Azərbaycan Respublikasının Auditorlar Palatasında 2024-cü ilin 18 yanvar tarixində 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib.
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov tədbiri açıq elan etdikdən sonra tədbir iştirakçıları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Bakı şəhərində faciəli surətdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.
Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov çıxış edərək qəhrəman şəhidlərimizin 19 yanvardan 20 yanvara keçən gecədə Azərbaycanın üstünə çökən kabusa, Sovet Ordusunun qorxunc və qanlı basqınına qarşı sinə gərərək, birlik və bərabərliyini dünyaya isbatından danışıb.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.
F.İsmayılov Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyəyə yalnız bir neçə il sonra ümummilli liderin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsini qeyd edib.
Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
F.İsmayılov daha sonra 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd etdi. Palata sədrinin müavini II Qarabağ Müharibəsindən və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müharibədən sonra Qarabağda aparılan möhtəşəm quruculuq işlərindən və uğurlu iqtisadi islahatlardan ətraflı şəkildə danışıb.
Eyni zamanda F.İsmayılov Azərbaycan xalqının çox xoşbəxt xalq olduğunu dilə gətirərək qeyd edib ki, biz çox xoşbəxt xalqıq ki, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lideri Heydər Əliyev kimi Prezidentimiz olub və onun ideyalarını, uzunmüddətli gələcəyə istiqamətlənmiş siyasətini uğurla davam etdirən İlham Əliyev kimi Pezidentimiz var. Çox sevinirik ki, möhtərəm Prezidentimiz 2003-cü ildə Prezident seçilərkən öz xalqına, millətinə, şəhidinə, qazisinə müqəddəs qurana and içərək verdiyi sözü yerinə yetirməklə bərabər, hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut edib.
Sonra tədbirdə Auditorlar Palatasının üzvü, Auditorlar Palatasının Şurası yanında Etika, Mübahisələr və İntizam Komissiyasının sədri Kamil Hüseynov, “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslı, “VXA - Audit” MMC-nin direktor-auditoru Elçin Qurbanov, Sərbəst auditor İlham Süleyman, Sərbəst auditor Vidadi Talıbov, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, Sərbəst auditor Hafiz Əhmədov bu qanlı hadisələrin canlı şahidləri olduqlarını və o gecənin ağrısını yaşadıqlarını bildirib.
Tədbirdə qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan xalqının yeni tarixi səhifə və şəhid olmuş qəhrəmanlarımızın 20 Yanvardan başlanan müstəqillik amalının yeni qəhrəmanlıq salnaməsi yazılıb.
Məhz ona görə də 20 yanvar gecəsinin heç vaxt unudulmayacağını və Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacağını bildiribər.
Sonda Fəxrəddin İsmayılov 20 yanvar şəhidləri ilə bərabər bütün şəhidlərə Allahdan rəhmət diləyib və onların ruhları qarşısında baş əyərək şəhidlərimizin daima qəlblərimizdə yaşayacaqlarını bildirib.

Qalareya