Azərbaycan Respublikasının Auditorlar Palatasında 2023-cü ilin 25 oktyabr tarixində “Sosial auditin aparılmasına dair metodik vəsaitin hazırlanması”na həsr edilmiş onlayn formatda “Dəyirmi masa” (moderator – Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə və sərbəst auditor Nazim Axundov) təşkil edilib.
Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Sosial auditin aparılmasına dair metodik vəsait” haqqında bəhs edib.
Q.Bayramov bildirib ki “Sosial auditin aparılmasına dair metodik vəsaitin hazırlanması” “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasında auditor fəaliyyətinin Inkişaf Konsepsiyasından (2021-2030-cu illər) irəli gələn vəzifələrin, Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2022-ci il 24 noyabr tarixli 350/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il üzrə İş planının 1.2.7-ci "Sosial auditə dair sahəvi audit proqramının hazırlanması" maddəsinin icrasını təmin etmək üçün hazırlanmışdır.
Biznesdə sosial audit şirkətin korporativ sosial məsuliyyəti (KSM) və cəmiyyətə təsiri ilə bağlı prosedur və səylərinin düzgün qiymətləndirilməsi (və ya auditi) kimi müəyyən edilir. Bu, korporasiyanın sosial məsuliyyət məqsədlərinə və ya ölçülərinə nə dərəcədə nail olmasının qiymətləndirilməsidir. İdeal olaraq, şirkətlər gəlirlilik və sosial məsuliyyət arasında balans tapmağa çalışırlar.
Sosial audit seçilmiş biznesin cəmiyyətə necə təsir etməsinin müəyyən olunmasıdır. Sosial audit şirkətlərə məqsədlərinə, o cümlədən ölçülə bilən məqsədlər və meyarlara müvafiqliyə nail olub-olmadıqlarını başa düşməyə kömək edir. Sosial audit - bu sahədə görülən tədbirlərin biznesə müsbət və ya mənfi təsirini müəyyən etmək üçündür.
Sosial auditin məqsədi ayrı-ayrı vəzifəli şəxslərdə çatışmazlıqları tapmaq deyil, şirkətin sosial, ekoloji və ictimai məqsədləri baxımından fəaliyyətini qiymətləndirməkdir.
Sosial audit aşağıdakı ardıcıllıqla aparılmalıdır:
1. Auditin həcminin müəyyən edilməsi
2: Audit komandasının seçilməsi
3. Əsas məsələlərin müəyyənləşdirilməsi
4. Əməliyyatların və hesabatların yoxlanılması
5. Hesabatın tərtib edilməsi və yoxlanılması
6. Hesabatın təqdim edilməsi.
Metodik vəsaitdə sosial auditin aşağıdakı 6 forması verilmişdir:
1. İqtisadi audit
2. Ətraf mühitin mühafizəsi ilə bağlı sosial tədbirlərin auditi
3. Sosial Risk Auditi
4: İcma Auditi
5. İnsan hüquqlarının mühafizəsi ilə bağlı tədbirlərin auditi
6. Müqavilə auditi.
Daha sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə və sərbəst auditor Nazim Axundov “Sosial auditin aparılmasına dair metodik vəsait”dən bəhs edərək sosial auditin aparılmasının zəruriliyi, sosial auditin məqsədi, sosial auditin vəzifələri, sosial auditin xüsusiyyətləri, sosial auditin formaları, sosial auditiin aparılması, sosial audit zamanı tətbiq oluna bilən standartlar haqqında geniş məruzə ilə çıxış etdilər.
Məruruzəçilər bildirdilər ki, sosial auditin vəzifələrinə aşağıdakılar daxildir:
Sosial audit aşağıdakı ardıcıllıqla aparılmalıdır:
1. Auditin həcminin müəyyən edilməsi
Sosial audit eyni zamanda müxtəlif şöbələrin və fəaliyyətlərin yoxlanılmasından ibarətdir. Buna görə də, auditor üçün sərhədlər müəyyən etmək vacibdir. Bu o deməkdir ki, audit prosesi zamanı nəyin və necə yoxlanılması barədə qərar verilməlidir.;
Sosial auditin keçirilməsinin məqsədi metodu həyata keçirmək üçün tətbiq edilən metodu, əsas xidmətlərin keyfiyyətini və yaradılan infrastrukturu araşdırmaq, habelə görülən sağlamlıq və təhlükəsizlik tədbirlərini qiymətləndirməkdir.
2: Audit komandasının seçilməsi.
Növbəti addım - şirkətin rəhbərliyinin və ya maraqlı tərəfləin iradəsindən asılı olmayaraq kimlərin audit prosesinə cəlb ediləcəyinə dair qərar verməkdir. Eyni zamanda müəyyənləşdirilməlidir ki, həmin şəxslər prosesə nə dərəcədə cəlb olunacaq, onlarla hansı intensivlikdə əlaqə saxlanılacaq və hansı məlumat kimlərlə paylaşılacaq.
3. Əsas məsələlərin müəyyənləşdirilməsi
Bu mərhələdə sosial audit prosesinin bir hissəsi kimi təhlil edilməli və həll edilməli olan əsas məsələlərin müəyyən edilməsidir. Cari məsələ ilə bağlı hansı məlumatların toplanacağı və məlumat toplamaq üçün hansı üsulların seçilməli olduğu müəyyənləşdirilməlidir.
4. Əməliyyatların və hesabatların yoxlanılması
Bu mərhələdə auditor sosial sahədə fəaliyyətə aid bütün məlumatları, o cümlədən kəmiyyət və məbləğ göstəricilərini, statistik məlumatları, hesabat maddələrini yoxlamalıdır. Auditor yuxarıda göstərilənlər barədə məlumatları müəssisədə tərtib olunan ilkin sənədlərdən, aparılan reyestrlərdən, statistik məlumatlardan, protokollardan, işgüzar yazışmalardan və digər mənbələrdən, başqa mənbələr mövcud və ya yetərli olmadığı hallarda isə rəhbərliyin arayışlarından (əminlik olduğu halda) əldə edə bilər. Bu məlumatlar sosial hesabatdakı müvafiq göstəricilərlə müqayisə edilir və kənarlaşma olub-olmadığı müəyyənləşdirilməlidir. Eyni zamanda sosial sahəyə aid olan alış, qəbul-təhvil aktları, kağız və elektron qaimələr, aidiyyəti qurumların hesabatları və yazışmaları və sair sənədlərlə müqayisə etməli və hesabat göstəricilərinin dürüstlüyünə əmin olmalıdır.
5. Hesabatın tərtib edilməsi və yoxlanılması
Növbəti mərhələdə sosial auditin nəticələrinə dair hesabat tərtib edilməlidir. Sosial audit hesabatları dərc oluna və ya dərc olunmaya bilər. Buna görə hesabatı nəzərdən keçirmək və vacib vəzifələri yerinə yetirmək üsulunu fiziki olaraq yoxlamaq vacibdir. Nəzərə alınmalıdır ki, sosial audit hesabatında kiçik bir səhv tam hesabatın düzgünlüyünə mənfi təsir göstərə bilər.
5. Hesabatın təqdim edilməsi
Sosial auditin keçirilməsində əsas məqsəd şirkətin sosial fəaliyyəti haqqında hesabat təqdim etməkdir. Hesabat rəhbərliyə və ya səhmdarlara, bəzən isə ictimaiyyətə açıq şəkildə təqdim edilir. Bununla belə, şirkət hesabatları açıq şəkildə paylaşmaq və ya paylaşmamaq barədə müstəqil qərar qəbul etmək hüququna malik olur.
Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov “Dəyirmi masa”da geniş müzakirə ilə çıxış edərək dəyərli təkliflər irəli sürdülər.
“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 28 nəfər “Dəyirmi masa”nın üzvləri və Palatanın əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Auditorlar Palatası