Vahid Novruzov: Milli Fəaliyyət Planında Auditorlar Palatasına çox mühüm vəzifələrin icrası həvalə olunub - AZƏRTAC

Bakı, 27 oktyabr, AZƏRTAC

Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 27-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda keçirilən elmi-praktik konfransda Auditorlar Palatasının sədri professor Vahid Novruzov deyib.

O bildirib ki, dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

V.Novruzov qeyd edib ki, Milli Fəaliyyət Planında digər nəzarət orqanları ilə birlikdə Auditorlar Palatasına da çox mühüm vəzifələrin icrası həvalə olunub. Belə ki, Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı “Tədbirlər”in 10-a qədər bəndində həlli vacib vəzifələrin həyata keçirilməsi qarşımızda durur: "Hazırda Auditorlar Palatasının kollektivi və üzvləri bu mühüm vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədirlər ki, bu da dövlətimizin başçısının ölkə auditorlarının fəaliyyətinə verdiyi yüksək dəyərə layiq olmaq zərurətindən irəli gəlir", - deyə Auditorlar Palatasının sədri vurğulayıb.