Auditorlar Palatasında Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması üzrə İşçi qrupunun iclası keçirilib

Ölkəmizdə auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidmətinin göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə iş planının         1.2.4-cü “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması” bəndində və Auditorlar Palatası sədrinin 2024-cü il 16 yanvar tarixli 1/3 nömrəli “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması barədə” Sərəncamında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar 2024-cü il 30 yanvar tarixində Auditorlar Palatasında İşçi qrupunun onlayn iclası keçirilib.

İclası Auditorlar Palatasının icraçı direktoru, İşçi qrupunun rəhbəri Səbuhi Gülməmmədov işin məqsədindən söz açaraq bildirib ki, Azərbaycan Respublikasında auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək, habelə yeni fəaliyyətə başlamış auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditin düzgün aparılmasına metodik yardımın göstərilməsi tələbi qarşıya qoyulub.

S.Gülməmmədov qeyd edib ki, bu məqsədə nail olmaq üçün Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanmasını qısa müddətdə təmin etmək lazımdır.

İşin operativ həlli üçün isə işçi qruplarının müntəzəm toplanması və müvafiq təkliflərin verilməsi, hazırlanacaq layihənin müvafiq qaydada işçi qrupunda geniş müzakirəsinin təşkil olunması, müzakirə olunmuş materialın son variantının hazırlanması və Palata Şurasının müzakirəsinə təqdim olunması istiqamətində tədbirlər görülməlidir.

S.Gülməmmədov eyni zamanda İşçi qrupunun hər bir üzvünə tapşırıq verərək bildirib ki, Sərəncamın icrasının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün hər birimizdən daha məsuliyyətli olmağımız tələb olunur.

Sonra İşçi qrupunun üzvləri: Namiq Abbaslı – Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədri, “ANR Audit” MMC-nin direktoru-auditor, Elnurə Abdinova – “Caspian Consulting and Partners” MMC-nin direktoru-auditor, Elxan İsmayılov – “Elvi Audit” MMC-nin direktoru-auditor, Müşfiq Əliyev – “HLB Audit” MMC-nin direktoru, Aqşin Əhmədov – “İAS” MMC-nin direktoru-auditor, Ramal Mehdizadə – “Modern Audit Service” MMC-nin direktoru-auditor, Aygün Səfərova – Auditorlar Palatasının üzvü, sərbəst auditor, Səməd İsgəndərov – “Compass Audit-Consulting” MMC-nin direktoru-auditor və Qoşqar Əhmədov – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi çıxış edərək Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanmasının vacib olduğunu söylədilər və bu istiqamətdə öz təcrübələrindən istifadə edərək qısa müddətdə təkliflərinin təqdim edəcəklərini bildiriblər. İşçi qrupunun hər bir üzvü bildiriblər ki, belə bir sənədin hazırlanması auditor təşkilatlarının və sərbəst auditorların audit bazarında işlərinin daha düzgün qurulmasına öz töhfəsini verəcəkdir və bu təşəbbüsə görə Palatanın rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.

Sonda bir daha vurğulanıb ki, işin nəticəsində bu normativ metodik vəsaitdən auditor xidməti bazarında auditin göstərilməsi üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlar istifadə edəcəkdir.

 

 

Qalareya