“Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” adlı forum keçirilib

2024-cü il yanvarın 13-də Bakıda Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forum keçirilib. Açılış sessiyasında çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildiriblər ki, ötən 20 ildə aparılan dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutu böyük inkişaf yolu keçib, onun təsirliliyi artıb, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiya güclənib. Ötən dövr ərzində Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb, hazırda 157 auditor təşkilatı və 68 sərbəst auditor bu sahədə xidmət göstərir.

Müzakirələrdə xüsusi vurğulanıb ki, beynəlxalq standartlara uyğun şəffaflığın, hesabatlılığın, maliyyə nəzarətinin və intizamın yaradılması, audit, mühasibat-maliyyə və qiymətləndirmə sektorunda davamlı təkmilləşdirmə işləri Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların əsas tərkib hissəsi kimi çıxış edir.

​Forumda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri Günay Şahbazova, “LŞ Audit” MMC-nin rəhbəri Fərhəddin Hüseynov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Təhsil Komitəsinin üzvü, Finansist jurnalının baş redaktoru Sevinc Lütfəliyeva, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Direktorlar Şurasının üzvü Nail Həşimov, Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədr müavini, Peşəkar üzvlük Komitəsinin sədri Rəşad Əsgərov, “Caspian Consulting and Partners” MMC-nin direktoru Elnurə Abdinova, “ABAK-Az Crovve LTD” MMC-nin direktoru Zamin Hüseynov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Təlim, tədris və sertifikatlaşdırma departamentinin rəhbəri İbrahim Quliyev, Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, “SR AUDİT SOLUTİONS” MMC-nin direktoru Səftər Vəlizadə, sərbəst auditor Rəna Qəfərova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının peşəkar üzvü, “Resurs Effektivliyi Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Namiq Qurbanov və “Audit Reporting" MMC-nin direktoru Yeganə Məmmədova çıxış ediblər. Forumda qeyd olunub ki, ölkənin yeni dövrdə qlobal və regional müstəvidə məqsədlərinə nail olunması üçün mühasiblər, auditorlar, maliyyəçilər, qiymətləndiricilər daha əzmlə çalışacaqlar.

Sonda  “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” adlı forumun iştirakçıları Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərinə dair bəyanat qəbul ediblər.

Həmin Bəyanatın mətnini sizə təqdim edirik:

Audit, maliyyə menecmenti, qiymətləndirmə sahəsində ixtisaslaşmış assosiasiyaların

BİRGƏ BƏYANATI

Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti hazırda inkişafının yeni tarixi mərhələsinə qədəm qoyub. 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 1 gün ərzində 200 ildir Cənubi Qafqazı təhdid altında saxlayan, neçə-neçə faciələrin başlıca səbəbi olan “erməni məsələsi” həll olundu. Azərbaycanda separatizmin kökü kəsildi. Bu, Azərbaycan xalqının həyatında müasir tariximizin yeni dövrünün başlanmasıdır. Bu mərhələyə çatmaq asan başa gəlməyib. Ötən 20 ildə Prezident İlham Əliyev gündəlik fəaliyyəti, yürütdüyü məqsədyönlü siyasətlə bu mərhələni anbaan yaxınlaşdırıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bu siyasətin təntənəsidir.  Bu gün ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etmiş Azərbaycan dünyada həm beynəlxalq, həm regional, həm daxili siyasət prioritetlərinin düzgün seçilməsinə görə nümunəvi ölkə kimi qəbul olunur. Azərbaycan xalqı ötən 20 ildə bütün Prezident seçkilərində öz gələcəyini yalnız İlham Əliyevə etibar etməklə, növbəti dəfə müdrikliyini nümayiş etdirib. İlham Əliyev haqlı olaraq, milli lider kimi qəbul olunur.

Son 20 ildə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlılığının güclənməsini,  müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin reallaşmasını, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini, insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Ötən dövrdə aparılan ardıcıl dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutu böyük inkişaf yolu keçib, onun təsirliliyi artıb, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiya güclənib.  Ötən dövr ərzində Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb, hazırda 157 auditor təşkilatı və 68 sərbəst auditor bu sahədə xidmət göstərir. Beynəlxalq standartlara uyğun şəffaflığın, hesabatlılığın, maliyyə nəzarətinin və intizamın yaradılması, audit, mühasibat-maliyyə və qiymətləndirmə sektorunda davamlı təkmilləşdirmə işləri Prezident İlham Əliyevin yürütdüyü iqtisadi islahatların əsas tərkib hissəsi kimi çıxış edir. Yeni dövrdə qlobal və regional müstəvidə Azərbaycanın hədəfləri qarşıda dayanan məqsədlərə nail olunması üçün bizlərdən – mühasiblərdən, auditorlardan, maliyyəçilərdən, qiymətləndiricilərdən öz işimizə daha məsuliyyətlə yanaşmağı tələb edir. Biz - “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” adlı Forumun iştirakçıları olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının tərəqqisi naminə bundan sonra da var gücümüzlə çalışacağıq.

Azərbaycanı inkişaf etmiş dövlətə çevirməyi hədəfləyən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik! İlham Əliyev qalib xalqın qalib lideridir! Bu siyasət davam etməlidir. Bu, hər bir azərbaycanlı kimi bizim də ümumi arzumuz, qəti və yekdil mövqeyimizdir.

Milli lider İlham Əliyev siyasəti Azərbaycanı yeni qələbələrə aparacaq!

 

İmzalar:

Azərbaycan Respublikasının Auditorlar Palatası                                           

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti

 

Bakı şəhəri, 13 yanvar 2024-cü il

  

  

  

     

  

  

   

MƏTBUAT

İCTİMAİ TV

 

AZƏRTAC 

ATV

 

AZƏRTAC

AZƏRTAC

XƏZƏR XƏBƏR

İKi SAHİL QƏZETİ

REPORT.AZ

REPORT.AZ

REPORT.AZ

APA,AZ

VETENİM.İNFO

AZERFORUM.COM

AKTUALİNFO.ORG

FAR.AZ