2024-cü ilin 17 yanvar tarixində “Auditorlar Palatasının əməkdaşları və üzvləri üçün sahəvi risklər” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov), “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərin Təqdimatı” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov), “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikasının Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə” Metodik Göstəriş (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) və “Dövlət satınalmaları haqqında qanunvericilikdə dəyişikliklər” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını üzvlərini salamlayaraq “Auditorlar Palatasının əməkdaşları və üzvləri üçün sahəvi risklər” mövzusunda seminara başladı. Q.Bayramov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununda Müştəri uyğunluğu tədbirləri, Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar, Yeni texnologiyalar, Yüksək riskli zonalar, Daxili nəzarət proqramı, Auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən təqdim olunan məlumat və sənədlər, Maliyyə monitorinqi orqanı, Ölkə risk qiymətləndirilməsinin tətbiqi və Ölkə risk qiymətləndirilməsinin tətbiqi ilə bağlı maddələri haqqında geniş məlumat verdi. Q.Bayramov eyni zamanda 315 saylı BAS “Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və 320 saylı BAS “Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri” haqqında məlumat verərək bildirdi ki, 315 saylı BAS müəssisə və onun mühitinin, o cümlədən daxili nəzarətinin öyrənilməsi yolu ilə maliyyə hesabatlarında əhəmiyyətli təhriflər riskini müəyyən etmək və qiymətləndirməklə bağlı auditorun məsuliyyətindən, 320 saylı BAS isə auditor tərəfindən 315 saylı (düzəliş edilmiş) BAS-al uyğun şəkildə maliyyə hesabatlarının auditində müəyyən edilərək qiymətləndirilmiş əhəmiyyətli təhrif risklərinə qarşı cavab tədbirlərini hazırlamaq və həyata keçirməklə bağlı auditorun məsuliyyətindən bəhs edir.
Məruzəçi, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov mövzu haqqında geniş məlumat verərək Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun maddələrindən bəhs etdi. N.Talıbov Maddə 4. Müştəri uyğunluğu tədbirlərindən bəhs edərkən bildirdi ki, öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında və risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
N.Talıbov Maddə 9. Yüksək riskli zonalarından bəhs edərkən isə bildirdi ki, yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda və digər ödəniş xidməti təchizatçılarında hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.
Daha sonra Q.Bayramov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərin Təqdimatı” mövzusunda seminara keçid edərək Təqdimat haqqında geniş məlumat verərək bildirdi ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərin təqdimatı” barədə sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli 781-VIQ nömrəli Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq hazırlanmışdır.
Q.Bayramov Təqdimatın 21 bölməsi haqqında qısa məlumat verdi.
Daha sonra Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov bəhs edilən Təqdimat haqqında məlumat verərək bildirdi ki, auditorlar tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə müştəri uyğunluğu, üçüncü şəxslərə güvənmə, məlumat və sənədlərin saxlanılması öhdəliyi, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar, yeni texnologiyalar, yüksək riskli zonalar, daxili nəzarət proqramı, monitorinq olunmalı əməliyyatlar, öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramı çərçivəsində görməli olduqları önləyici tədbirlər çox böyük əhəmiyyətə malik olduğuna görə onlara xüsusi diqqət yetirilməlidir.
Auditorlar nəzərə almalıdır ki, maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər.
Daha sonra Q.Bayramov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikasının Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə” Metodik Göstərişlə bağlı seminara keçid edərək sözü məruzəçi E.İbrahimova verdi.
E.İbrahimov Metodik Göstərişin Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 14 dekabr tarixli 361/10 nömrəli qərarı ilə təsdiqləndiyini bildirdi.
E.İbrahimov qeyd etdi ki, Bu “Metodik göstəriş” “Auditor xidməti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli Maliyyə Sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Monitorinqi Xidməti tərəfindən qəbul edilmiş normativ hüquqi aktlar, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”na, Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2023-cü il 28 mart tarixli 1/10 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Auditorlar Palatasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-cü il üzrə İş Planı”na, Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2023-cü il 14 sentyabr tarixli 1/19 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Auditorlar Palatasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2024-cü il üzrə İş Planı”na, digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının Auditorlar Palatası və Maliyyə Monitorinqi Xidməti arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair memoranduma, “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin (Beynəlxalq Müstəqillik Standartları ilə Birlikdə) müddəalarına uyğun olaraq hazırlanmışdır.
“Metodik göstəriş”in əsas məqsədi Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərən şəxslər tərəfindən ölkəmizin qanunvericilik aktlarına, Beynəlxalq Audit Standartlarına, “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nə (Beynəlxalq Müstəqillik Standartları ilə Birlikdə) uyğun olaraq peşə etikası qayda və normalarına riayət edilməsi üzrə tədbirlərin həyata keçirilməsindən, auditor xidmətlərinin göstərilməsi zamanı yol verilmiş nöqsan və çatışmazlıqların ardan qaldırılmasından, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli Maliyyə Sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən nəzarətin gücləndirilməsi, bununla bağlı auditorların fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədilə monitorinq aparmaq, monitorinqin nəticələri üzrə zəruri tədbirlər görməkdən ibarətdir.
Daha sonra Q.Bayramov “Dövlət satınalmaları haqqında qanunvericilikdə dəyişikliklər” mövzusunda seminara keçid edərək “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunundan bəhs etdi. Q.Bayramov həmin qanunun 59 maddəsi haqqında qısa məlumat verdi:
Daha sonra məruzəçi E.İbrahimov Qanun haqqında məlumat verərəkən bildirdi ki, Qanunun tətbiq dairəsi aşağıdakı kimidir:
3.1. Bu Qanunun 3.2 – 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir.
3.2. Bu Qanun aşağıdakı malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:
3.2.1. yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər;
3.2.2. kreditlərin alınması;
3.2.3. qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlər;
3.2.4. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
3.2.5. notariuslar tərəfindən aparılan notariat hərəkətləri;
3.2.6. büdcədənkənar dövlət fondlarının vəsaitlərinin investisiyaya yönəldilməsi (yerləşdirilməsi), habelə investisiya məqsədli aktivlərin alınması, satılması, dəyişdirilməsi, saxlanılması, yerləşdirilməsi və (və ya) idarə edilməsi ilə bağlı xidmətlər;
3.2.7. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 65-1-ci maddəsində nəzərdə tutulmuş mallar, işlər və ya xidmətlər;
3.2.8. müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər;
3.2.9. bu Qanunun 3.11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlər.
3.3. Beynəlxalq təşkilatların verdiyi vəsaitlər hesabına satınalmalar bu təşkilatlarla bağlanılan müqavilədə ayrı qayda nəzərdə tutulduğu halda həmin müqavilədə razılaşdırılmış qaydada həyata keçirilir.
3.4. Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
3.5. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada birbaşa hakimlərin bank hesabına köçürülür.
3.6. Bu Qanunun müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
3.7. Lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan müqavilə əsasında idarəetməyə verilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində idarəetmə müqaviləsində müəyyən olunan qaydada həyata keçirilir.
3.8. Bu Qanunun 3.9-cu və 58-ci maddələrinin tələbləri istisna olmaqla, bu Qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək) olan satınalmalara şamil edilmir.
3.9. Bu Qanunun 3.8-ci maddəsində göstərilən halda satınalan təşkilat müvafiq satınalmalarla bağlı müqavilə imzalandıqdan sonra 3 (üç) iş günü ərzində bu Qanunun 38.11-ci maddəsinə uyğun olaraq müvafiq məlumatı portalda yerləşdirir.
3.10. Bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri tərəfindən həmin maddəyə uyğun olaraq malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş kommersiya hüquqi şəxsləri üzrə onların müşahidə şuraları (direktorlar şuraları), digər kommersiya hüquqi şəxsləri üzrə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həmin kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən təsdiq edilir.
3.11. Bu Qanunun 3.2.9-cu maddəsində nəzərdə tutulan müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 96 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası