“Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Mərasimdə Auditorlar Palatası və Qiymətləndiricilər Cəmiyyətinin nümayəndələri, audit və qiymətləndirmə şirkətlərinin rəhbərləri, KOBİA təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İcra Aparatının rəhbəri Azər Niftiyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Auditorlar Palatasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, müqavilədə qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov tədbir iştirakçılarına sədr Orxan Məmmədovun salamlarını çatdırıb. O, qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sektorları təmsil edirlər. S.Hümbətov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov KOBİA-nın rəhbərliyinə verdikləri dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. O bildirib ki, Auditorlar Palatası ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. Müqavilənin mahiyyətindən bəhs edən V.Novruzov auditorlar və qiymətləndiricilər arasında əməkldaşlığın artırılmasını dövrün tələbi kimi qiymətləndirib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının labüd olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA-nın xüsusi xidməti olub. Buna görə, KOBİA-nın sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən V.Orucun Əməkdaşlıq Müqaviləsində qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını vurğulayıb, şəffaflığın təmin olunması, faydalı və qarşılıqlı əlaqələrin artırılması baxımından bu müqavilənin mühüm əhəmiyyəti olduğunu söyləyib.
Daha sonra Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləni ARAP və AQC sədrləri Vahd Novruzov və Vüqar Oruc imzalayıblar.
Qalareya