Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov: İctimai radio aparıcısının suallarını cavablandırıb – MÜSAHİBƏ

  • Səbuhi müəllim, bu il ölkəmizdə 10 auditor şirkətinin lisenziyası ləğv edilib, bu nə ilə bağlıdır?
  • Və audit peşəsi ilə məşğul olmaq üçün hansı sənədlər lazımdır  və lisenziyanı necə almaq olar?

Təşəkkür edirəm, məlumat üçün bildirirəm ki, bəli 23 yanvar 2024-cü il tarixində 10 auditor təşkilatının və fiziki şəxs olan sərbəst auditorun fəaliyyəti  dayandırılmışdır. Dayandırılmanın məqsədi ondan ibarətdir ki, ötən il ərzində Azərbaycan Respublikasının Auditorlar Palatasına olan üzvlük haqqı  borclarını ödəməmişdir.  2023-cü ilin 28 dekabr tarixində Palata Şurasının qərarı ilə həmin üzvlərə 2024-cü il 20 yanvar tarixinə qədər vaxt verilmişdir ki, ödənişi təmin etsinlər. Təəssüflər olsun ki,  bu xəbərdarlığa baxmayaraq, ödəniş təmin olunmamışdır. Bu səbəbdən həmin üzvlərin  fəaliyyəti 2024-cü il 22 yanvar tarixindən müvəqqəti olaraq dayandırılmışdır. Məlumat üçün bildirmək istərdim ki, artıq həmin auditor təşkilatlarından 5-i ödəniş edərək, fəaliyyətini yenidən bərpa etmişdir. Digərlər isə hələlik olduğu kimi qalır.

  • Səbuhi müəllim, üzvlük haqqının rüsümu nə qədərdir?

         Hüquqi şəxslər üçün 5972 AZN, fiziki şəxslər, yəni sərbəst auditorlar üçün 2920 AZN təşkil edir.

  • Bu borc bir neçə ilin borcu olduğu üçün ləğv olunub lisenziyalar?
  • Xeyr, bu yalnız 2023-cü il üzrə ödənilməmiş üzvlük haqqıdır. Bundan öncə ki, dövr ərzində borcları olmamışdır.
  • Səbuhi müəllim Lisenziyaya necə sahib olmaq olar?

       Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvləri hüquqi və fiziki şəxslərdən ibarətdir.  Hüquqi şəxslər İqtisadiyyat Nazirliyi yanında Vergi xidmətinə müraciət edərək dövlət qeydiyyatına alınmışdır. Sərbəst auditor adı almaq üçün isə qanunvericiliyə uyğun olaraq, imtahan verirlər. Azərbaycan Respublikasında sərbəst auditor kimi fəaliyyət göstərmək üçün bəzi şərtlər tələb olunur:

1-ci növbədə Azərbaycan Respublikasının vətəndaşı olmaq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyət ilə məşğul olmaq hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi olmalı, mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmalı,  sərbəst auditor imtahanlarını verməlidir. Tamah məqsədilə cinayət törətmək üstündə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxslər auditor ola bilməzlər.

Bütün bu şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşı  Auditor adı almaq üçün müraciət edə bilər. Bu şərtlərə cavab verən vətəndaşlar Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təyin olunmuş 9 nəfərdən ibarət komissiya üzvləri tərəfindən təşkil olunmuş imtahanda iştirak edirlər. Komissiyanın əsas fəaliyyəti müvafiq Əsasnaməyə uyğun müəyyənləşdirilmişdir. 9 nəfərdən ibarət komissiya üzvünün 3-ü Auditorlar Palatasının əməkdaşı, 1 nəfər Mərkəzi Bankın nümayəndəsi,1 nəfər Vergi xidmətinin nümayəndəsi, 1 nəfər İqtisadçı alimlərdən olan nümayəndə, digər  2 nəfər isə auditor təşkilatının və sərbəst auditorların təmsilçisidir. İmatahanlar il ərzində minimum 3 dəfə keçirilir. Müraciət edən hər bir  Azərbaycan vətəndaşı qanunvericiliyin 6-cı maddəsinə (“Auditor xidməti haqqında” Qanundan söhbət gedir) əsasən imtahanı verərək ölkəmizdə auditor fəaliyyəti ilə məşğul ola bilərlər.

  • Təşəkkür edirəm ətraflı məlumat üçün.