yeni maddələr haqqında ətraflı bəhs etdilər:
Yeni maddə -67.3-1. Rentabellik 50%
Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.
Maddə 108.1. Rentabillik 1 il müddətinə 50%
Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Lakin, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci il yanvarın 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir.
63.1. Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir.
Şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.
Yeni maddə -140.7
Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda bu əməliyyat Vergi Məcəlləsinə maliyyə lizinqi tələblərinə uyğun gəlmədikdə, belə əməliyyat retrospektiv olaraq maliyyə lizinqi deyil, əmlakın icarəyə verilməsi hesab edilir.Bu halda, vergitutma bazasına düzəliş qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövrünün vergi bəyannaməsində aparılır.
Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə təqdim edirsə, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.
Sonra Q.Bayramov “Beynəlxalq Audit Standartlarında və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında edilmiş son dəyişikliklər” mövzusunda seminar haqqımda məlumat verərək bildirdi ki,Beynəlxalq Audit Standartlarında və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında 2022-ci və 2023-cü illərdə bir sıra dəyişikliklər edilmişdir. Maliyyə Hesabatlarının praktiki tətbiqində həmin dəyişikliklərin nəzərə alınması çox vacib məsələlərdən biridir.
Təsərrüfat subyektlərinin maliyyə hesabatlarının düzgünlüyünün auditini apararkən Beynəlxalq Audit Standartlarında və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında edilmiş son dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Q. Bayramov daha sonra sözü məruzəçi N.Talıbova verdi.
N.Talıbov bildirdi ki, Yeni standart MHBS 17 Sığorta Müqavilələri 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir. MHBS 4 Sığorta Müqavilələri kimi , yeni standart sığorta müqavilələrinin uçotunda şəffaflığı artırmaq məqsədi daşıyır. BMHS 17 sığorta müqavilələri üçün məlumatların tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Bu məlumat maliyyə hesabatlarının istifadəçiləri tərəfindən sığorta müqavilələrinin şirkətin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsirini qiymətləndirmək üçün istifadə olunur.
25 may 2023-cü il tarixində IASB Təchizatçıların Maliyyələşdirilməsi (əks faktorinq) ilə bağlı 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minmiş BMHS 7 Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və BMHS 7 Maliyyə Alətləri: Açıqlamalar standartlarına dəyişikliklər etdi.
Yeni açıqlama tələbləri 1 yanvar 2024-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minəcək. Qeyri-adi qısa icra müddəti nəzərə alınmaqla müəyyən edilmişdir:
Sonra Q.Bayramov “Auditorlar Palatası tərəfindən aşkar edilmiş (ölkə, sahəvi və institusional) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə zəifliklər və təhdidlər” mövzusunda seminar haqqımda məlumat verərək “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrindən bəhs etdi:
Maddə 21. Ölkə risk qiymətləndirilməsinin tətbiqi
21.1. Ölkə risk qiymətləndirilməsi ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə atılan tədbirlərdən ibarətdir.
21.2. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi sahəvi və institusional qiymətləndirmələrin nəticələrinə əsaslanmaqla Koordinasiya Şurası tərəfindən aidiyyəti nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, həmçinin əlaqəli sahələrin nümayəndələrinin iştirakı ilə ən azı 3 ildə bir dəfə həyata keçirilir.
21.3. Ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabat maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilməli, ölkə risk qiymətləndirilməsinin bütün iştirakçılarına, o cümlədən nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə göndərilməlidir. Sahəvi və institusional risk qiymətləndirmələrinin nəticəsi olaraq ölkə risk qiymətləndirilməsinə dair hesabat yenilənə bilər.
21.7. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.
21.8. Ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmələr və cinayət təqibi orqanlarından zəruri statistik məlumatları öz informasiya sistemi vasitəsilə toplayır, emal edir, ümumiləşdirir və aidiyyəti üzrə təqdim edir.
Həmin mövzu haqqında məlumat verdikdən sonra Q.Bayramov sözü məruzəçi N.Talıbova verdi.
N.Talıbov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
N.Talıbov eyni zamanda Qanunun 25 maddəsi haqqında da ətraflı məlumat verdi.
Sonda Q.Bayramov “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin müqabilində öhdəlik daşıyan şəxslərin, auditor xidməti göstərən şəxslərin, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin geriyə məlumatlandırılmasına dair Qaydalar” mövzusunda seminar haqqımda məlumat verərək bildirdi ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il 30 dekabr tarixli 781 – VIQ nömrəli Qanunu qəbul edilmişdir. Qanun 25 maddədən ibarətdir.
Maddə 12 “Auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən təqdim olunan məlumat və sənədlər” 3 yarımbənddən ibarətdir.
Maddə 19 “Geriyə məlumatlandırma” 6 yarımbənddən və 4 altbənddən ibarətdir.
Maddə 19.1. Bu Qanunla müəyyən edilmiş qaydada təqdim edilmiş məlumat və sənədlər üzrə görülən tədbirlərin nəticəsinin izlənilməsi, keyfiyyətə nəzarət edilməsi və statistik məlumatların toplanması məqsədilə məlumat və sənədləri alan orqanın (qurumun) müvafiq məlumatları bu Qanunun 19.3–19.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərən tərəfə təqdim etməsidir.
Həmin mövzu haqqında məlumat verdikdən sonra Q.Bayramov sözü məruzəçi E.İbrahimova verdi.
E.İbrahimov“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12-ci Maddəsisinin “Auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən təqdim olunan məlumat və sənədlər” aşağıdakı yarımbəndləri haqqında məlumat verdi:
12.1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar, habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror təşkilatları və ya terrorçuluğu maliyyələşdirən hər hansı şəxslə bağlı olmasına və ya bu şəxslər tərəfindən istifadə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar müəyyən edərlərsə, bu barədə məlumat və sənədləri bu Qanunun 11.4-cü maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.
12.2. Auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman əldə etdikləri bütün məlumat və sənədləri ən azı 5 il müddətində saxlamalıdırlar. Bu müddət maliyyə monitorinqi orqanı və ya nəzarət orqanının qərarı ilə 5 ilədək uzadıla bilər.
12.3. Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 90 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Qalareya