Bakı, 27 oktyabr, AZƏRTAC
Dünyada iqtisadiyyatın inkişafı yolunda bir sıra problemlər hələ də qalmaqdadır ki, bunlardan da biri cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə hallarının mövcudluğudur. AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 27-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda keçirilən elmi-praktik konfransda Auditorlar Palatasının sədri professor Vahid Novruzov bildirib.O qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir. Milli Fəaliyyət Planı öz əhatəliliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla bərabər, cəmiyyətimiz üçün həyati vacib olan dörd istiqaməti özündə ehtiva edir:
Birincisi, ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi;
İkincisi, bu sahədə müxtəlif iştirakçılar - məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması;
Üçüncüsü, ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması;
Dördüncüsü, nəzərdə tutulan tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şəraitin yaradılması.
Milli Fəaliyyət Planında nəzarət orqanlarının rolu və vəzifələri, məsuliyyət və öhdəliklərinə dair önəmli müddəalar da öz əksini tapıb. Konfransda müvafiq qurumların nümayəndələrinin iştirakı ilə bu məqsədlərə daha səmərəli şəkildə çatmağın yolları araşdırılacaq.
V.Novruzov, həmçinin Milli Fəaliyyət Planının bir tərəfdən dövlət nəzarət qurumlarının öz aralarında, digər tərəfdən isə dövlət və qeyri–dövlət nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırdığını söyləyib. Qeyd edib ki, həllini gözləyən aktual problemlərdən biri də aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə olunması əsasında təyin edilməsinin təşkili problemidir. Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaradıb.
Auditorlar Palatasının sədri konfransda səsləndirilən fikirlərin əsasında hazırlanacaq tövsiyələrin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının vəzifələrinin daha da ciddi yerinə yetirilməsinə öz müsbət töhfəsini verəcəyini vurğulayıb.