Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək və beynəlxalq təcrübədən daha səmərəli bəhrələnmək məqsədilə 2023-cü il dekabrın 1-də Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qonaqları salamlayıb və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti cənab Əli Lətifi və rəhbərlik etdiyi nümayəndə heyətini ölkədə görməkdən məmnunluğunu bildirib.
Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Palatanın fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılmış, auditor kadrlarının hazırlanması, normativ metodiki bazanın yaradılması, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülmüşdür. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası və Avropa Mühasiblər və Auditorlar Federasiyası kimi nüfuzlu təşkilatlarda ölkəmizi layiqincə təmsil edir.
Daha sonra Vahid Novruzov qeyd edib ki, hər iki qurum arasındakı əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, dövlət və qeyri-dövlət nəzarətinin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkanlar yaradacaqdır.
Bu sahədə Pakistanın böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz ölkə iqtisadiyyatında şəffaflığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və qeyri - dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, rəqəmsallaşmanı geniş tətbiq etmək istəyirik.
Ümidvaram ki, Pakistanlı həmkarlarımız da auditin innovativ inkişafı, kölgə iqtisadiyyatına qarşı mübarizə və auditdə rəqəmsallaşmanın tətbiqi sahəsində bizim əldə etdiyimiz nəticələrdən bəhrələnə biləcəklər.
Sonra növbəti giriş sözü ilə çıxış edən Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Əli Lətif yüksək qonaqpərvərliyə görə Palatanın rəhbərliyinə öz təşəkkürünü bildirib və qurumlar arasındakı əməkdaşılığın tərəflərin fəaliyyət göstərdiyi ərazilərdə mühasiblərin, auditorların və digər bu kimi peşə sahiblərinin inkişafında, təşkilatların üzvlərinin peşə səviyyəsinin yüksəldilməsində, tərəflərin mütəxəssisləri arasında işgüzar əlaqələrin yaradılmasında böyük rol oynayacağını vurğulayıb.
Eyni zamanda Əli Lətif Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib və qeyd edib ki, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında bundan sonra əlaqələr daha sıx şəkildə olacaq və qurumlarımız arasında istər audit, istərsə də mühasibatlıq sahəsində təcrübə mübadiləsi aparılacaq.
Açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Anar Məmmədov, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini müvəqqəti icra edən Sara Ljaz, Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idarə heyətinin sədri Azər Əkbərov, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun Təhsil, kadr hazırlığı, üzvlük və əməkdaşlıq məsələləri üzrə icraçı direktoru Omar Camal, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov, Auditorlar Palatası Şurasının üzvü, “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycan Respublikasındakı filialının İdarəedici partnyoru İlqar Vəliyev Azərbaycan və Pakistan auditinin mövcud problemləri, onların həlli yolları, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri üzrə ətraflı müzakirələr və geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbir peşəkar müzakirə ilə başa çatıb.
MƏTBUAT
AZTV
Qalareya