Bakı, 7 noyabr, AZƏRTAC
Auditorlar Palatasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Palatadan bildirilib.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qeyd edib ki, şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin olunmasına nail oldu. Böyük Şanlı Qələbənin şərəfinə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
O, qeyd edib ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi və Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Xankəndi, Xocalı, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı.
V.Novruzov Vətən savaşında – II Qarabağ müharibəsində qazanılmış Zəfərin ölkəmizin çoxəsirlik tarixinin nadir hadisəsi olduğunu diqqətə çatdırıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfər xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi mübarizə yolunun böyük cəsarət və siyasi uzaqgörənliklə tarixi uğurla nəticələnən davamı və inkişaf etdirilməsinin bariz nümunəsidir. Şanlı Qələbənin ardınca Qarabağa və ətraf bölgələrə Böyük Qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Prezident İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların-toponimlərin əsl azərbaycanlı adlarının bərpası istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir.
Vurğulanıb ki, Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır. Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan və Cəbrayıl şəhərlərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır.
V.Novruzov bildirib ki, II Qarabağ müharibəsində Auditorlar Palatasının əməkdaşları və üzvlərinin övladları da iştirak edib və böyük şücaətlər göstəriblər. Bu qələbəni bizlərə yaşadan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzdur.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilib və Zəfər Gününə həsr olunmuş videofilm nümayiş etdirilib.
Çıxış edənlər dövlətimizin başçısının sarsılmaz qətiyyəti, yüksək rəhbərlik məharəti, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində və antiterror əməliyyatında heyrətamiz qələbəsi, eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbədən sonrakı günlərdə Qarabağda Böyük Qayıdış proqramının icrası istiqamətində apardığı məqsədyönlü fəaliyyəti haqqında dəyərli fikirlər səsləndiriblər.