Auditorlar Palatasında 8 noyabr “ZƏFƏR Günü”nə həsr olunmuş tədbir keçirilib

2023-cü il 6 noyabr tarixində Auditorlar Palatasında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq bildirib ki, şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını  30 ilə yaxın davam edən işğaldan azad etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin olunmasına nail oldu. Böyük Şanlı Qələbənin şərəfinə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən bəhs edərək bildirib ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi və Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən olan Xankəndində, Xocalıda, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı.

Vətən savaşında –  II Qarabağ müharibəsində qazanılmış Zəfərin ölkəmizin çoxəsirlik tarixinin nadir hadisəsi olduğunu diqqətə çatdırıb. V.Novruzov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfər xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi mübarizə yolunun böyük cəsarət və siyasi uzaqgörənliklə tarixi uğurla nəticələnən davamı və inkişaf etdirilməsinin bariz nümunəsidir. V.Novruzov bildirib ki, Şanlı Qələbənin ardınca Qarabağa və ətraf bölgələrə Böyük Qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Prezident cənab İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların-toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü  təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır. Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan və Cəbrayıl şəhərlərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır.                                                                                                              

V.Novruzov vurğulayıb ki, II Qarabağ müharibəsində Auditorlar Palatasının əməkdaşları və üzvlərinin övladları da iştirak edib və böyük şücaətlər göstəriblər. Onlardan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimovun oğlu baş leytenant Kamil Rəhimov şəhid olmuşdur və ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Eyni zamanda, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun oğlu Peyman Gülməmmədov da II Qarabağ müharibəsində iştirak edib və ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, ”Vətən müharibəsi iştirakçısı” medalları ilə tətif edilib. Auditorlar Palatasının üzvü Nazim Axundovun oğlu tibb xidməti leytnantı Murad Axundov da həmçinin, II Qarabağ müharibəsində iştirak etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Laçının azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Sonda V.Novruzov bildirib ki, bu qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə göndərildi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!

Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək, Azərbaycan himni səsləndirilib və tədbir “Zəfər” gününə həsr olunmuş videofilmin nümayişi ilə davam etdirilib.

Tədbirdə Palata sədrinin müavini Fəxrəddin İsmayılov, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov Ağsaqqallar Şurasının sədri, sərbəst auditor Çingiz Abbasov, “Azel-Audit” MMC-nin direktoru Elzadə Süleymanova, Sərbəst auditor Nazim Axundov, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova  və digərləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyəti, yüksək rəhbərlik məharəti, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində və Antiterror əməliyyatında heyrətamiz qələbəsi, eyni zamanda möhtərəm Prezidentimizin qələbədən sonrakı günlərdə Qarabağda Böyük Qayıdış proqramının icrası istiqamətində apardığı məqsədyönlü fəaliyyəti haqqında dəyərli fikirlər səsləndiriblər.