2023-cü ilin 12 dekabr tarixində “Auditorun şəxsi kabineti sistemində tətbiq edilmiş yeniliklər” və “Audit sistemində minimum hədlərin hesablanmasına dair onlayn kalkulyator sisteminin tətbiqi” mövzularında onlayn seminar (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditorun şəxsi kabineti sistemində tətbiq edilmiş yeniliklər” haqqında geniş məlumat verdi.
Q.Bayramov bildirdi ki, Auditorlar Palatası tərəfindən “Auditorun Şəxsi Kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında” Təlimat hazırlanmış və Palata Şurasının 2023-cü il 13 aprel tarixli 355/4 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təlimat aşağıdakı 13 maddədən ibarətdir:
Maddə 1. Məqsəd
Maddə 2. Əhatə dairəsi
Maddə 3. Hüquqi əsas
Maddə 4. Anlayışlar
Maddə 5. Proqram təminatının tərkibi
Maddə 6. Proqram təminatına daxil olmaq və istifadə etmək məcburiyyəti
Maddə 7. Müqavilələrin Palataya bildirilmə müddətləri
Maddə 8. Müqavilələrin və rəylərin qeydiyyatdan keçməsi qaydasl
Maddə 9. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən təqdim edilən yarımillik (illik) hesabatların yazılı formatda hazırlanması və təqdim edilməsi
Maddə 10. Peşə mənsubunun/üzvünün müqavilələrini proqram təminatı ilə məlumatlandırmamasının və ya əskik məlumatlandırmasının nəticələri
Maddə 11. Məxfilik
Maddə 12. Qüvvəyə minmə
Maddə 13. Nəzarət
“Auditorun Şəxsi Kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında Təlimat”ın məqsədi, peşə mənsubunun/üzvünün sifarişçi ilə bağladığı müqavilələrin yazılı və elektron formada olmasından, minimum hədlərə riayət olunmasından və bunun nəticəsində onun ödənişsiz və ya minimum həddən aşağı işlərin görülməsinin qarşısının alınmasından ibarətdir.
Məcburi xarakterli metodik göstərişlər və qaydalar, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş peşə mənsublarının/üzvlərinin malik olduqları səlahiyyətlərə uyğun olaraq peşə fəaliyyətləri ilə əlaqədar işlədikləri fiziki və ya hüquqi şəxslərlə məcburi yazılı şəkildə tərtib olunan müqavilələr Palata tərəfindən hazırlanmış proqram təminatını əhatə edir.
Proqram təminatından istifadə qaydaları aşağıdakı 4 alt bölmədən ibarətdir:
1.Proqram təminatında qeydiyyat
2. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən bağlanılmış müqavilələrin və rəylərin qeydiyyatı
3. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən təqdim olunan yarımillik (illik) hesabatların təsdiq edilməsi
4. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən statistik hesabatların təqdim edilməsi
Təlimatın ayrı-ayrı maddələrini və “Auditorun Şəxsi Kabineti” sistemində edilmiş bir sıra yenilikləri geniş şərh etmək üçün sözü Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədova verdi.
Q.Əhmədov Təlimatın bütün maddələrini ətraflı şərh etdi və sonra isə Auditorun şəxsi kabineti sistemində tətbiq edilmiş aşağıdakı yeniliklər barədə məlumat verdi:
1) Auditorların bağladığı müqavilələrin Dövlət satınalmalarına aid olub-olmadığı;
2) Yeni yaradılmış “Diaqramla göstər”, “Təhlil et”, “Xidmətlər üzrə təhlil” və “Təşkilatlar üzrə təhlil” bölmələri;
3) Sistemə daxil edilən müqavilələr üzrə “Ümümi məbləğ ƏDV daxil” bölməsinin “Ümümi məbləğ ƏDV-siz” bölməsi ilə əvəz edilməsi;
4) “ƏL/TMM dair materiallar” bölməsinin yaradılması və müvafiq qanunvericiliyə uyğun olaraq orada yerləşdirilən materiallar;
5) “Minimum hədlər üzrə kalkulyator” sisteminin tətbiqi və Auditorun şəxsi kabineti sisteminə inteqrasiya edilməsi.
Daha sonra Q.Bayramov “Audit sistemində minimum hədlərin hesablanmasına dair onlayn kalkulyator sisteminin tətbiqi” mövzusunda seminar haqqında geniş məlumat verdi.
Q.Bayramov bildirdi ki, Auditorlar Palatası sədrinin “Audit sistemində minimum hədlərin hesablanmasına dair onlayn kalkulyator sisteminin yaradılması barədə” 2023-cü il 4 noyabr tarixli 1/24 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə “Onlayn kalkulyatorun yaradılması üzrə texniki tapşırıq” hazırlanaraq bəyənilmişdir.
Müasir dövrün çağırışlarını, dünyada rəqəmsallaşma sahəsində baş verən hadisələri, 2022-ci il ərzində keçirilən sorğuların nəticələrini və 2022-2023-cü illər ərzində Palata tərəfindən haqsız rəqabətin aradan qaldırılması istiqamətində görülmüş işləri və Auditorlar Palatasının 2023-cü il üzrə iş planının 2.6-cı “Auditorlar Palatasının saytında auditin dəyərini hesablamaq üçün onlayn kalkulyatorun yaradılması və tətbiqi” bəndini nəzərə alaraq, Auditorlar Palatasının saytında auditin dəyərini hesablamaq üçün onlayn kalkulyatorun yaradılması zəruri hesab edilmişdir. Həmin bölmə Palatanın saytında olan “Karyera imkanları” bölməsinin yerinə “Minimum hədd üzrə kalkulyator” bölməsi adı altında, “Karyera imkanları” bölməsi isə yuxarı hissədə “Xarici Audit Təcrübəsindən Nümunələr” bölməsi ilə “Əlaqə” bölməsi arasında yerləşdirilmişdir.
Daha sonra Q.Bayramov sözü Q.Əhmədova verdi. Məruzəçi mövzu ətrafında ətraflı çıxış edərək bildirdi ki, kalkulyator özündə aşağıdakıları ehtiva edir:
1) Auditorların göstərdiyi xidmətlərin növünü;
2) Sifarişçi subyektin təşkilati-hüquqi formasını;
3) Dövlət satınalamasına aid olub-olmamağını;
4) Hesablanan qiymətlərin ƏDV-siz olmasının qeyd olunmasını;
5) Minimum həddin hesablanması bölməsini.
Texniki tapşırıqda göstəriləcək auditor xidmətlərinin 12 növü öz əksini tapmışdır. Bunlardan 5-i üzrə hesablama vardır, 7-si üzrə isə hesablama yoxdur.
Həmçinin, texniki tapşırıqda 15 iqtisadi subyektin təşkilati-hüquqi forması, dövlət satınalması barədə məlumat., təşkilatın dövriyyəsi, təxmin olunan minimum hədd qeyd edilmişdir.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 62 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası