Müstəqil auditor Rəna Qəfərova : Özəl tibb fəaliyyəti sahəsində auditor anlayışı nədir? - FED.AZ

FED.AZ  02 noyabr 2023-cü il 

Özəl tibb fəaliyyəti sahəsində auditor anlayışı nədir? Nəyə görə auditorun olması lazımdır? Nə üçün bu sahədə fəaliyyət göstərənlər auditorlara müraciət etməlidirlər? Bu barədə necə müraciət edilməlidir? Uçot nədən başlayır?

FED.az xəbər verir ki, bu suallara Auditorlar Palatasının müstəqil auditoru Rəna Qəfərova cavab verərək mövcud qanunu xatırladıb.

"Özəl tibb fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi başa düşülür:

"Hər bir fəaliyyəti həyata keçirən qanunla müəyyən edilmiş subyektlər dairəsi vardır. Bəhs olunan qanunda da bu fəaliyyətin subyektləri kimi tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər nəzərdə tutulmuşdur. Bu sahədə fəaliyyət lisenziyalaşdırılır. Və bu onun yeganə xüsusiyyəti deyil. Tibdə mühasibat uçotunun öz xüsusiyyətləri var. Bu, eynilə vergitutmaya, vergilərin hesablanmasına da aiddir".

R.Qəfərova qeyd etdi ki, tibbdə uçotun təşkilinə və aparılmasına xüsusi diqqət yetirilir. Bu, obyektiv zərurətdən irəli gəlir. Yanlış uçot təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri barədə məlumatların ciddi şəkildə təhrif edilməsi, dərman və avadanlıqların daxil olmasının qanuniliyini təsdiqləmək imkanının olmaması ilə nəticələnə bilər: 

"Göstərilən pozuntular – tibbi xidmətlərin göstərilməsi üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün kifayət qədər əsaslı səbəbdir. Hazırda özəl tibb fəaliyyəti üçün lisenziyaların Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tabeliyində olan KOB evləri, “Lisenziyalar və icazələr” portalı və “ASAN xidmət” mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə ərizələr ilə müraciət edilə bilər".

Sərfiyyat materiallarının və dərmanların uçotunun nüansları barəsində da danışan auditor bildirdi ki, uçot nəzəriyyəsindən təcrübəyə keçdikdə, dərman preparatlarının, qeyri-dərman vasitələrinin, sərfiyyat materiallarının daxil olması, sərf edilməsi, hesabdan silinməsi üçün düzgün rəsmiləşdirmənin vacibliyini qeyd etmək lazımdır.

Özəl tibb müəssisəsinin fəaliyyəti üçün hansı şərtlər lazımdır sualına isə ekspert vurğulayıb ki, özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. 

"Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə hər 5 (beş) ildən bir aparılır. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir. Bundan əlavə özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və hər 5 (beş) ildən bir sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin 5 (beş) il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin isə praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir".

R.Qəfərova özəl tibb fəaliyyəti sahəsində vergitutmanın xüsusiyyətləri haqqında da məlumat verib:

"Vergi ödəyiciləri sahibkarlıq subyektinin statusundan (hüquqi və ya fiziki şəxs) və dövriyyəsindən asılı olaraq hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin gəlir vergisinin, əlavə dəyər vergisinin ödəyicisi olurlar. Bu fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növü olduğu üçün Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən onların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Yəni başqa sözlə desək, özəl tibb fəaliyyəti ilə məşğul olan şəxslərin illik dövriyyəsi iki yüz manatadək olsa belə, onlar sadələşdirilmiş vergi rejimini tətbiq edə bilməzlər. Əgər bu şəxslər əlavə dəyər vergisinin ödəyiciləri olmaq istəmirlərsə və illik dövriyyələri iki yüz min manatdan azdırsa, onda hüquqi şəxslər mənfəət, fiziki şəxslər isə gəlir vergisinin ödəyicisi olmalıdırlar".

Özəl tibb fəaliyyəti ilə bağlı vergitutmada hansı azadolma və güzəştlər haqqında da danışan müstəqil auditor xatırlatdıb ki, Vergi Məcəlləsinin 199.4.4-cü maddəsinə əsasən tibb sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin və fərdi sahibkarın yalnız bu sahənin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitləri əmlak vergisindən azaddır.

"Bundan əlavə məcəllənin 164.1.51-ci maddəsinə əsasən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisindən azaddır".

Sonda R.Qəfərova klinika rəhbərlərinə tövsiyə etdi ki, məcburi şəkildə auditor yoxlamalarını aparmaq vacibdir:

"Çünki vergi risklərini azaltmaq və xərclərə nəzarət üçün bu məsələ əhəmiyyətlidir". 

Rəna Qəfərova

Müstəqil auditor

Əlaqə nömrəsi: (+99455) 252 05 50

Email: rainagafarova@gmail.com