Auditorlar Palatasında “02 Fevral - Gənclər Günü”nə həsr edilmiş onlayn tədbir keçirilib

Auditorlar Palatasında Palatanın üzvləri və əməkdaşlarının iştirakı ilə 2024-cü ilin 02 fevral tarixində “02 Fevral - Gənclər Günü”nə həsr edilmiş onlayn tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Palatının icraçı direktoru Səbuhi Gülməmmədov dövlətimiz və Prezidentimiz tərəfindən gənclərə göstərilən diqqət, qayğı və gənclərin inkişafı uğrunda edilən islahatlardan ətraflı danışıb. Belə ki, o 1994-cü il 26 iyul tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasından, 1997-ci il 02 fevral tarixində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Gənclər Günü”nün təsis edilməsindən, 2 il sonra, yəni 1999-cu ildə BMT-nin qətnaməsi ilə 12 avqust “Beynəlxalq Gənclər” günü elan olunmasından, 1997-ci ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra Gənclər və İdman Nazirliyi ilə birlikdə regionlarda yaratdığı olimpiya kompleksləri və gənclər mərkəzlərindən, ölkə Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamına əsasən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaqları ilə bağlı Dövlət Proqramının təsdiq olunmasından, 2011-ci il 19 dekabr tarixində Gənclər və idman Nazirliyi yanında Gənclər Fondunun təsis edilməsindən, gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətindən və müvafiq dövlət strukturlarında gənclərimizin rəhbər vəzifələrə təyin edilməsindən, Heydər Əliyevin siyasətinin uğurlu davamçısı İlham Əliyevin də gənclərə böyük önəm verməsindən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 7 mart tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılmasından, gənclərin öz ideyalarını reallaşdırması üçün yeni və innovativ  “Gənclər portalının” istifadəyə verilməsindən  bəhs edib.

S.Gülməmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da rəhbərliyi və təşəbbüsü əsasında gənclərə göstərilən diqqətdən, gənclərin inkişafı üçün həyata keçirilən tədbirlərdən, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin yetişdiriilməsinə, onların ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün atdığı addımlardan danışıb.

S.Gülməmmədov eyni zamanda Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun da Palatada fəaliyyət göstərən gənclərə göstərdiyi diqqət və dəstəyindən danışaraq Palatada fəaliyyət göstərən bir çox gəncin rəhbər vəzifələrə və müvafiq strukturlara təyin olunmasından və günü-gündən gənc Palata üzvlərinin və əməkdaşlarının artmasından bəhs edib.

S.Gülməmmədov 44 günlük II Vətən müharibəsində Azərbaycan gənclərinin bir daha öz dövlətinin, millətinin və Prezidentinin yanında olduğunu sübut etdiyini, onların canları və qanları bahasına torpaqlarımızın azad edilməsi uğrunda döyüşərək ölkəmizin, millətimizin azadlığı naminə öz gəncliklərini fəda etdiklərini vurğulayıb.

Sonra tədbirdə Palata sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatasının üzvü, “SR Audit Solutions” MMC-nin direktor – auditoru Səftər Vəlizadə, İnsan resursları üzrə menecer Nərgiz Abdullayeva, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin baş mütəxəssisi, sərbəst auditor Nigar Alxaszadə, Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Zaur Almazov, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin müdiri Həbibə Məmmədova, “Modern Audit Servis” MMC-nin direktor – auditoru Ramal Mehdizadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının gənclərə göstərdiyi diqqət və qayğıdan və daim Prezidentimizin siyasətini rəhbər tutan Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun gəncləri dəstəkləməsindən bəhs ediblər.

Tədbirin yekununda S.Gülməmmədov Palata əməkdaşlarının və üzvlərinin də ölkədə gedən ictimai-siyasi, iqtisadi, sosial fəaliyyətində yaxından iştiraklarını və hər birinin millətimizin, ölkəmizin, Prezidentimizin yanında olduğunu vurğulayaraq bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, Auditorlar Palatasının əməkdaşları və üzvləri hər zaman ölkəmizin ictimai-siyasi proseslərində fəal iştirak etməklə bərabər seçkilərdə də müşahidəçi qismində cəlb olunurlar. Çox sevindirici haldır ki, 2024-cü il 07 fevral tarixində də keçiriləcək Prezident seçkilərində Palatanın bir qrup əməkdaşları seçkidə müşahidəçi qismində iştirak edərək prosesə nəzarət edəcəklər.

Sonda S.Gülməmmədov 2024-cü il 07 fevral tarixində keçiriləcək Prezident seçkilərində hamını fəal iştirak etməklə yanaşı möhtərəm Prezidentimizə dəstək olmağa çağırıb.